Ukrayna Krımı qaranlığa qərq etdi
12:17 25-12-2014
İQTİSADİYYAT
Separatçı "respublika"dan SOS: mövcudluğumuz üçün 15 gün qaldı
Ukrayna Rusiya tərəfindən ilhaq olunan Krım yarımadasının elektrik enerjisi təchizatını tamamilə dayandırıb. publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Krımın "yanacaq və energetika naziri" Sergey Yeqorov bildirib.
"Ukrayna birtərəfli qaydada Krım Respublikası və Sevastopol şəhərlərinin elektrik enerjisi təchizatını dayandırıb. Hakimiyyət yarımadanın heç olmasa yarısını işıqla təmin etməyə çalışır. Bu məqsədilə Krım və Sevastopolun generator sisteminin işə salınması üçün tədbirlər görülür", - "nazir" vurğulayıb.
Sergey Yeqorov yarımada ərazisində mobil rabitə əlaqəsinin də kəsildiyini deyib. "Nazir" yarımadanın elektrik enerjisi ilə təmin olunması üçün Ukrayna ilə danışıqların aparıldığını deyib.
Hazırda yarımadada işıqforlar belə işləmir. Yollarda dəhşətli tıxaclar yaranıb və qəzalar qeydə alınır.
"Luqansk Xalq Respublikası" 15 gündən sonra mövcud olmayacaq". Bu barədə isə video-konfrans zamanı Sstaxanov atamanı, "Staxanov - Simferopol" terror qrupunun lideri Pavel Dryomov bildirib.
Onun sözlərinə görə, "respublika"da ərzaq ehtiyatları qurtarmaq üzrədir. Pavel Dryomov əlavə edib ki, Krım və Rusiyadan humanitar yardım gələcəyinə ümid edir.
Bir müddət əvvəl yayılan məlumatlara görə, Pervomayskdakı yerli kazaklar Rusiyadan göndərilən və yerli sakinlər üçün nəzərdə tutulmuş ərzaq paylarını oğurlayıb. Kazaklar isə bildirirlər ki, yerli sakinlərə Rusiyadan heç bir humanitar yardım göndərilməyib.
Qeyd edək ki, Pavel Dremovun hazırda Kreml üçün "arzuolunmaz" şəxslərdən hesab olunduğu deyilir. Ötən ay Rusiya xüsusi xidmət orqanları Qorlovka şəhərində "Bes" qruplaşmasının liderlərindən olan "Yakutu" öldürüblər. Rusiya Müdafiə nazirinin keçmiş məsləhətçisi, Müdafiə İslahatları Mərkəzinin rəhbəri Aleksandr Danilyuk həmin vaxt bildirmişdi ki, növbəti hədəf Dremovdur.
"Donbasda demokratiya başa çatdı. Rusiya xüsusi xidmət orqanları lazımsızları təmizləməyə başlayıblar. Dünən Qorlovkada Bes qruplaşmasının liderlərindən olan Yakut öldürüldü. Rusların analoji əməliyyatları Staxanov atamanı Pavel Dremov üzərində də aparılacaq", - Danilyuk söyləmişdi.
Pavel Dremovun Luqansk vilayətində aclığın olacağı barədə həyəcan siqnalı Rusiyanın humanitar yardım adı altında separatçılara silah göndərdiyi iddiaları gücləndirir.
ABŞ Rusiyanın Ukraynaya təcavüzünə icazə verib?
ABŞ Rusiyanın Ukraynaya təcavüzünə icazə verib. Belə bir iddia ilə Estoniya prezidenti Tomas İlves "The American Interest" nəşrinə müsahibəsində çıxış edib.
Dövlət başçısı hesab edir ki, Rusiyanın Krımı işğal etməsi və Donbas hövzəsinə təcavüzünə Qərbin reaksiyası qeyri-adekvatdır.
"Moskva özünün təcavüzkar niyyətlərini dəfələrlə bəyan edib. 2009-cu ildə Rusiya Federasiyasının baş naziri Vladimir Putin və Rusiya prezidenti Dmitri Medvedev açıq şəkildə bildirdilər ki, NATO-ya daxil olmasına imkan verməmək üçün öz qoşunlarını Gürcüstana daxil etdilər. Amma Avropa Birliyi və ABŞ bunlara heç bir reaksiya vermədi, nəticədə Rusiyanın özünü təcavüzkar kimi aparmağa icazə verdi", - deyə Estoniya prezidenti deyib.
Estoniya prezidenti daha əvvəllər əminliyi ifadə etmişdi ki, Baltikyanı ölkələrini "Donetsk ssenarisi gözləmir.
