"Tikinti oliqarxları"nın daha bir qaranlıq qazanc yeri
11:05 23-12-2014
İQTİSADİYYAT
"Tikinti oliqarxları"nın daha bir qaranlıq qazanc yeri
Yeni tikilən binalarda mənzil alan vətəndaşları soymağın növbəti üsulu üzə çıxdı
Azərbaycanda tikilən yeni çoxmərtəbəli binalarda əksər hallarda vətəndaşlara qarşı dələduzluqların edilməsi ilə bağlı məlumatlara tez-tez rast gəlirik. Söhbət hündür mərtəbəli binalarda kommunal xidmətlərin qiymətlərindən gedir.
Belə ki, tikinti şirkətləri yeni binalarda bütün xidmətlərin təşkil ediləcəyini vurğulasa da, sonradan mənzil alanlar bunun əksi ilə qarşılaşırlar. Üstəlik kommunal xidmətlərlə bağlı elə məbləğlər təyin olunur ki, bəzi bina sakinlərinin bunu ödəməyə belə maddi imkanı çatmır.
"Əmlak Bazarı İştirakçıları" Birliyinin sədri Ramil Osmanlı deyir ki, adətən qiymətlər kvadratmetrə görə təyin olunur: "Apardığımız araşdırmalara əsasən qiymətlər 20 qəpikdən başlayır. Bəzi binalarda hətta 2 manata qədər dəyişir." O, hesab edir ki, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərinin yaradılması istiqamətində müəyyən addımlar da atılmalıdır. Yeni tikilən hündür mərtəbəli binalara gəldikdə isə bu sahədə boşluq olduğu qənaətindədir: "Yəni Mənzil Tikinti Kooperativləri mülkiyyətçilərinin mövcud hüquqi sənədləri - çıxarışları olmadığına görə bu məsələlərdə şəxsi istəklərinə uyğun olaraq hərəkət edirlər. Düşünürəm yeni binaların sənədləşdirilməsi bu problemin həll olunmasına gətirib çıxara bilər. Mülkiyyətçilər o binaları özləri idarə etmək məsələsini ortaya qoya bilərlər və ümumi yığıncaqlar çağırarlar. Bunun üçün zəruridir ki, ilkin mülkiyyət sənədlərinə malik olsunlar."
İqtisadçı Vüqar Bayramlı isə deyir ki, yeni tikilən binalarda xidmətlər eyni olmasına baxmayaraq, qiymətlər fərqlidir. "Praktiki olaraq Mənzil Məcəlləsinin belə binalarda yaşayan sakinlərin iştirakı ilə xüsusi komitələrin yaradılması ilə bağlı maddəsi və qanunvericilik aktı təəssüf ki, hələ işləmir və buna əməl edilmir. Qanunvericilik aktına əməl edilmədiyi üçün də fərqli qiymətlər tətbiq olunur." Ekspertin sözlərinə görə, komitələr olarsa, bu, imkan verəcək ki, standart bir qiymət tətbiq edilsin. İqtisadi baxımdan fərqli məbləğlərin təyin olunmasının isə heç bir əsası yoxdur: "Bəzi hallarda hətta qonşu binalarda belə eyni mərtəbə, eyni otaqlı olan mənzillərdə kommunal məbləğlər müxtəlif olur. Bu qiymətlərin heç bir əsaslandırılması və metodologiyası yoxdur. Binanı idarə edən şəxslər özləri istədiyinə uyğun olaraq məbləğlər təyin edirlər. Təyin olunan məbləğlər isə çox hallarda binada yaşayan sakinlərin ödəmə qabiliyyətinə cavab vermir. Şəhərin mərkəzində orta aylıq ödəniş 50 manat, eləcə də bəzi binalarda 70 manata qədər yüksəlir. Praktiki olaraq həmin ödəniş edilməsində bir sıra ailələrdə problemlər yaranır. Eyni zamanda, bu məbləğlər qaz, suya görə də ayrıca ödənilməlidir. Elə olur ki, edilən ödənişlər 200-250 manata yüksəlir."
İqtisadçı yeni tikilən binalarda kommunal xidmətlərin konkret qiymətlərinin müəyyənləşdirilmədiyini vurğulayır: "Qanunvericilikdə konkret qiymət müəyyənləşdirilməyib. Binada yaşayan sakinlər tərəfindən formalaşdırılan komitələr həmin qiymətləri müəyyən etməldirlər. Nəzərə alsaq ki, həmin sakinlərin iştirakı ilə komitələr yaradılmır, məbləğlər müəyyən edilmir. Əksinə isə binanı inşa edən şirkət praktik olaraq məbləği özü müəyyənləşdirir. Məbləğin müəyyənləşdirilməsində sakinlər iştirak etmədiyi üçün əksər hallarda ödənişlərin daha yüksək və böyük olmasına gətirib çıxarır."
Ekspert çıxış yolunu qanunvericiliyə uyğun olaraq tariflərin tənzimlənməsində görür: "Daha məqsədəuyğundur ki, Bakının rayonları üzrə müəyyən tariflər müəyyənləşdirilsin. Bina sahiblərinə qiymətlərin təyin edilməsi ilə bağlı hüquq verilməsin. Komitələr formalaşarsa sakinlərə imkan verəcək ki, bina sahibləri yüksək qiymətlər tətbiq edə bilməsin. Məsələn I zona üzrə hündür mərtəbəli binalarda maksimum məbləğ 30 manat müəyyənləşdirilə bilər. Bu isə o deməkdir ki, binanı idarə edən şəxs 30 manatdan artıq məbləğ toplaya bilməyəcək. Bununla da daha yüksək məbləğlərin qarşısının alınması mümkündür."
Bir sözlə, bəzi "tikinti oliqarxları" vətəndaşları soymağın daha bir üsulunu icad ediblər. Onların belə bir qanunsuz qazanc metodunu aradan qaldırmaq isə artıq əlaqədar qurumların üzərinə düşür. Əlbəttə, əgər onlar həmin "tikinti oliqarxlarının" maddi gücündən və nüfuzundan çəkinmirlərsə!
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-28 15:45:38
2024-11-28 13:52:38
2024-11-28 12:54:40
2024-11-28 11:57:33
2024-11-28 11:49:43
2024-11-28 10:58:44
2024-11-28 10:19:48
2024-11-28 09:10:34
2024-11-27 13:26:40
2024-11-27 13:25:31
2024-11-27 12:57:54
2024-11-27 12:53:29
2024-11-27 12:39:39
2024-11-27 12:38:08
2024-11-27 12:26:45
2024-11-27 12:11:51
2024-11-27 12:06:18