Türkiyədə daha bir sensasion həbs dalğası
11:38 16-12-2014
İQTİSADİYYAT
Türkiyədə daha bir sensasion həbs dalğası
Ərdoğan "Böyük rüşvət əməliyyatı"na görə intiqam almağa başladı
Srağagün səhər saatlarında Türkiyədə Baş Prokurorluğun keçirdiyi "Paralel yapı" əməliyyatında içlərində onlarca polis, jurnalist və sənətçi saxlanılıb. Dünən günorta saatlarında isə məlum olub ki, saxlanılanlardan 3-ü sərbəst buraxılıb. Bunlar "Samanyolu" telekanalında yayımlanan "Tek Türkiye" serialının heyətində yer alan Elif Yılmaz, Ebru Şenvardar və Naci Çelik Berksoydur.
Əməliyyat çərçivəsində 31 nəfərin saxlanılması qərarı verilsə də, 27 nəfər saxlanılıb. Barəsində saxlanılma qərarı verilən jurnalist-yazar Nuh Gönültaşın əməliyyatdan bir gün əvvəl Atatürk hava limanından xaricə getdiyi müəyyən olunub.
Həbs edilənlər Türkiyənin hazırda ABŞ-da yaşayan məşhur camaat lideri Fətullah Gülənə yaxınlığı ilə bilinir və prezident Rəcəb Tayyib Ərdoğan onları uzun müddətdir "paralel yapı" elan edərək kəskin şəkildə suçlamaqdadır.
Türkiyə Baş Prokurorluğundan verilən açıqlamada deyilir ki, sözügedən şəxslər silahlı terror təşkilatı qurmaq, idarə etmək, üzvü olmaq və böhtan cinayətlərində şübhəli hesab olunduqlarından, onların saxlanılması barədə təlimat verilib.
Avropa Birliyi Komissiyası isə istintaqın müstəqil və obyektiv keçirilməsini tələb edib. Avropa Birliyinin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Mogerini polis basqınları və jurnalistlərin saxlanılmasının demokratiyanın təməl qanunlarından biri olan media azadlığına uyğun gəlmədiyini bildirib.
Dünya Türkiyə
hakimiyyətinə qarşı
Avropa İttifaqı (Aİ) Türkiyədə polisin prezident Rəcəp Tayyib Ərdoğanın rəqibi Fətullah Gülən tərəfdarı olan 24 nəfəri həbs etməsi ilə nəticələn reydlərini qınayıb. Aİ bunun media azadlığı prinsipləri ilə bir araya gəlmədiyin bildirib. Avropa ittifaqının açıqlamasında reydlərin Türkiyənin də üzvü olmaq istədiyi Avropa dəyərləri və standartlarına zidd olduğu deyilir.
ABŞ Dövlət Departamenti də Türkiyədə polis reydləri və həbslərlə bağlı narahatlığını ifadə edib. Dövlət Departamentinin bəyanatında deyilir ki, sağlam demokratiyanın əsas elementləri olan media azadlığı və ədalətli məhkəmə sistemi Türkiyənin öz konstitusiyası ilə təsbit olunub. "Türkiyənin dostu və müttəfiqi kimi Türkiyə rəsmilərini onların hərəkətlərinin bu fundamental prinsipləri və Türkiyənin özünün fundamental əsaslarını pozmadığını təmin etməyə çağırırıq" - deyə Dövlət Departamentinin bəyanatında deyilir.
Həbslərə qarşı xalq
etirazları başlayır
Bu arada məlum həbs dalğası ilə bağlı etirazlar olsa da, ilk sərt reaksiya Mardin vilayətindən gəlib. Bir qrup fəal yolları kəsərək hökumətə qarşı etiraz edib. Fəallar yanıcı- kəsici maddələrlə polisə hücum ediblər. Polis gözyaşardıcı qazlarla aksiyanı dağıtmağa çalışıb.
Qarşıdurmalar zamanı bir neçə nəfər xəsarət alıb, həbs olunanlar var. Qarşıdurmalar nəticəsində çoxsaylı zorakılıqlar halları qeydə alınıb.
Gülən də həbs edilir?
