Bakının bəzi icra başçıları haqqında müdhiş fakt
11:35 16-12-2014
İQTİSADİYYAT
Bakının bəzi icra başçıları haqqında müdhiş fakt
Onlar hansı nazirlərin gördükləri işləri öz adlarına çıxmaqla məşğuldurlar?
Qış mövsümünün gəlişi, havaların yağıntılı və soyuq keçməsi ilə Bakıda, əsasən də Bakıətrafı qəsəbələrdə sakinlərin qarşılaşdığı problemlər də gün üzünə çıxdı.
Sakinlər əsasən məhəllədaxili yolların bərbadlığından, su xətlərinin necə gəldi çəkilməsi və kanalizasiya sisteminin işləməməsi üzündən evlərinin, yolların sel-su altında qalmasından, bəzi yerlərdə ümumiyyətlə normal yolun olmamasından, məktəblərdə istilik sistemlərinin işləməməsindən və digər sosial problemlərdən şikayətlənirlər.
Bu tipli şikayətlər son günlər daha çox eşidilir. Qarşılaşdıqları çətinliklərdən bezən, bu problemlərlə bağlı müvafiq qurumlara müraciət edən, lakin heç bir nəticə əldə edə bilməyən sakinlər bir neçə qəsəbədə etiraz akisyaları da keçiriblər.
Ayrı-ayrı qəsəbələrdən daxil olan şikayətlər də sakinlərin qarşılaşdıqları problemlərin təxminən eyni olduğunu göstərir. Məsələn, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, "A" massivi də daxil olmaqla bir çox küçələrin sakinləri palçıqlı yollardan şikayətlənirlər.
Ötən ayın əvvəlindən başlayaraq havaların yağışlı keçməsindən sonra ilk etiraz aksiyası xəbəri Binədən gəldi. "Sovxoz ərazisi" adlanan yaşayış massivində 1000-dək sakin etiraz aksiyası keçirdi. Səbəb qəsəbənin yollarının yağış sularından sonra keçilməz olması idi.
Bəs görəsən, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları yuxarıda qeyd etdiyimiz kiçik problemlərin aradan qalxmasına niyə təsir etməyib?!
Ölkə rəhbərliyinin sərəncamı ilə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair artıq iki Dövlət Proqramı təsdiq edilib. 2011-2013-cü illəri əhatə edən I Dövlət Proqramına əsasən Bakı və ətraf qəsəbələrdə xeyli iş görülmüşdü. Bakı və ətraf qəsəbələrdə yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, su və kanalizasiya, qaz, elektrik enerjisi, istilik təchizatının yaxşılaşdırılması, təhsil, səhiyyə, mədəniyyət və idman sahələrinin inkişafının təmin edilməsi məqsədilə yeni sosial obyektlərin tikilməsi və s. kimi işlər bu qəbildəndir. Bu proqramın icrasına 3 milyard manat vəsait xərclənmişdi.
Növbəti - sayca ikinci Dövlət Proqramı isə bu ilin yanvarında prezidentin sərəncamı ilə imzalandı. Proqramın icrası 2016-cı ilədək davam edəcək. Yeni proqramın icrasına başlanılmasının gələn ay artıq 1 ili tamam olacaq.
İlk dövlət proqramının da 3 il davam etdiyini nəzərə alsaq, geridə qalan son 4 ildə paytaxta ən yaxın olan Suraxanı, Xəzər kimi rayonların qəsəbələrində yol infrastrukturu ilə bağlı çoxsaylı narazılıqların olması ciddi suallar yaradır.
2011-2013-cü illər I Dövlət Proqramına Bakı rayonlarının qəsəbədaxili və məhəllədaxili yollarının əsaslı təmiri və yenidənqurulması məsələsi salınsa da bu işlər tamamlanmadı. II Dövlət Proqramına əsasən qarşıya qoyulan məqsədlərə nəzər yetirdikdə 2014-2016-cı illərdə yolsuzluq məsələsi tamamilə aradan qaldırılmalıdır. Ümumilikdə proqrama daxil edilən bütün məsələlər öz həllini tapacağı təqdirdə Bakı və ətraf qəsəbələrin sakinləri qarşılaşdıqları problemlərdən tamamilə qurtulmuş olacaqlar. Əgər iş görülsə...
Araşdırma göstərir ki, vətəndaşların çoxsaylı şikayətləri onu deməyə əsas verir ki, rayonlarda dövlət proqramı çərçivəsində görülən işlər hələ də ləng gedir. Yerli məmurlar sakinlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün lazım olan işləri görmək əvəzinə sadəcə rayon mərkəzlərində divarların üzlənməsi, ağac əkilməsi, kosmetik abadlıq işlərinin görülməsi ilə məşğuldur.
Məsələn, Mərdəkan, Buzovna, Binə, Türkan, Qala, Şüvəlan, Zirə və Şağan qəsəbələrini əhatə edən Xəzər rayonu da dəfələrlə sakinlərinin yolsuzluq, su, qaz, işıq məsələləri ilə bağlı şikayətlərinə görə tez-tez gündəmə gəlir. Binədə keçirilən və minlərlə sakinin iştirak etdiyi aksiya yəqin ki, yaddaşlardan silinməyib. Yol probleminə görə etiraza qalxan sakinlərdən xeylisi saxlanılaraq polis bölməsinə aparılmışdı.
O da maraqlıdır ki, rayonlar üzrə qeyd edilən hesabatlarda səhiyyə ocaqlarının, təhsil müəssisələrinin, yanğından mühafizə üçün su hovuzlarının, idman zallarının tikintisi və təmiri ilə bağlı məlumatlar da yer alır. Halbuki Dövlət Proqramının təbdbirlər planına uyğun olaraq bu işlərin görülməsi müvafiq olaraq Səhiyyə, Təhsil, Fövqalədə hallar və Gənclər və İdman nazirliklərinə tapşırılıb. İsra hakimiyyətlərinin bu işləri öz adına çıxması bir qədər məntiqli deyil.
Bir sözlə, paytaxtın bəzi rayonlarının icra başçıları faktiki olaraq, ayrı-ayrı nazirlərin gördükləri işləri mənimsəməkdədir. Bəs görəsən, buna görə onlara "dur" deyiləcəkmi?
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59