Dünya şokda: ABŞ-ın qan donduran "dindirilmə üsulları" açıqlandı!
Dünya şokda: ABŞ-ın qan donduran "dindirilmə üsulları" açıqlandı!

Senatın kəşfiyyat komitəsinin hesabatındakı tükürpədici detallar ölkəni qarışdırdı

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) 2011-ci il 11 sentyabr hadisəsindən sonra məhbuslara tətbiq etdiyi işgəncə üsulları ilə bağlı hesabatda qan donduran detallar ortaya çıxıb.
publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, hesabat ABŞ Senatının kəşfiyyat komitəsi tərəfindən açıqlanıb.

Terror aktlarında iştirakda və müxtəlif ölkələrdə gizli mərkəzlər yaratmaqda ittiham olunaraq həbs olunan məhbusların 180 saata qədər yuxusuz saxlanıldığı, başlarına çuval keçirilərək həbsxana dəhlizlərində çılpaq süründürüldüyü və uşaqlarını öldürməklə təhdid edildiyi məlum olub. Məhbuslardan birinin üzərində "Waterboarding" adı verilən işgəncə üsulunun ardıcıl olaraq 83 dəfə tətbiq olunduğu, çılpaq halda zəncirlənən digər bir məhbusun isə öldüyü ortaya çıxıb.
Senatın kəşfiyyat komitəsi 5 ildə 6,3 milyon sənədi araşdıraraq 6 min səhifəlik hesabat hazırlayıb. Senat, Ağ Ev və CIA arasında aylarla davam edən bazarlıqlardan sonra cəmi 480 səhifəlik hesabat yayımlanıb.
Sənədin 93 faizi senzurasız internetə qoyulub. Sənədin internetə qoyulan hissəsində belə CIA əməkdaşlarının adları və işgəncələrin həyata keçirildiyi ölkələrin adları qaralanılıb. Hesabatda CIA-nın "inkişaf etmiş dindirilmə texnikası" adını verdiyi, ancaq prezident Barak Obama da daxil olmaqla bir çox dövlət rəsmisinin "işgəncə" adlandırdığı üsullar detalları ilə izah olunub.
Hesabatda CIA-nın 11 sentyabrdan sonra həbs etdiyi 119 şəxsdən ən az 39-u üzərində tətbiq edilən dindirilmə üsulları ilə əlaqədar detallar aşağıdakılardır.

"Zindana bənzəyirdi"

Həbs olunanlar xüsusilə məhkumluğun ilk dövründə tamamilə qaranlıq, soyuq və kiçik otaqlarda zəncirlənərək tək saxlanılır. Bir CIA əməkdaşının "zindan"a bənzətdiyi həbsxanada həmişə səs-küy olub və yaxud da yüksək səslə musiqi çalınıb. İnsanlarla ünsiyyətdən tamamilə məhrum edilən məhbuslarda bir sıra psixoloji problemlər yaranıb.
CIA-nın dindirilmə üsulları vəhşi və əksər hallarda təşkilatın rəhbərliyinə məlum olduğundan daha pis imiş. Dindirilmə üsulları günlər, hətta həftələrlə təkrar tətbiq olunurmuş. CIA-nın iddia etdiyi kimi dindirilmə daha mülayim deyil, ən sərt üsullarla başlayıb. Həbs olunanlar ilk gündən yuxusuz və çılpaq saxlanılaraq dindiriliblər. Məhbuslar uzun müddət əlləri havada qandallı dayanmağa məcbur edilib.

Analarına təcavüz
etmək...