Konqresmen:
"Ukrayna NATO-ya "yeni
nəfəs" verərdi"
"Ukraynanın NATO-ya girişi İttifaqa "yeni nəfəs" verərdi". publika.az-ın verdiyi xəbərə görə, bu sözləri "Ukraynanın azadlığına dəstək Aktı"nın müəlliflərindən olan amerikalı konqresmen Adam Kinzinger TSN kanalına müsahibəsində deyib.
"Mən Ukrayna və Gürcüstanı NATO sıralarında görməkdən məmnun olardım. Amma bu həqiqətən də uzun və mürəkkəb prosesdir. Amma bu danılmazdır ki, Ukrayna ittifaqa yeni nəfəs verərdi", - Adam Kinzinger bildirib.
Xatırladaq ki, Ukrayna Ali Radası srağagün bloklara qoşulmayan üzv ölkə statusundan imtina edib. Yeni qanun bütün hərbi-siyasi ittifaqlara, o cümlədən NATO-ya qoşulmaq üçün sifariş verməyə icazə verir.
Yanukoviç keçmiş
işçisini "satdı"
Bu arada məlum olub ki, Maydandakı etiraz aksiyasını dağıtmaqda ittiham olunan Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç keçmiş işçisindən şübhələnir. Xarici KİV-in verdiyi xəbərə görə, Rusiyaya sığınan sabiq prezident bu ölkənin mediasına müsahibəsində etiraz aksiyasının dağıdılmasının arxasında Ukrayna Prezident Administrasiyasının keçmiş rəhbəri Sergey Levoçkinin dayandığını bildirib.
"Noyabrın 30-da keçirilən aksiyanın dağıdılmasının arxasında kimin dayandığını başa düşmək üçün bunun kimə sərf etdiyini anlamaq lazımdır. Aksiyanın dağıdılması mənim üçün tamamilə əlverişsiz idi. Sözsüz ki, aksiyanın dağıdılması üçün heç bir əmr verməmişdim və ola da bilməzdi", - Yanukoviç deyib.
Yanukoviçin fikrincə, aksiyanın dağıdılması yaxşı təşkil edilmiş təxribat idi. Sabiq prezident həmçinin qeyd edib ki, aksiyanın dağıdılmasının arxasında Levoçkinin olması barədə əlində tutarlı sübutları olmasa da, ondan şübhələnmək üçün səbəblər kifayət qədərdir.
Qeyd edək ki, fevralın 25-də Viktor Yanukoviç barəsində cinayət işi qaldırılıb. Keçmiş prezident qəsdən adam öldürməkdə ittiham olunur. Fevralın 26-da isə Yanukoviç beynəlxalq axtarışa verilib.
Ukrayna daxili işlər nazirliyinin məsləhətçisi Anton Qeraşenkonun məlumatına görə, Rusiya prezidenti Vladimir Putin Yanukoviçə məxfi fərmanla Rusiya Federasiyasının vətəndaşlığını verib.
Saakaşvili: "Bu,
Poroşenkonu qələbəsidir"
"Lukaşenko və Nazarbayevin Kiyevə səfərləri Poroşenkonun qələbəsidir". Bu barədə isə Belarus prezidenti Aleksandr Lukaşenko və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin dekabrın 21-22 tarixlərində Kiyevə səfərlərini şərh edən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bildirib.
"Poroşenko sadəcə olaraq parıldayan diplomatdır. Nazarbayevlə Lukaşenkonun Kiyevə səfərləri onun qələbəsidir. Rusiya ən dərin böhrana daxil olacaq və Putin bu böhrandan tamamilə çıxa bilməyəcək. Düşünürəm ki, Lukaşenko və Nazarbayev Putinin taleyini yaşamaq istəmirlər. Qazaxıstan və Belarus Rusiyaya çoxdan xüsusi sevgi hiss etmir. Ancaq yalnız indi bu mənfi emosiyalar üzə çıxır", - Saakaşvili hesab edir.
Saakaşvili həmçinin vurğulayıb ki, Rusiya Federasiyası Ukraynanın bloklara qoşulmayan ölkə statusundan imtinasına qədər Ukraynanın düşməni olmuşdu.
Ukrayna DİN-də dinləyici
qurğu aşkarlandı
Dünən həmçinin o da məlum olub ki, Ukrayna daxili işlər nazirinin müavini Serqey Çebotarın otağında dinləyici qurğu aşkarlanıb. Bu barədə Ukrayna DİN-in rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
Çebotarın otağının qapısının tutacağına quraşdırılmış kamera həm video, həm də audio siqnallar ötürə bilirdi və 24 saat işlək idi.
Çebotarın sözlərinə görə, dinləyici qurğunun quraşdırılması DİN-in keçmiş rəhbəri ilə əlaqəsi ola bilər.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31