Azərbaycanda "mənzil fırıldağı"nın qarşısını necə almaq olar?
Ekspert 6 bənddən ibarət təkliflər paketi açıqladı
Bakıda yeni inşa edilən binalardada eyni mənzilin bir neçə şəxsə satılması ilə bağlı açılan cinayət işlərinin sayı-hesabı yoxdur. Buna baxmayaraq, paytaxtda "tikinti fırıldağı" səngimək bilmir.
Bu mövzu ilə bağlı fikirlərini açıqlayan iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, bir il öncə, belə problemlərin yaşanmaması və "mənzil fırıldağı"-nın qarşısının alınması üçün təkliflər hazırlayıb bu işə məsul olan qurumlara göndəriblər: "Amma o təkliflər qəbul olunmayınca "mənzil fırıldağının" miqyası da genişlənməkdədir. İnşa etdiyi mənzilləri kifayət qədər yüksək qiymətə satan və əslində bununla da gəlirlərini təmin edən tikinti şirkətləri, hətta bu pul ilə kifayətlənməyərək, vətəndaşları aldadıb onların qənaət edərək illərlə yığdığı pulları əllərindən alırlar. Aydındır ki, vətəndaşları aldatmış tikinti şirkətlərinin sahiblərinin həbs olunması mənzil üçün pul ödəyənlər üçün ciddi heç nəyi dəyişmir. Onlar onsuz da mənzilə sahib olmurlar. Çünki nə bina inşa edilib, nə də onların pullarını geri qaytaracaq kimsə var".
Ekspert 6 bənddən ibarət təkliflər paketini açıqlayıb: "Birincisi, Ukraynada olduğu kimi, Azərbaycanda da tikinti şirkətlərinin internet səhifəsinin olması icbari xarakter daşımalıdır. Öz internet səhifələrində tikinti şirkətləri inşa edilən və ya inşa ediləcək binada satılan mənzillərlə bağlı məlumat yerləşdirir. Bu da imkan verir ki, alıcı hər hansı bir şirkətin inşa etdiyi binada mənzil almaq istəyərkən həmin şirkətin veb səhifəsinə daxil olmaqla müəyyən edə bilsin ki, hansı mənzillər satılıb, hansılar satılmayıb. Eyni zamanda, tikinti şirkəti öz saytında hər bir müştəriyə xüsusi kabinet açır və o da mütəmadi olaraq ora daxil olaraq ödəniş, tikinti prosesi və digər məlumatları əldə edə bilir. Bu, eyni zamanda şirkətlərin şəffaf işləməsinə imkan yaradır.
İkincisi, bir sıra Cənubi-Şərqi Asiya ölkələrində olduğu kimi, mənzillərin bölgüsü ilə bağlı xüsusi komissiyanın yaradılması mümkündür. Belə komissiyalar əksər hallarda dövlət qurumlarının və ya yerli icra hakimiyyəti orqanlarının nəzdində yaradılır. Bu zaman həmin komissiya mənzillərin qiyməti və ya kimə satılması ilə bağlı məsələlərə müdaxilə etmir. Sadəcə, satılan mənzillərin qeydiyyatını aparır. Bu qeydiyyatını, hətta sonrakı mərhələdə elektronlaşdırıla bilər. Yəni məsələn, yeni inşa edilən binada 3-cü blok 10 saylı mənzil satılıbsa artıq onun məlumatlarını sistemə yenidən daxil etmək olmur, elektron sistem qəbul etmir və bununla da alıcı həmin mənzil artıq satıldığını bilir.
Üçüncüsü, mənzillərin satılması zamanı nağd ödənişlər qadağan edilməlidir. Ödənişlər yalnız banklar vasitəsi ilə həyata keçirilməlidir və həyata keçirilən bank əməliyyatı ilə bağlı isə bütün məlumatlar şirkətin saytında yerləşdirilməlidir.
Dördüncüsü, qanunvericilikdə dələduzluqla məşğul olan tikinti şirkətlərinə qarşı cərimələrin və cəzanın daha ağırlaşdırılmasına ehtiyac var. Çünki bu məsələdə inzibati metodlar da az təsirə malik deyil.
Beşincisi, bundan başqa Məhdud Məsuliyyətli Cəmiyyətlərin (MMC) tikinti ilə məşğul olması birmənalı şəkildə qadağan edilməlidir. Doğrudur, hal-hazırda mənzil sənədləri verilən zaman şirkətin statusunun MTK olması tələb edilir. Bununla belə, praktika göstərir ki, vətəndaşları aldadanlar da məhz MMC kimi fəaliyyət göstərən cəmiyyətlərdir. Məsuliyyəti məhdud olduğuna görə vətəndaşlar aldadılanda, onların qarşısında öhdəliklər yerinə yetirilməyəndə həmin quruma qanunvericiliklə təsir imkanı xeyli məhduddur. Onların qanuna əsasən məsuliyyəti məhdud olduğuna görə öhdəlikləri də məhdud olur. Bəzi hallarda aşkarlananda ki, MMC-lər vətəndaşları aldadırlar, o halda belə vətəndaşlara dəymiş ziyanı bərpa etmək mümkün olmur və ya vətəndaşların hüquqlarının qorunmasında problem yaranır.
Nəhayət, yeni tikilən və istifadəyə qəbul edilməyə mənzillərin alqı-satqısı üçün "Asan" Xidmətin nəzdində xüsusi elektron baza yaradıla bilər. Bütün alqı-satqı əməliyyatları ilə bağlı məlumatın həmin bazaya daxil edilməsi məcburi xarakter almaqla yanaşı, MTK-ların birbaşa alıcıya mənzil satması qadağan edilməlidir".
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53