2002-ci ilin noyabrında yarıçılpaq halda yerə zəncirlənilən məhbus soyuqdan ölüb. CIA-nın tətbiq etdiyi ən sərt işgəncə üsullardan biri "Waterboarding" olub. Bu işgəncə üsulu zamanı məhbusun ağzına parça yerləşdirilir və parçanın üzərinə su tökülür. Bu isə boğulmaya səbəb olur. CIA-nın ilk məhbusu Əbu Zübeydə 83 dəfə "Waterboarding" işgəncə üsuluna məruz qaldıqdan sonra tamamilə reaksiyasız vəziyyətə gəlib.
Məhbuslar bəzən 180 saata qədər oyaq saxlanılıb. Məhbuslar bu müddət ərzində ayaq üstə dayanmağa və əllərini başının arxasında saxlamağa məcbur edilib. Ən az 5 məhbusda yuxusuzluğa görə psixoloji problemlər yaranıb. Ən az 3 halda həkimlərin xəbərdarlığına baxmayaraq, CIA "dindirilmənin məhbusun sağlamlığından daha əhəmiyyətli olduğuna" qərar verərək işgəncəyə davam edib.
Bəzi məhbuslar buzlu su dolu qablarda saxlanılıb. CIA ən az 3 məhbusa ailələrinə zərər verəcəyini bildirərək təhdid edib. Məhbusa uşaqlarının öldürüləcəyini, anasının zorlanacağını, boğazının kəsiləcəyini demək bu təhdidlərdən bəziləri olub.

Buş hər şeyi 4 il
sonra öyrəndi?

CIA qeydlərinə görə, təşkilat həmin dövrdə prezident olan oğul Corc Buşa dindirimə üsulları haqqında 4 il ərzində məlumat verməyib. 2006-cı ilin aprel ayında CIA direktoru 2002-ci ildən tətbiq olunan dindirilmə üsulları barədə ilk məlumatı verib. İddia olunur ki, CIA Ağ Evə davamlı olaraq səhv və yaxud da az məlumat verib. Dindirilmə üsullarının ABŞ dövlət katibi Kolin Pauel və müdafiə naziri Donald Ramsfeld kimi şəxslərdən də gizli saxlanıldığı deyilir. 2003-cü il iyul tarixli bir yazışmada "vəziyyəti öyrənəcəyi halda Pauelin əsəbiləşəcəyindən narahatlıq" ifadə edilir. Hesabat hazırlanarkən həmin dövrün rəhbərliyi ilə əlaqə saxlanılmayıb və CIA-nın daxili sənədləri ilə kifayətləniblər.
CIA-nın dindirmə üsulları kəşfiyyat məlumatlarını toplamaq üçün kifayət qədər təsirli bir üsul olmayıb. CIA-nın işgəncəyə məruz qoyduğu 39 məhbusdan yeddisi heç bir kəşfiyyat məlumatı verməyib. Əksinə, bir çoxları işgəncələr altında yalan məlumatlar verərək ABŞ Federal Tədqiqatlar Bürosu (FBI) və CIA tərəfindən aylarla mövcud olmayan təhdidlərin araşdırılmasına səbəb olub. Hesabata görə, 119 məhbusdan 39-u işgəncələrə məruz qalıb. Məhbuslardan ən az 26-ı günahsız olduğu halda saxlanılıb.
Həbs olunanlardan biri əqli qüsurlu olub. CIA-nın bu adamı həbs etməsinin yeganə səbəbi isə ailə üzvü barəsində ondan məlumat almaq olub.
CIA səhv işinə görə heç bir əməkdaşına cəza verməyib. Təşkilatın direktoru hesabatla bağlı "Belə qeyri-müəyyənliklərlə dolu bir işdə səhvlərdən qaçmaq mümkün deyil" deməklə kifayətlənib. CIA "inkişaf etmiş dindirilmə üsulları"nın işə yaradığını sübut etmək üçün Ağ Ev, Konqres və Ədliyyə Nazirliyinə əldə edilən kəşfiyyat məlumatları ilə bir çox terror hücumunun qarşısını aldığını söyləyib.
CIA dindirilmə proqramını o qədər gizli icra edib ki, Xarici İşlər Nazirliyi belə məhbusların hansı ölkələrdə və hansı gizli mərkəzlərdə saxlanıldığından xəbəri olmayıb. ABŞ səfirlərindən biri onun olduğu ölkədə dindirilmə mərkəzinin qurulması barədə razılaşma barədə sənəd imzalanandan sonra xəbər tutub. Bir başqa ölkədə CIA ölkə rəsmilərindən tələb edib ki, razılaşma barədə ABŞ səfirinə məlumat verilməsin.