Bu arada iddia olunur ki, "Gülən camaatının" lideri kimi tanınan Fətullah Gülən özü də həbs edilə bilər. Türkiyədə ötən gündən başlayan əməliyyatların başındakı əsa sadam laraq tanınan İstanbul baş prokurorunun vəkili Orhan Kapıcı 31 nəfərin saxlanılacağını deyib.
O, Fətullah Gülənin də bu siyahısa olub-olmaması barədə suala cavabında isə belə deyib: "Hazırda bununla bağlı heç nə deyə bilmərəm",
"Al Cəzirə"nin iddiasına görə, Gülən əməliyyatın şübhəliləri arasındadır. Amma o xaricdə yaşdığı üçün haqqında saxlanılma qərarı verilməyib.
İddiaya görə, Gülən haqqında toplanan sübutlar Ədliyyə Nazirliyinə göndəriləcək. Bundan sonra onun haqqında "İnterpol"un qırmızı bültenlə axtarışı tələb ediləcək.
Güləndən Ərdoğana
sərt mesaj
Fətullah Gülən Türkiyədə "paralel yapı"ya qarşı polisin apardığı əməliyyatlar barədə açıqlama verib. Gülən ad çəkmədən prezident Rəcəb Tayyib Ərdoğan haqqında sərt tənqidi fikirlər səsləndirib.
O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı nəzərdə tutaraq bildirib ki, hamı özünü firon kimi hiss edir. "Hamı özünün firon zən etməyə başlayar, amma onların aqibətinin nə olduğu da bəllidir. Fironlar "boğacağam, əzəcəyəm" dedikləri yerdə özləri əzilirlər".
Nurçu lider belə bir müqayisə də aparıb: "Daşı deşən su damcıları yox, damcıların davamlı olmasıdır".
Fətullah Gülən Türkiyənin 8-ci prezident Turqut Özalı yaxşı əmələ imza atan dövlət xadimi kimi nümunə də göstərib: "Bəziləri dəstək oldular. Mərhum Turqut Özal vəfatından əvvəl Asiya turnesinə çıxmışdı. O, mənə bununla bağlı belə xəbər göndərmişdi: "Mən sizin üçün gedirəm. Bəs bu dostlar niyə gəlmirlər?" deyərək Asiyadakı bütün dövlətləri gəzdi. Allah ona elə gözəl iş gördürdü ki, vətənə qayıdandan bir-iki gün sonra ruhunun üfüqlərinə qovuşdu. Allah ona bunu nəsib etdi və minlərlə insan göz yaşı ilə onun dəfn mərasimində iştirak etdi".
Hizmət hərəkatının lideri Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəllə bağlı bir sirr də açıb: "Bu bir sirdir, söyləmək bəlkə də doğru deyil. Amma mən bunu demədən rahat ola bilməyəcəyəm. Süleyman Dəmirəl bəlkə 20 dövlət başçısına məktub yazdı. Mən heç bir dövlət başçısının belə bir şey edəcəyini ehtimal etmədim, bundan sonra da belə olacaq. Məktubun altına imzasını qoydu.
Üstünə isə yazdı ki, siz dövlət başçısına nə doldurursunuz, doldurun. İndi bunları görməzliyə vurmamaq lazımdır. Bundan əvvəlki prezident də (Abdulla Gülü nəzərdə tutur - red.) müxtəlif yerlərə telefon zəngi etdi. Amma məsələ bunların dəstəyində deyil. Əsasən səbəblər planında o işi üzərinə götürəcək, o boyunduruğa boyun əyəcək fədakar insanlar var idi".
"Məqsəd həm qisas,
həm də müxalif
medianı susdurmaqdır"
"14 dekabr əməliyyatı həm qisas, həm də PKK-ya ediləcək güzəştlər ərəfəsində medianı susdurmaq məqsədi güdür". Bu fikri hafta.az-a Türkiyədə baş verən son məlum hadisələri şərh edən politoloq Şahin Cəfərli söyləyib.
