Aparıcı şosselər pullu olacaq
12:47 15-05-2012
İQTİSADİYYAT
Aparıcı şosselər pullu olacaq
Bakı-Astara, Bakı-Qazax və Bakı-Quba yollarına girişin 1 manat olacağı gözlənilir
Son illər ölkənin əsas magistral yollarının yenidən qurulması və əsaslı təmiri prosesi həyata keçirilir. Hal hazırda Nəqliyyat Nazirliyinin nəzarəti altında bir çox istiqamətlərdə ana şosselərin inşası reallaşdırılır. Onlar Bakı-Astara və Bakı-Qazax magistral yollarıdır. Bakı-Quba yolu isə yenicə təmirdən çıxdığı üçün istifadəyə verilib.
Bildirək ki, qeyd olunan yolların yaxın illərdə istifadəyə verilməsi nəzərdə tutulub. Lakin onlar istifadəyə veriləndən sonra bütün istiqamətlərdə magistral şosselər pullu olacaq. Bu barədə "Unikal"a məlumat verən mənbənin bildirdiyinə görə, Nəqliyyat Nazirliyində bununla bağlı müzakirələr gedib. Həmin müzakirələr nəticəsində qərara alınıb ki, yolların gələcəkdə qorunması, təmiri və bərpasını təmin etmək məqsədi ilə onların pullu olması məqsədəuyğundur.
İlkin razılaşmaya əsasən əsas yollarda hərəkət etmək istəyən sürücülər üçün giriş haqqı 1 manat nəzərdə tutulacaq. Növbəti illərdə isə bu rəqəmin artırılıb-azaldılması məsələsinə baxılacaq. Belə bir təcrübənin xaricdən götürüldüyünü bildirən mənbə qeyd edib ki, yollarda hərəkətin pullu olması ilə yanaşı, sürət hədlərinə də müəyyən dəyişikliklərin olacağı nəzərdə tutulur. Qeyd olunur ki, ana yollarda sürət həddi saatda 120 km-dən çox olacaq.
Xatırladaq ki, dünyanın əksər ölkələrində aparıcı yollar pulludur. Bunun ən bariz nümunəsi kimi, İranda Ərdəbil-Təbriz və Tehran-Təbriz, habelə qardaş Türkiyədə İstanbula yön almış magistral yolların pullu olmasını göstərə bilərik. Düzdür, İran və Türkiyədə bu qiymətlər fərqlidir. Məsələn, İranda Təbriz-Ərdəbil yoluna giriş haqqı Azərbaycan pulu ilə 20 qəpik olsa da, Türkiyədə bu rəqəm 1 manata qədərdir.
Araşdırmalarımız zamanı məlum olub ki, Avropanın pullu magistral yolları "A" hərfi ilə işarələnir. Pulsuz alternativ magistralları isə "N" hərfindən tanımaq olar. İspaniyada pullu avtomagistralların uzunluğu 10 min kilometrdən artıqdır. Mütəxəssislərin fikrincə, bunlar Avropada ən keyfiyyətli yollardır. Bir qayda olaraq, yol haqqı tunellərdən, körpülərdən və estakadalardan keçidə görə alınır.
Tariflər nəqliyyat vasitəsinin növündən və məsafədən asılı olaraq dəyişir. Minik avtomobilində Madriddən Baraxas aeroportuna qədər getmək üçün 1,75 avro ödəmək lazımdır. Madriddən Barselonaya qədər səfər (200 km) isə sürücüyə 30 avroya başa gəlir. Eyni zamanda qeyd edək ki, pulsuz yollar da əla vəziyyətdə saxlanılır və ispan sürücülərin çoxu məhz həmin yolları seçirlər.
İtaliyada Romadan Neapola qədər səfər 11 avroya, Romadan Florensiyaya qədər səfər isə təxminən 15 avroya başa gəlir. Avtomobil pullu yola daxil olarkən sürücü avtomat vasitəsilə talon alır. Orada avtomobilin pullu yola məhz harada daxil olduğu göstərilir. Avtomobil pullu yoldan çıxarkən qət edilmiş məsafə hesablanaraq yol haqqı ödənilir.
Çində isə pullu yolun alternativini heç də həmişə tapmaq mümkün olmur. Burada pullu yoldan istifadə haqqı hər kilometr üçün 8 sentdir. Pekindən populyar dəniz kurortu Beydayxeyə qədər səfər (260 km) 17 dollara başa gəlir. Belə tariflər yerli sakinlərdə narazılıq yaradır.
