Azərbaycanda şok qiymət artımı siqnalı
8-ci km bazarının bağlanması bahalaşmaya təsir edəcək?
Əvvəllər Bakını bazarlarına görə tanıyırdılar. Hələ sovet vaxtında paytaxtımızda böyük və ucuz bazarlar var idi. İnsanlar buradan istədiyi şeyi ucuz qiymətə tapa bilirdi. Ancaq hər ötən il Bakıda bu ənənəvi bazarların sayı azalır. Artıq Pasaj bazarı, Yasamal bazarı, Beş mərtəbə yaxınlığındakı bazar, Şüşəli bazar, Kömürçü bazarı tarixə qovuşub. İndi isə Bakının ən ucuz bazarlarından sayılan "8-ci km Ticarət Mərkəzi" satışa çıxarılır. Bəs görəsən bazarların sürətlə sıradan çıxması əhaliyə nə kimi problemlər vəd edir?
İqtisadçı Oktay Haqverdiyev "ans press"in yaranmış suallarını cavablandırb. İqtisadçı bazarların bağlanması ilə bağlı problemlərin kökünə toxunub. Mütəxəssis qeyd edir ki, ənənəvi bazarların sıradan çıxarılması insanlara mənəvi cəhətdən zərbədir. Çünki artıq neçə nəsildir əhali bazara öyrəşib. Azərbaycan mentalitetində də bazar anlayışı var: "Ümumiyyətlə Şərq ölkələrində hər zaman bazarlar olub. Bazarın satılması və ya bağlanmasından sonda əhali əziyyət çəkir. 8-ci km bazarının ətrafında yüz minlərlə insan yaşayır. İnsanlar o bazara öyrəşiblər. Hətta, bizim qonşular var, gedib orada bazarlıq edirlər. Bu cür hallar insanların maraqlarına toxunan məsələdir".
Bu cür bazarda alıcı ilə satıcı arasında qiymət bazarlığı olur. Hələ axşam bazarında isə daha ucuz qiymətə məhsul tapmaq mümkündür. Bunların heç biri hazırki müasirləşmiş dükan və supermarketlərdə yoxdur. Azərbaycan şərq ölkəsi olduğu üçün bazarların bizim əhali üçün ayrıca bir yeri var. Bununla belə, bazarlar həmçinin turistlərin maraq göstərdiyi əsas yerlərdən biridir. Hər bir şəxs səyahət etdiyi ölkənin bazarından nəsə alaraq öz vətəninə aparmaq istəyir. Bu gedişlə isə ölkəmizə gələn əcnəbilər nəsə almaq üçün bazar tapa bilməyəcəklər.
Oqtay Haqverdiyev bazarların satılmasının əleyhinədir və təklif edir ki, bazarı müasir formaya salmaq lazımdır: "Yaxşı olardı ki, bazarın bir kənarından başlayaraq onu daha da modern hala gətirərdilər. Yağışdan, qardan bağlı olardı. 8-ci km bazarı elə yerində qalmalıdır. Çünki bu bazara neçə nəsil öyrəşib. Bazarın satılmasına çox mənfi baxıram. İstənilən halda bazarın satılması və ya ləğvi fermerlərə və sadə vətəndaşın cibinə təsir edəcək".
İqtisadçı-alim Vüqar Bayramov bildirir ki, ənənəvi bazarın satılması praktikası zamanı adətən bazarın profili dəyişir. Mütəxəssisin fikrincə, həm rəqabət, həm də kənd təsərrüfatı məhsullarının qiyməti baxımından bu cür bazarların bağlanması arzuolunan deyil. Ekpert ehtimal edir ki, bazarın satılmasından sonra həmin ərazidə başqa profildə xidmət sahəsi fəaliyyət göstərəcək: "Əksər hallarda bu cür ərazilər sonradan yaşayış binalarının inşası üçün istifadə edilir. Təbii ki, bazar ləğv olunarsa bu, qiymətlərə də təsir göstərəcək. Qiymət artımının qarşısını almaq üçün həmin ərazidə yeni tikiləcək ticarət mərkəzində fermerlərə icarəyə verilən yerlər ucuz qiymətə təklif olunmalıdır. Yox, əgər yer pulunda artım olarsa, təbii ki qiymətlərin artımına və kənd təsərrüfatı məhsullarının bahalaşmasına gətirib çıxaracaq. Bu gün Şərq bazarının timsalında bu praktikanın əyani şahidi oluruq".
Mütəxəssisin fikrincə ənənəvi bazarların sıradan çıxarılmasının qarşısını almaq mümkün olmasa da, əvəzləyici addımlar atmaq mümkündür. "Yarmarkaların mütamadiliyini artırmaq mümkün olarsa, qiymətlərin tənzimlənməsinə nail olmaq olar. Bununla yanaşı, yalnız həftə sonları deyil, əksər günlərdə yarmarkaları təşkil etmək lazımdır. Bu isə bazarların yarmarkalarla əvəz olunmasına gətirib çıxaracaq. Nəticə etibarı ilə fermerlər məhsulları daha ucuz qiymətə yarmarkalara çıxaracaqlar. Artıq ənənəvi bazarlar sıradan çıxır və bunun qarşısını inzibati metodlarla almaq mümkün deyil. Ən optimal variant kimi yarmarkaların sayını və dövriyəliyini artırmaq lazımdır", - deyə ekspert söyləyir.
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) isə Bakının Nizami rayonundakı "8-ci kilometr Ticarət Mərkəzi" ASC-nin səhmlərinin 99,89%-nin satılması üzrə investisiya müsabiqəsi elan edib. ƏMDK-nın məlumatına görə, hazırda ASC-nin nizamnamə kapitalının həcmi 1,031 milyon manat, buraxılan səhmlərin sayı isə 514,981 min ədəddir. Bir səhmin nominal dəyəri isə 2 manat təşkil edir. Sözügedən bazar 1980-ci ildə istismara verilib və rəsmi məlumata görə, hazırda bazarın 40 nəfər işçisi var.
Müsabiqə iştirakçıları investisiya proqramlarında öz üzərlərinə müəyyən öhdəliklər götürməlidir. Bura ticarət (xidmət) sahəsində faliyyətinin inkişafı, onun beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi və ya digər fəaliyyət sahələrinin təşkili; mərkəzin ərazisindəki tikili və qurğuların təmiri və bərpası; fəaliyyət sahəsindən asılı olaraq avadanlıq alınması; ərazinin abadlaşdırılması; işçilərin sosial təminatı və yeni iş yerlərinin açılması üzrə təkliflər daxildir.
Yəni, bazarı alan şəxs ticarət mərkəzini müasir standartlara uyğun formaya gətirməlidir. Bununla belə, bazarın səhmlərinə görə dövlət büdcəsinə ən azı 312 min manat köçürülməlidir. Müsabiqə təklifləri isə 2015-ci il yanvarın 14-nə qədər qəbul ediləcək və yanvarın 16-da qiymətləndiriləcək.
İstənilən halda Bakıda bazarların bağlanması orda məhsullarını satmaq üçün kənddən gələn fermerlər və ucuz məhsul almaq istəyən alıcılar üçün zərbədir. Axı iri supermarketlərdə ucuz məhsul tapmaq sadəcə mümkün deyil.
Şahin Həbibov
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53