Hesabat ABŞ
rəsmiləri arasında
qarşıdurma yaratdı

Məlum hesabat ABŞ sçiyasi dairələrində geniş rezonansa və fikir qarşıdurmalarına səbəb olub. "Azadlıq" radiosunun xəbərinə görə, Dövlət Departamentinin sözçüsü Jen Psaki bildirib ki, dövlət katibi Con kerri dekabrın 5-də Senatın kəşfiyyat komitəsinin sədri xanım Dianne Feinsteinə müraciət edərək "dünyada gedən bir çox proseslərlə əlaqədar belə bir açıqlamanın vaxtının yarada biləcəyi çətinlikləri" müzakirə etməyi tövsiyə edib.
Obama MKİ-nin dindirmə texnikasına dair hesabatın açıqlanmasına "israrlı" dəstək verərkən, ABŞ-ın "təməl idealları"ndan çıxış etdiyini söyləmişdi. "Heç bir ölkə kamil deyil. Lakin Amerikanı müstəsna edən keyfiyyətlərdən biri də bizim öz keçmişimizlə, qüsurlarımızla açıq üzləşməyə getməkvə yaxşılığa doğru dəyişikliklər etmək iradəsinə malik olmağımızdır" - Obama dekabrın 9-da verdiyi bəyanatda bildirib.
Onun bu bəyanatı MKİ-nin dindirmə proqramına dair beşillik təhqiqata nəzarət etmiş xanım Feinsteinin şərhləri ilə səsləşir: "Elələri olacaq ki, bu hesabatdan yapışıb deyəcəklər: "Gördünüz də, amerikalılar nələr ediblər?" Belələri bundan öz şər əməllərinə haqq qazandırmaq və ya daha çox zorakılığı qızışdırmaq üçün istifadə etməyə çalışacaqlar. Lakin tarix bizləri, bizim qanunla idarə olunan ədalətli cəmiyyətə sadiqliyimizə və iyrənc həqiqəti açıb "bir daha heç vaxt" deyə bilmək iradəmizə görə mühakimə yürüdəcək".
Vyetnam müharibəsi zamanı düşdüyü əsirlikdə işgəncələrə məruz qalmış respublikaçı senator Con Makkeyn də hesabatın açıqlanmasını dəstəkləyib və deyib ki, bu hesabatda Amerikaya ziyan vurmaq istəyənlər üçün şok yaradacaq heç nə yoxdur. "Bu hesabatın açıqlanması müsəlman dünyasının bəzi yerlərində zorakılığa aparan hiddətə səbəb olacaqmı? Düşünürəm ki, bu mümkündür və yəqin ki, belə olacaq. Bütün dünya artıq bilir ki, biz məhbuslara qarşı suda boğmaq üsulundan istifadə etmişik. Bütün dünya bilir ki, biz dustaqlara qarşı başqa alçaldıcı rəftarlara yol vermişik. Dünya bilir ki, biz qaranlıq məkanlardan, gizli həbsxanalardan istifadə etmişik. Bu kimi hərəkətlər artıq bir onillikdir ki, sirr deyildi".
"Terrorçular bizim hesabatın bəzi praktikaları təsvir etməsindən amerikalılar üzərinə hücumlarına haqq qazandırmaq üçün istifadə edə bilərlər" deyə əlavə edən Makkeyn daha sonra bildirib: "Lakin onlara onsuz da nəyəsə haqq qazandırmaq lazım deyil. Bu, artıq bir müddətdir ki, onların onsuz da həyat tərzidir".
Bir sıra başqa respublikaçı millət vəkilləri hesabatın bir hissəsinin açıqlanması qərarını təhlükəli addım kimi pisləyiblər. "Bu ağla sığan deyildir ki, komitə və Ağ Ev müttəfiqlərimizdən, ABŞ Dövlət Departamentindən gələn xəbərdarlıqlara, bu hesabatın ABŞ üçün yarada biləcəyi təhlükə barədə kəşfiyyat icmasının əlaqələndirilmiş yeni sənədinin mövcudluğuna rəğmən sənədin açıqlanmasını dəstəkləyib" -Floridadan senator Marko Rubio və Aydahodan senator Jim Risch dekabrın 8-də yaydıqları bəyanatda bildiriblər.
Senatorlar belə bir narahatlıq ifadə ediblər ki, hesabatın açıqlanması "xaricdəki amerikalıların həyatını təhlükə qarşısında qoya", "potensial olaraq zorakılığı artıra" və "düşmənlərimiz üçün səfərbərlik alətinə çevrilə bilər". "Sadə dillə desək, bu açıqlanma səhlənkar və məsuliyyətsiz addımdır" -senatorlar bildiriblər.
Konqresin kəşfiyyat komitəsinin sabiq sədri, ABŞ konqresmeni, respublikaçı Mike Rogers dekabrın 7-də CNN telekanalına verdiyi müsahibədə deyib ki, ABŞ-ın müttəfiqləri bu hesabatın açıqlanmasının "zorakılıq və ölümlər" törədəcəyi barədə proqnoz verirlər.
Hesabatın yarada biləcəyi zorakılığa bənzətmə olaraq, Rogers 2005-ci ildə Məhəmməd peyğəmbərin karikatürlərinin Danimarka qəzetində dərc olunmasının bir çox müsəlman ölkələrində baş qaldırmış iğtişaş və etirazları misal gətirib.