Yolların pullu olmasının nə kimi faydaları olacağına dair ekspertlərin fikirləri isə müxtəlifdir. Onların bir qismi qeyd edir ki, yolların saxlanılması böyük məsrəflər tələb edir. Ona görə də, pullu xidmət nəticədə həmin yolların saxlanılma keyfiyyətini yüksəldəcək. Eksertlərin qənaətinə görə, dövlət bu yolların yeni tikilməsindən sonra istənilən səviyyədə saxlanması üçün problemlərlə üzləşir. Bəzi ölkələrdə yollar pullu xidmət göstərir. Oradan götürülən gəlir həm onu istifadəyə verən şirkətin biznesinin qurulmasına sərf olunur. Eyni zamanda da bu, yolların saxlanması yüksək səviyyədə təmin olunur.
Bir qism iqtisadçılar isə belə bir sual düşündürür: Beton yolun tikintisi büdcədən maliyyələşirsə, nuyə ödənişli olur? Ekspertlərə görə, bu sadəcə absurddur. Onlar hesab edirlər ki, əgər bunu dövlət idarəsi- "Azəryolservis" tikirsə, necə ola bilər ki, xidmət pullu olsun? Çünki bu dövlət idarəsidir və Azərbaycan Respublikasının büdcəsindən maliyyələşir.
Onların rəyinə görə, başqa dövlətlərdə belə layihələri kommersiya, biznes sferası həyata keçirir. Sonra da qoyduqları vəsaiti çıxarırlar. "Burda anlaşılmazlıq odur ki, neftdən formalaşan büdcənin puluyla layihə reallaşır. Amma sonra da onu pullu etmək istəyirlər. Məntiqsizlik burdadır. Konstitusiyadada yazılıb ki, neft xalqa məxsusudur".
Ekspertlər deyir ki, bu işə xarici investorlar cəlb olunsaydı və ya yolu yerli kommersiya qurumlari tiksələriydi, onun pullu olması başadüşülən olardı. "Yol xüsusi mülkiyyət olardısa həm keyfiyyətli çəkilərdi, həm də keyfiyyətli xidmət göstərilərdi. Dövlətin iştirakı olmadan bu proses reallaşır. Ya da bələdiyyələrə verilir, məsələn Türkiyədə. Bu vəsait də bələdiyyələrin inkişafına sərf olunur. Bələdiyyənin pulu kiminsə cibinə getmir".
Orta mövqe nümayiş etdirən ekspertlər də az deyil. Onlar hesab edirlər ki, dövlət büdcəsi hesabına çəkilən yol ödənişli ola bilər. Amma bir şərtlə, sonradan həmin pul büdcəyə qayıtsın. Ekspertlərin rəyinə görə, alternativ yol varsa həmin yol gəlir versin. Yox əgər həmin gəlir "Azəryolservis"in hesabına gedəcəksə onda lazım deyil.
Hökumətə yaxın müşahidəçilər isə hesab edirlər ki, dövlət hesabına ödənişli yol salına bilər. Onlar hətta belə nümunələr də göstərirlər. Ekspertlər qeyd edir ki, dövlət qoyduğu vəsaiti geri götürmək üçün belə addım ata bilər. Bu ənənə qonşu Türkiyədə var. İkinci Boğaz körpüsü dövlət vəsaiti hesabına qurulub. Beynəlxalq Valyuta Fondundan alınan vəsaiti geri qaytarmaq üçün pullu edilib.
Amma onlar deyir ki, Azərbaycanda dövlət qurumları bəzən başqa ölkələrin nümunələrini tələm-tələsik tətbiq etməyə, pilot layihələr gerçəkləşdirməyə çalışırlar. Halbuki bundan öncə həmin layihələrin iqtisadi nəticələri öyrənilməli, nə dərəcədə faydalı, məqsədyönlü olub-olmadığı araşdırılmalıdır.
İqtisadçılar bildirir ki, Azərbaycanda ödənişli yolu indiki məqamda özəl şirkətin tikməsi daha məqsədə uyğundur. Dövlətsə pullu yol inşa olunmazdan qabaq vətəndaşlarına alternativ, pulsuz yolu təklif etməlidir. Yəni ödənişli yoldan öncə pulsuz yolu inşa etməlidir.
Cavid Qarabağlı
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17