Dağlıq Qarabağ burulğanı
10:09 06-12-2014
CƏMİYYƏT
Dağlıq Qarabağ burulğanı
Mübariz Əhmədoğlu :"ABŞ səfiri az qla Ermənistanın rəhbərliyində təmsil olunan siyasətçi mövqeyi tutdu".
Son zamanlar Dağlıq Qarabağ problemi beynəlxalq güclərin yenə diqqət mərkəzinə gəlib və verilən ziddiyətli bəyanatlar onu təsdiqləyir ki, prosesin sülh yolu ilə həllinə inam hər gün azalır. Digər tərəfdən Ermənistan tərəfinin cəbhə bölgəsində təxribatlar törətməsi, atəşkəsi məqsədli şəkildə pozmaları da durumu ağırlaşdırır. Çox qəribədir ki, atəşkəsin pozulması ilə bağlı son zamanlar verilən bəyanatlar daha dişsizdir və sanki beynəlxalq güclərdə bir erməni qayğısı yaranıb. Son olaraq Dağlıq Qarabağla bağlı açıqlama Kremldən gəldi.
"Bakı Moskvanın strateji partnyorudur. Azərbaycan Rusiyaya köklənmiş dostdur. İki ölkənin münasibətləri çox yaxşıdır. Bu həm siyasi, həm də iqtisadi sferaya aiddir. Bununla belə, Azərbaycan hələ hansısa bir inteqrasiya birləşmələrinə daxil olmağı planlaşdırmır".
Bunu "Rusiya Dövlət Dumasının Beyəlxalq əlaqələr komitəsinin sədri Aleksey Puşkov Moskva-Bakı əlaqələrini şərh edərkən deyib. Onun sözlərinə görə rəsmi Bakının Rusiyanın iştirak etdiyi inteqrasiya mexanizmlərində (Avrasiya İqtisadi İttifaqı nəzərdə tutulur-red) iştirak etməsi Azərbaycan rəhbərliyinin qərarından asılıdır.
Komitə sədri bildirib ki, Rusiya heç kəsi kənara qoymaq niyyətində deyil. "Bu halda Rusiya-Azərbaycan əlaqələrindəki kimi yaxşı əhval-ruhiyyə kimi müsbət bazanın qalması əhəmiyyətlidir",-deyə Aleksey Puşkov söyləyib.
Moskvanın rəsmi Yerevanla əlaqələri barədə də danışan Dövlət Dumasının komitə rəhbəri Ermənistanın Rusiya üçün ittifaq dövləti olduğunu qeyd edib.
"Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxildir. Həmçinin Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasından söhbət gedir".
Aleksey Puşkov Dağlıq Qarabağ problemindən söz açaraq bildirib ki, bu, postsovet məkanında ən mürəkkəb münaqişələrdən biridir. Onun bildirdiyinə görə Rusiya Azərbaycan və Ermənistan prezidentləri arasında danışıqlar aparılması üçün gücü çatan qədər səy göstərir.
"Moskva donmuş münaqişənin açılması üçün öz nüfuzundan istifadə edir. Rusiyanın indi rolu məhz buna yaxınlaşır. Bu münaqişənin həlli imkanlarının siyasi yolları mümkündür. Moskva problemin siyasi müzakirəsinə maksimal imkanların yaradılması üçün səylərini ortaya qoyacaq. Gücdən istifadəyə isə cəhd etməyəcək". Ekspertlər hesab edir ki, verilən bu bəyanat əslində Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həll olunmadan qalması üçün növbəti bir addımıdır. Ümumilikdə götürəndə isə aydın olur ki, son zamanlar Qərbin, ABŞ-ın və Rusiyanın mövqeləri bu məsələdə üst-üstə düşür və Ermənistana məxsus helikopterin vurulmasından sonrakı bəyanatlarda da bu əksini tapdı. "Unikal"a açıqlama verən politoloq Mübariz Əhmədoğlu hesab edir ki, ABŞ-ın Ermənistandakı səfiri Con Heffernin helikopterin vurulmasından dərhal sonra yaydığı bəyanatlar açıq-aşkar ermənipərəst bir mövqe idi: "ABŞ səfiri az qala Ermənistanın rəhbərliyində təmsil olunan siyasətçi mövqeyi tutdu. ATƏT-in Minsk Qrupunun bəyanatları da elə onun təsiri ilə hazırlanmışdı. ABŞ Dövlət Departamentini bu mövzuda ayaq üstə saxlayan da Heffern olub. O, Ermənistan rəhbərliyinin məqsədinə çatması üçün əlindən gələni edib. Həmin dövrdə diqqətçəkən şübhəli daha iki hadisə var. Helikopter insidenti ilə təxminən eyni vaxtda Ermənistan müdafiə naziri S.Ohanyan nazirliyinin Mərkəzi Klinik hərbi hospitalın reanimasiya şöbəsinə yerləşdirilən iki erməni hərbçisinə baş çəkdi. Bu erməni hərbçisinin yaralanma şəraiti barədə heç bir məlumat verilmədi". Bundan başqa hazırda başqa bir prosesə də start verilib ki, bu məsələ də Azərbaycanın maraqlarına zərbə ola bilər. Belə ki, Qərb və ABŞ Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsini yenidən gündəmə gətiriblər və ekspertlər hesab edir ki, sərhədlərin açılması Ermənistanı düşdüyü böhranlı durumdan çıxardacaq. Çünki on illərdir ki, Azərbaycan Ermənistanı iqtisadi blokada saxlamaqla, transmilli layihələrdən uzaqlaşdırmaqla bu ölkəni dizi üstə çökdürüb. Amma indi sərhədlərin açılması faktiki Ermənistanın dirçəlməsi deməkdir və buna görə Ermənistan Dağlıq Qarabağ məsələsində həyassızlığını daha da artıracaq. Ən qəribəsi isə budur ki, bu günlərdə Türkiyəyə səfər edən Roma papası da sərhədlərin açılması təşəbbüsü ilə çıxış etdi. Bu isə məsələnin nə qədər ciddiliyinə bir işarə ola bilər. Əgər Türkiyə hakimiyyəti prinsipiallıq göstərməsə sərhədlər açılacaq və bununlada Dağlıq Qarabağ probleminin həllinə olan inam itəcək.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15