Milyonlar qazanıb vergi verməyən məmur obyektlərinin adları!
Milyonlar qazanıb vergi verməyən məmur obyektlərinin adları!

Yüksək gəlir əldə etmələrinə baxmayaraq, dövlətə vergi verməkdən imtina edən bir çox iaşə obyektləri var. Hamımıza yaxşı məlumdur ki, restoranlar, otellər eləcə də istirahət mərkəzləri nə qədər gəlir əldə edirlər.
Lakin, Vergilər Nazirliyinin bir neçə gün öncəki açıqlamasına diqqət yetirəndə görürük ki, vergidən yayınların elə əksəriyyəti yuxarıda adlarını çəkdiyimiz obyektlərdir.
Vergidən yayınan şadlıq evlərinin siyahısı:
"Ramin" şadlıq sarayı, "Sahil" şadlıq evi, "Gülüstan" şadlıq evi, "Qızıl Quş" restoranı, "Çinar" restoranı, "Şeş-beş" restoranı, "Dörd Qardaş" restoranı.
Vergidən yayınan otellər: "Empire" mehmanxanası, "Araz" mehmanxası, "Dalğa" mehmanxanası, "Kəpəz" mehmanxanası, "İstanbul Siti" Otel.
Eləcə də bəzi istirahət mərkəzləri var ki, onlar da vergidən yayınırlar.
Məsələn, Xaçmaz rayonunda yerləşən `Nabran` istirahət mərkəzi, Qubada yerləşən "Aynur" istirahət zonası, Salyan rayonundakı `Xəzər` ailəvi istirahət mərkəzi.
Vergilər Nazirliyindən isə bu məsələ ilə bağlı bildiriblər ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 1-ci bəndinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur.
Əksər vergi ödəyiciləri vergilərini müəyyən olunmuş müddətlərdə, müxtəlif səbəblərdən yaranmış vergi borclarını isə mümkün qədər tez ödəməyə çalışsalar da, bəziləri qanunvericiliyin tələblərini pozaraq onların dövlət büdcəsinə vaxtında ödənilməsini təmin etmirlər ki, bu da büdcəyə vergi daxilolmalarına mənfi təsir göstərir. Belə halların aradan qaldırılması üçün Vergilər Nazirliyinin Vergi borclarının alınması işinin təşkili idarəsi tərəfindən aparılan mütəmadi təhlillər əsasında, imkanı olmasına baxmayaraq, vergi borcunu ödəməkdən yayınan vergi ödəyicilərinə qarşı digər qanunamüvafiq tədbirlər görülməklə yanaşı, onların siyahısı həftədə "Vergilər" qəzetində dərc edilir və artan yekunla nazirliyin rəsmi veb-saytında yerləşdirilir. Borcunu ödəyən vergi ödəyicisinin adı siyahıdan çıxarılır.
Adlarının ictimaiyyətə açıqlanmasını və bundan irəli gələ biləcək ciddi problemlərlə üzləşmək istəməyən vergi ödəyiciləri dövlət büdcəsinə borclarının ləğv olunmasını təmin etməlidirlər.
Bəs görəsən, milyonlarla manat gəlir əldə etdikləri halda bir çox restoran və otellərin vergidən yayınmalarının səbəbi nədir? Onları belə qanunsuzluğa nə həvəsləndirir?
Bu barədə mövqeyini soruşduğumuz ekspertlərin əksəriyyəti eyni fikirdədir. Onlar bildirirlər ki, həmin obyektlər bir qayda olaraq müəyyən nüfuzlu məmurların himayəsindədir. "Belə məmurlar onları adətən öz yaxın adamları vasitəsilə idarə edirlər. Yaxud həmin obyekt sahiblərinin hansısa yüksək vəzifəli şəxslə dostluq və tanışlıq münasibətləri olur. Nəticədə özünü "toxunulmaz" hesab edən qazanc mənbələri meydana çıxır. Hesab edilir ki, hər nə qədər qanunsuzluq etsələr də onsuz da onlara "gözün üstə qaşın var" deyən tapılmayacaq" - məsələ ilə bağlı mövqeyini soruşduğumuz ekspertlərdən biri "Unikal" əməkdaşı ilə söhbətində qeyd edib.
Eyni fikiri bölüşən digər ekspertlərin də fikrincə, bəzi məmurların himayə etdiyi gəlirli obyektlər hər il on milyonlarla manatlıq vergini dövlət büdcəsindən yayındırmağı bacarırlar.
Vəziyyəti dəyişmək üçünsə əlaqədar qurumların belə obyektlərə və onların sahiblərinə, eynir zamanda himayəçilərinə qarşı kəskin tədbirlər görülməsi təklif edilir. Əks halda kimlərsə hər il milyonlarla manat qanunsuz gəlir əldə edir, itirən isə dövlət büdcəsi olur.

Günel Əkbər