O bildirib ki, dekabrın 14-də Türkiyədə Fətullah Gülən mediasına qarşı həyata keçirilən əməliyyatda gözlənilməzlik amili yoxdur: "Söhbət heç də twitter-də son bir ildə fenomen olan "Fuat Avni" ünvanından belə bir əməliyyatın keçiriləcəyi və həbs olunacaq şəxslərin siyahısının bir neçə gün əvvəldən dəqiqliklə anons edilməsindən getmir. Məsələ burasındadır ki, korrupsiya qalmaqalının ortaya çıxdığı ötən ilin 17 dekabrından sonra mövcud hökumətlə "nurçular" arasında başlanan savaşda sıranın "nurçu" polis və prokurorlardan sonra bu cərəyanın media qoluna da gələcəyi şübhəsiz idi.
Türkiyə gündəmində bomba effekti doğuran 17 dekabr 2013-cü il korrupsiya və rüşvət əməliyyatının ildönümündə gerçəkləşdirilən son həbslər hər şeydən əvvəl bir intiqam və qisas əməliyyatıdır. Keçmiş baş nazir, indiki prezident Rəcəb Tayyib Ərdoğan uzun müddətdir meydanlardan və kürsülərdən "nurçular"ı nəzərdə tutaraq təkrarladığı "hinlərinə girəcəyik" vədini reallaşdırdı. R.T.Ərdoğan öz ailə üzvləri də daxil olmaqla, yaxın ətrafının və hökumət üzvlərinin korrupsioner kimi damğalanmasını qarşı tərəfə bağışlamadı".
Politoloqun sözlərinə görə, bütün bu baş verənlərdə əsas məqsəd təkcə qisas deyil: "Türkiyənin çox önəmli siyasi hadisələr ərəfəsində olduğunu nəzərə almaq lazımdır. "Çözüm sürəci" deyilən, kürd probleminin həlli prosesi artıq həlledici mərhələyə qədəm qoyur. Bu günə qədər PKK və onun həbsdəki mənəvi lideri Abdulla Öcalanla ictimaiyyətin gözündən uzaq aparılan gizli müzakirə və məsləhətləşmələrdə artıq real addımlar atmağın vaxtı gəlib çatıb. Öcalan "barış və demokratik müzakirə layihəsi" adlı sənəd hazırlayaraq özünün konkret tələb və təkliflərini hökumətə təqdim edib. O, aprelə qədər bu təkliflərin həyata keçirilməsini istəyərək əks halda, hökumətlə müzakirələri dayandıracağını söyləyib və PKK-nın terror aksiyalarını bərpa edə biləcəyinə işarə vurub. Hökumətin bu məsələdə ciddi tərəddüd içərisində olması təbii qarşılanmalıdır. Gələn ilin iyununda ölkədə növbəti parlament seçkiləri keçiriləcək, Ədalət və İnkişaf Partiyası (AKP) bu seçkilərdə minimum 330 yer qazanaraq prezident üsul-idarəsinin bərqərar edilməsini nəzərdə tutan Konstitusiya dəyişikliyini ümumxalq referendumuna çıxarmağı planlaşdırır. Lakin AKP ehtiyatlanır ki, Öcalanın təkliflərini qəbul edib, PKK-ya ciddi güzəştlərə gedərsə, öz seçicilərinin bir hissəsini itirə bilər".
Şahin Cəfərli şərhində bildirib ki, "Gülən mediası"na qarşı atılan bu addımların daha da genişlənməsi gözlənilir: "Gülən mediasının susdurulmasına yönələn addımlar təsadüf deyil. Çox güman ki, hökumət seçki ərəfəsində Doğan mediasındakı müxaliflərin və digər müxalif jurnalistlərin də müxtəlif üsullarla neytrallaşdırılmasına, yaxud səslərinin daha alçaqdan çıxmasına çalışacaq. Məqsəd seçki ərəfəsində ölkədə avtoritarizmi gücləndirmək, müxalif səsləri azaltmaq və ən önəmlisi də, yaxın aylarda PKK-ya ediləcək güzəştlərin geniş xalq kütlələrinə çatdırılmasının qarşısını mümkün qədər almaqdan ibarətdir".
Murad İbrahimli
Digər Xəbərlər
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59