"Hafka"nın oğlunun səhmdar cəmiyyətindəki milyonlarla bağlı ilginc iddialar
11:36 16-12-2014
İQTİSADİYYAT
"Hafka"nın oğlunun səhmdar cəmiyyətindəki milyonlarla bağlı ilginc iddialar
"Azərinteltek"in əldə etdiyi gəlirlərin taleyinə dair maraqlı təfərrüatlar ortaya çıxdı
Bir müddət əvvəl ölkənin bukmeker kontoru - "Topaz"ın futbol üzrə Azərbaycan Premyer Liqasına sponsorluq etməsinin qanunsuz olduğuna dair iddialar ortaya atılmışdı. Bu dəfə isə "Topaz"ın sahibi "Azərinteltek" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) çempionata "sponsorluğundan" əldə etdiyi milyonlarla bağlı ilginc iddialar səsləndirilib.
İddiaların müəllifi isə yenə hüquqşünas Mehman Muradlıdır. O bildirib ki, "Topaz" məlum "sponsorluğun" ilk ilində 700-800 min manat məbləğində vəsaitin havaya üfürlməsinə nail olub. "Bu rəqəmi "qumarxana" özü açıqlayıb" deyən hüquqşünas daha sonra bunları əlavə edib: ""Topaz"ın çempionat oyunlarının yayımı üçün ödədiyi məbləği hesablamamışdan əvvəl respublikada kütləvi baxılan verilişlərin qiymətinə ekskurs edək.
Ölkədə baxılan ən kütləvi verilişlər prezident seçkiləri vaxtı namizədlərin televiziya çıxışları olur. Həmin çıxışların qiyməti isə hər 3 saat üçün 10 000 manatdan yuxarı olmur.
Bu mövsümə qədər milli çempionatda 10 komanda çıxış edirdi. Hər tur 5 qarşılaşma olurdu ki, bunlardan da ən çox 3-ü televiziyada göstərilirdi. Tur olurdu ki, ümumiyyətlə heç bir oyun göstərilmirdi. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin xatirinə hesab edək ki, mövsüm ərzində 90 oyun göstərilib. 90 oyunun televiziya yayımına da xərclənsin 180 min manat. Xərclər qrafasına çempionatın təşkili üçün hakimlərə, hakim-inspektorlara ödənilən qonorar da deyək ki, olsun 200 min manat. Nə qədər alındı? Oyunların yayımı üçün televiziyaya ödənilən rüşvətlə birgə oldu 380 min manat.
Gələk PFL-in kobud desək, saxlanılmasına. Acınacaqlı olsa da, qeyd etməliyik ki, PFL xərclərlə bağlı hesabat vermək istəmir. Baxmayaraq ki, qeyri-hökumət təşkilatı olan PFL buna borcludu. Hesabatın verilməməsinin yeganə səbəbi isə PFL-ə daxil olan məbləğin bölüşdürülməsidi. Nəzərə alsaq ki, PFL-də 18 işçi var (nəsə bu 18 rəqəmində bir mistika var) və onların orta əməkhaqqını aylıq maksimum 700 manatdan hesablasaq, bu da il ərzində 108 min manatdan çox olmayacaq.
Yüngülvari hesablamaya görə, çempionatın təşkilinə il ərzində 500 min manata yaxın pul xərclənir. Baxmayaraq ki, "Topaz" ilk dəfə 700 min, daha sonra 800 min, bu il isə 1 200 000 manat pul "xərcləyib".
Bu rəqəmi PFL-in prezidenti Ramin Musayev özü açıqlayıb, müsahibələrinin birində deyib . Elə həmin müsahibədə Ramin müəllim PFL-in büdcəsinə gələn digər daxilolmalardan da danışıb. O daxilolmalar legioner oyunçular üçün ödənilən rüsumlar və cərimələrdən əldə edilir.
Yüngülvari hesablamalara görə, bu yolla da PFL-in büdcəsinə il ərzində təxminən 1 milyon manata yaxın vəsait daxil olur. Təkcə elə bu vəsait çempionatın keçirilməsinə geninə-boluna bəs edir. Məntiqi olaraq ortaya sual çıxır: Onda "Topaz"ın "ödədiyi" vəsait hara xərclənir?
Burda iki ehtimal var. Birinci ehtimal ondan ibarətdi ki, "Topaz" gözə kül üfürməklə məşğuldu və çempionata sponsorluq eləmir. İkinci ehtimal isə daha maraqlı və ağlabatandı: "Azərinteltek" QSC PFL vasitəsiylə pulu nağdlaşdırır. Vergi cinayətkarları buna "obnaliçka" deyir. İqtisadiyyatın qara sahəsindən xəbəri olanlar bunun nə olduğunu gözəl bilir. Faktiki olaraq "Topaz"ın Premyer Liqaya sponsorluq üçün ödədiyi vəsait nağd şəkildə "Azərinteltek"ə qaytarılır. Əlbəttə ki, müəyyən faizi PFL rəhbərliyinə çatmaq şərtiylə".
Hüquqşünas bu yöndə araşdırmalarını davam etdirib yeni iddialar ortaya atacağının da anonsunu verib.
"Unikal" olaraq onu da qeyd edək ki, "adıçəkilən QSC-nin Müşahidə Şurasının sədri "Bakı" futbol klubunun prezidenti, AFFA İcrayyə Komitəsinin üzvü, qalmaqallı iş adamı, "Baghlan Group" şirkətlər qrupunun rəhbəri, "Hafka" ləqəbi ilə tanınan Hafiz Məmmədovun oğlu Kənan Məmmədovdur.
Eyni zamanda onuda bildirək ki, "Azərinteltek" QSC-nin ortaya atılan iddialarla bağlı hər hansı münasibəti olarsa, onu da çap edəcəyik.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59