"Partizan taktikası"
Bəzi respublikaçı millət vəkilləri iddia edirlər ki, hesabat 2002-ci ildə CİA-nın dindirmə proqramı barədə sərəncamı imzalamış sabiq prezident Corc Buşu etmək cəhdindən başqa bir şey deyil. "Burada yeganə motiv Buşu gözdən salmaq ola bilərdi, - Şimali Karolinadan senator Richard Burr deyib. - Düşünmürəm ki, Kəşfiyyat Komitəsinin vəzifəsi bundan ibarətdir."
politico.com saytı həmçinin respublikaçı senator Saxby Chamblissdən iqtibas gətirib. Senator deyib ki, bu hesabat Buşa qarşı "partizan taktikası" kimi qiymətləndirilə bilər.
Lakin hesabatda iddia edilir ki, CİA Buşu dindirmələr barədə lazımınca məlumatlandırmayıb və Ağ Evə "dəfələrlə natamam və qeyri-dəqiq məlumatlar" verib. Hesabatda qeyd olunur ki, 2006-cı ildə dindirmə texnikası barədə ilk brifinqdə Buş gördüyü bir dustaq fotosundan narahatlıq ifadə edibmiş. Həmin şəkildə "qalın materiala bələnmiş dustağın vanna otağına salındığı" əks olunmuşdu.

"Bu, Amerika deyil"

CNN telekanalına verdiyi müsahibədə müstəqil senator Angus King deyib: "CİA proqramı adı altında Amerikaelə hərəkətlərə yol verib ki, biz bu əməllərə görə İkinci Dünya Müharibəsindən sonra yaponları mühakimə etmişik".
"Bu Amerika deyil, - King deyib. - Bu biz deyilik. Bu bizim ucalığımızı heçə endirib və dünya boyunca terrorçuları qızışdırıb".
Hesabat barədə Senatda çıxış edən Makkeyn isə deyib kİ, "həqiqət bəzən udulması çətin olan həb kimidir".
"Bu, bəzən ölkədə və xaricdə çətinliklər yaradır. Bundan bəzən bizə ziyan vurmaq üçün düşmənlərimiz istifadə edirlər. Lakin bütün bunları bilməyə Amerika xalqının haqqı var" - o, əlavə edib.
Murad İbrahimli