Oliqarxların banklarının xalqı necə soyduğuna dair sensasion rəqəmlər
Oliqarxların banklarının xalqı necə soyduğuna dair sensasion rəqəmlər

Hansı məmurun bankında kredit faizləri daha yüksəkdir?

Bu ilin əvvəlindən Azərbaycanda kreditlərin faiz dərəcələrinin azaldılması üçün atılan addımlar hələlik gözlənilən nəticəni verməyib. Belə ki, ölkə banklarının xüsusilə əhalinin geniş təbəqələri üçün təqdim etdiyi istehlak kreditlərinin faizləri əvvəlki kimi çox yüksəkdir.

Üstəlik, banklar bu faizlərdən başqa, kredit müştərilərindən yüksək komission haqları da tələb edirlər. Belə vəziyətdə kredit götürmək üçün sərfəli bank tapmaq çətindir.
"Unikal"ın araşdırması zamanı məlum olub ki, "Accessbank"da illik faiz dərəcəsi 25-29%, komisyon haqqı 2-4,5%-dir. Dövlət işində çalışanlara, "Accessbank"da və yaxud digər banklarda müsbət tarixçəyə malik olanlara kredit aşağı faizlə ayrılır. Komisyon haqqı 2000 manata qədər 4,5%, 4000 min manata qədər 3,5%, 4000 manatdan çox kredit üzrə 2%-dir.
"AFB Bank"da illik faiz dərəcəsi 17-24%, komisyon haqqı 3% + 1% bankomat xərci + MKR xərcidir (adambaşına 3 manat). Kredit maksimum 3 illik müddətə verilir. Dövlət işində çalışanlar və müsbət tarixçəyə malik təkrar müştərilər üçün illik faiz dərəcəsi müddətdən asılı olaraq 15-16-17%, digər müştərilər üçün isə 20-22-24%-dir.
"Amrahbank"da illik faiz dərəcəsi 36-33%, komisyon haqqı 3-4,5% + sığorta haqqıdır. Kredit maksimum 3 illik müddətə ayrılır. Dövlət və özəl müəssislərin işçiləri üçün illik faiz dərəcəsi tutduğu vəzifədən asılı olaraq 26-30%, ayrıca olaraq təhsil və səhiyyə sahələrində çalışanlar üçün 26%, təqaüdçülər üçün isə 33%-dir. Komisyon haqqı dövlət işçiləri üçün müddətdən asılı olaraq 4-4,5%, təhsil və səhiyyə işçiləri üçün 3%, digər müştərilər üçün isə 3-4,5%-dir.
"Atrabank"da illik faiz dərəcəsi 30%, komisyon haqqı 3%-dir. Bankın ilk müştərilərinin götürdüyü kreditin məbləği 1000 manata qədər olduqda, komisyon haqqından əlavə 25 manat da hesab açılması üçün ödənilməlidir.
"Azərbaycan Kredit bankı"nda 28-34%, komisyon haqqı 2%-dir. Kredit maksimum 1,5 ilə ayrılır. Təkrar müştərilər və maliyyə sektorunda çalışanlar üçün kreditin illik faiz dərəcəsi 28-32%, digər müştərilər üçün isə 30-34%-dir.
"AGBank"da illik faiz dərəcəsi 26-36%, komisyon haqqı 4,6-8,6%-dir. Kredit maksimum 3 illik müddətə ayrılır. Kreditin illik faiz dərəcəsi müştərinin tarixçəsindən və iş yerindən asılı olaraq fərdi qaydada müəyyən olunur. Komisyon haqqı 1 ilə 4,6%, 2 ilə 6,6%, 3 ilə isə 8,6%-dir.
"Azər-Türk Bank"da illik faiz dərəcəsi 18-23%, 1-2% + sığorta haqqı + MKR xərcidir (3 manat). Kredit maksimum 3 illik müddətə ayrılır. Bankla tərəfdaş müəssisələrin işçiləri üçün illik faiz dərəcəsi müddətdən asılı olaraq 18-19-20%, digər müştərilər üçün 20-22-23%-dir. Komisyon haqqı müddətdən asılı olaraq kreditin məbləğinin 1-1,5-2%-i qədərdir.
