Məmur övladlarının Bakıdakı "bahalı oyuncaqlarının" şok siyahısı
Məmur övladlarının Bakıdakı "bahalı oyuncaqlarının" şok siyahısı
Paytaxta yarım milyon dollarlıq avtomobili kimlər və hansı pulla alırlar?

Azərbaycanda bəzi məmurların necə dəbdəbəli, lüks həyat sürdükləri heç kimə sirr deyil. Onlar əlbəttə ki, bu komfortu maaş hesabına əldə etməyiblər.
Son illərdə isə bəzi məmurlarla bərabər, onların övladlarının da gözqamaşdırıcı həyat tərzi keçirdiyinə dair faktların sayı artmaqdadır. Belə məmur övladları xüsusilə öz "bahalı oyuncaqlarını" - dəyəri yüz min manatlarla ölçülən avtomobillərini hər kəsə nümayiş etdirməyi çox sevirlər.
Xüsusilə son aylarda məmur övladlarının sürdüyü bahalı maşınlar, onların yarış meydançalarını xatırladan video görüntüləri ictimai müzakirə mövzusuna çevrilib. Sosial şəbəkələrdən də izlədiyimiz kimi, bəzi imkanlı şəxslərin övladlarının sahibi olduğu avtomobillər qeyri-adi görünüşü, dizaynı ilə bərabər qiyməti ilə də diqqət çəkir. Facebook, İnstagram səhifələrində bir-birilərinin bəhsinə girərək maşınlarının fotolarını paylaşan gənclərin sürdükləri lüks avtomobillərin qiymətinin ən azı 100-200 min manat, bəzən hətta bir milyon civarında olduğu bildirilir.
Ekspertlər də Azərbaycana gətirilən bahalı avtomobillərin müştərilərinin bir qayda olaraq müəyyən məmur övladları olduğu qənaətindədirlər. Məsələn, daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı bir müddət əvvəl mətbuata açıqlamasında bildirmişdi ki, yerli bazarda ən lüks avtomobillər alıcılara 220-230 min dollara təklif olunur. O bildirib ki, hazırda yerli bazarda 1 milyon manata satılan maşınlar da var: "Hazırda Azərbaycanda 40-a yaxın avtomobil markasının istehsalı olan 100-dən artıq müxtəlif çeşidli avtomobillər bazara təklif olunur. Qiyməti əl yandıran avtomobillərin alıcılarına gəlincə isə, bu qismə daha çox imkanlı təbəqənin nümayəndələri, məmur övladları daxildirlər. Alıcılar arasında kimlərin üstünlük təşkil etdiyini konkret deyə bilmərik. Məmurlarmı, onların övladlarımı və yaxud sahibkarlarmı, onların övladlarımı... Ümumilikdə mən deyərdim ki, bütün təbəqələrdən alıcılar var və hər təbəqə öz stabil imkanlarına uyğun olaraq avtomobil sifariş edir".
"Unikal" qəzeti isə 2014-ci ildə Bakıdakı avtosalonlarda satışa çıxarılan ən bahalı avtomobillərin siyahısını hazırlayıb. Siyahıda özünə yenr alan avtomobillərin dizaynı ilə bərabər qiymətləri sözün həqiqi mənasında göz qamaşdırır.
Əvvəlcə gəlin həmin siyahı ilə tanış olaq:
1. Ferrari 458 Italia (qiyməti avtodilerlər müəyyənləşdirir)
2. Ford Thunderbird - 446 min dollar
3. Mercedes AMG S63 - 360 min dollar
4. Rolls-Royce Phantom - 355 min dollar
5. Brabus Mercedes G-Class - 350 min dollar
6. Porsche 911 - 300 min dollar
7. Land Rover Range Rover - 250 min dollar
8. Porsche Panamera - 236 min dollar (185 min AZN)
9. Maserati Granturismo MC Stradale - 236 min dollar
10. Mercedes SLS - 231 min dollar
11. Bentley Continental Flying Spur -210 min dollar
12. Jaguar f-type - 179 min dollar
13. BMW M6 - 178 min dollar
14. Mercedes AMG CLS63 - 150 min dollar
15. Cadillac Escalade - 136 min dollar
Göründüyü kimi, siyahıda özünə yer alan avtomobillərin ən ucuzunun qiyməti belə, Azərbaycan əhalisinin ən azı 70-80 faizi üçün əlçatmazdır. Onlar belə məbləği heç yuxularında da görə bilməzlər.
Üstəlik, bu avtomobillərin birinə xərclənən pulla orta statistik azərbaycanlı ailəsi on illər boyu yaşaya bilər.
Maraqlı olan bir sual isə odur ki, bəzi məmurlar və onların övladları belə fantastik məbləğə avtomobil aldıqları halda, niyə həmin vəsaitin mənbəyi araşdırılmır. Yuxarıda da qeyd etdiyimiz kimi, hər halda onlar bu cür "bahalı oyuncaqları" maaş hesabına almırlar.
Elə isə necə alırlar? Bu sualın cavabını əlbəttə, bilməyən yoxdur. Amma həmin məmurlardan korrupsiya haqqında soruşsan, ölkədə korrupsiyanın varlığını qətiyyətlə inkar edəcəklər, özlərinin təmiz, dürüst işlədiklərini deyəcəklər.
Ən böyük absurd və təzad da elə budur.
Ülviyyə Qasımlı