"Bank of Baku"da illik kredit dərəcəsi 23-32%, komisyon haqqı 5-8,5%-dir. Kredit maksimum 3 illik müddətə ayrılır. Komisyon haqqı 1 ilə 5%, 2 iə 7%, 3 ilə 8,5%-dir. Bankın müsbət tarixçəyə malik müştəriləri üçün kredit illik 23%-lə, digər müştərilər üçün isə iş yerindən asılı olaraq 28-32%-lə verilir.
"Bank BTB"-də illik kredit dərəcəsi 28-36%, komisyon haqqı 4-8% + 5 manatdır. Kredit maksimum 3 illik müddətə ayrılır. Kreditin illik faiz dərəcəsi dövlət işçiləri üçün 30%, metro işçiləri üçün 28%, özəl müəssisələrin işçiləri üçün 32%, təqaüdçülər üçün 36%, təhsil və səhiyyə işçiləri üçün isə 30-32%-dir. Komisyon haqqı 1 ilə 4%, 2 ilə 6%, 3 ilə isə 8%-dir.
"Bank Standard"-da illik kredit dərəcəsi 20-25%, komisyon haqqı 3-4%-dir. Kredit maksimum 3 illik müddətə ayrılır. Komisyon haqqı 5000 manata qədər 4%, 5 min manatdan çox kreditlər üzrə 3%-dir. Kreditin illik faiz dərəcəsi müştərinin iş yerindən və tarixçəsindən asılı olaraq müəyyən edilir.
"Dəmirbank"da illik kredit dərəcəsi 24-34%, komisyon haqqı 2% + sığorta haqqıdır. Kredit maksimum 3 illik müddətə ayrılır. Bankla tərəfdaş müəssisələrin işçilərinə kredit 24-26%-lə, digər müştərilərə isə 28-34%-lə verilir. Konkret hədd müştərinin tarixçəsindən asılıdır.
"Xalqbank"-da illik kredit dərəcəsi 20-28%, komisyon haqqı 0,6%-dir. Kredit maksimum 4 il müddətinə ayrılır. Kreditin illik faiz dərəcəsi dövlət işçiləri üçün 20-24%, digər müştərilər üçün isə 24-28%-dir. Konkret hədd müştərinin tarixçəsindən və ödəniş qabiliyyətindən asılıdır.
"Rabitəbank"-da illik kredit dərəcəsi 26-28%, komisyon haqqı 4-5%-dir. Kredit maksimum 2 illik müddətə ayrılır. Kreditin illik faiz dərəcəsi yeni müştərilər üçün 28%, təkrar müştərilər üçün 26%-dir. Komisyon haqqı 1 ilə qədər 4%, 1 ildən çox kreditlər üzrə 5%-dir.
"Turanbank"-da illik kredit dərəcəsi 20-29%, komisyon haqqı 4-5%-dir. Kredit maksimum 2,5 illik müddəyə ayrılır. Krediti illik faiz dərəcəsi 1 ilə qədər 20%, 1,5 ilə qədər 23%, 2 ilə qədər 26%, 2,5 ilə qədər 29%-dir. Komisyon haqqı 2 ilə qədər 4%, 2 ildən çox kreditlər üzrə 5%-dir.
Digər banklarda da illik kredit dərəcələri ilə bağlı vəziyyət fərqli deyil. Faiz dərəcələrinin bu qədər yüksək olması isə ictimai rəydə və müstəqil ekspertlər tərəfindən faktiki olaraq soyğunçuluq kimi qiymətləndirilir.
KİV-də zaman-zaman yer alan iddialara görə, ölkədəki bir çox bankların arxasında yüksək vəzifəli çinovniklər dayanır. Onların arasında ARDNŞ prezidenti Rövnəq Abdullayev, nəqliyyat naziri Ziya Məmmədov, AZAL prezidenti Cahangir Əsgərov və digərlərinin adları hallanır.
Hələ bu ilin martında hökumətyönlü millət vəkili Vahid Əhmədov Azərbaycan banklarında kredit faizlərinin dərəcələrinin yüksək olmasını şərh edərkən maraqlı fikir səsləndirib. Vahid Əhmədov bildirib ki, Azərbaycanda fəaliyyət göstərən bankların əksəriyyəti məmurlara məxsusdur. Onun fikrincə, bank faizlərinin yüksək olmasında bu amilin də rolu var.
Bir sözlə, bankların yüksək faizlərindən xalq itirsə də, qazanan bəzi oliqarxlardır. Onlar vətəndaşların soyulması sayəsində öz sərvətlərini günbəgün daha da artırırlar.

Ülviyyə Qasımlı