Saxta elmi dərəcə alan vəzifəli şəxslər ifşa olunacaq
Saxta elmi dərəcə alan vəzifəli şəxslər ifşa olunacaq

Plagiat dissertasiya işləri yoxlanacaq, pulla alim olanların adları əllərindən alınacaq

Azərbaycanda bir çox sahədə olduğu kimi, elm sahəsində də ciddi problemlər var. Xüsusən də elmi adların və elmi dərəcələrin verilməsi ilə bağlı çatışmazlıqlar narahatedici səviyyədədir.

Elə dünən Milli Məclisin Elm və təhsil komitəsində "Elm haqqında" qanun layihəsinin müzakirəsi zamanı BAXCP sədri, deputat Qüdrət Həsənquliyev layihədəki qüsurlardan danışıb. Onun fikrincə, elmi adların verilməsində problemlər var. Deputat qeyd edib ki, elmi dərəcəsi olmayan şəxslərə dosent, professor adı verilməsi düzgün deyil: "Onlar da müsabiqə vasitəsilə müvafiq elmi vəzifəyə təyin olunmalıdırlar. Bu müddəanın qəbul olunması sonradan elm sahəsində bir çox nöqsanların ortaya çıxmasına səbəb olacaq. Ali Attestasiya Komissiyasını ləğv etməliyik, çünki inkişaf etmiş ölkələrdə bu komissiya fəaliyyət göstərmir, yaxud ekspertlərə səlahiyyət verilməlidir ki, böyük bir prosesdən keçdikdən sonra elmi işi təsdiq etməsin, o zaman həmin elmi rəhbər dərhal elmi dərəcədən mərhum edilməlidir. Ümumiyyətlə, Azərbaycanda elmi işə səs verən bütün alimlər elmi dərəcələrindən məhrum olmalıdırlar. Əgər onlar plagiat işə oxumadan səs verirlərsə, elmi rəhbər saxta işə səs verirsə, onların fəaliyyətinin qarşısı alınmalıdır. Düşünürəm ki, bu sahədə müvafiq qərar qəbul etməliyik. Bilirik ki, Ali Attestasiya Komissiyası əlavə bürokratik mərhələdir. Bu qurumda burada deyilməsi mümkün olmayan hadisələr baş verir".
"Unikal" qəzeti olaraq, bu məsələylə bağlı dəfələrlə araşdırma apararaq ortaya ciddi faktlar çıxarmışıq. Araşdırmalarımızın nəticəsində məlum olub ki, Azərbaycanda son illərdə vəzifəli şəxslər, millət vəkilləri neqativ yollarla elmə iddia etmələri adi hala çevrilib. Çünki elm sahəsində elə bir vəziyyət yaradıblar ki, kifayət qədər pul xərcləyib "alim" olmaq mümkündür. Bu gün Milli Məclisdə təmsil olunan bəzi deputatlar, bir sıra iş adamları, vəzifəli şəxslərin son dövrlər elmi dərəcə almaları ilə bağlı kifayət qədər təkzibolunmaz faktlar var. Nəzərə alsaq ki, hər hansı bir sahə üzrə dissertasiya yazmaq savad, bacarıq bir tərəfə qalsın, çox böyük vaxt tələb edir. Amma ay ərzində bir neçə xarici səfərlərdə olan, hər gün də müxtəlif tədbirlərdə iştirak edən millət vəkillərinin, iş adamlarının dissertasiyasını nə zəman yazdıqları sual altındadır. Bu da onu göstərir ki, həmin məmurlar, millət vəkilləri və digər vəzifəli şəxslər əyri yollarla elmi adlar alırlar.
Onu da nəzərə çatdıraq ki, artıq bu məsələ ilə bağlı ciddi araşdırma başlayıb. Millət vəkili Qüdrət Həsənquliyevin bu məsələnin üzərinə gəlməsi də bunun tərkib hissəsidir. Bu barədə "Unikal"a məlumat verən bilgili şəxslərin sözlərinə görə, arıtq saxta elmi dərəcələrin, dissertasiyaların yoxlanılması barədə qərar verilib. Bu isə o deməkdir ki, yaxın müddətdə xeyli sayda saxta elmi dərəcə alan, plagiat dissertasiya işi yazan vəzifəli şəxslər, millət vəkilləri, biznesmenlər aşkara çıxacaq. Ancaq bu məsələdə sadəcə, ictimai qınaqla kifayətlənilməyəcək. Pulla elmi dərəcə verənlərlə bağlı ciddi ölçü götürüləcək. İnanaq ki, deputatın yuxarıda səsləndirdiyi təklif aidiyyatı qurumların da diqqətini çəkəcək və onlar səslənən təklifləri, tələbləri nəzərə alacaq, bu istiqamətdə konkret, əməli addımlar atacaqlar.
Ekspertlər isə bu məsələnin gündəmə gətirilməsini təqdirəlayiq, eyni zamanda olduqca əhəmiyyətli hesab edirlər. Bildirilir ki, plagiat dissertasiyalarla bağlı sərt cəzalar müəyyənləşdirilərsə, bunun ən böyük zərbəsi bəzi məmurlara dəyəcək. Çünki bir çox vəzifəli şəxslər əllərindəki maddi imkanlarından və digər təsir rıçaqlarından istifadə edərək elmi ad almağa çalışır, əksər hallarda isə buna nail olurlar.
Fəlsəfə doktoru, dosent Faiq Ələkbərov isə "Unikal"ın əməkdaşı ilə söhbətində deyib ki, vaxtilə dövlət orqanlarında çalışan yüksək çinli sabiq məmurların AMEA-nın institutlarına axın etmələri də bir tendensiyaya çevrilib: "Artıq demək olar ki, bu dəb şəklini almışdır. Belə ki, vaxtilə yüksək vəzifələrdə çalışan, yaxud çalışmaqda olan bir çox məmurlar, millət vəkilləri ya gəlib burada elmi dərəcələr alırlar, ya da institutlarda müxtəlif vəzifələr (direktor, direktor müavini, şöbə müdiri və s.) tuturlar. Bir sözlə, əsas elmi bilik və alimlik keyfiyyətləri deyil, "əsas" keçmiş vəzifəlilik, pulluluq, ya da kiminsə adamı olmaqdır. Azərbaycan elminin "yeniliklər"indən biri də, bəzi dissertasiyaların və kitabların mahiyyəti və məzmunu ilə bağlıdır. Çox təəssüflər olsun ki, bugünkü dissertasiyalar və kitabların heç də az olmayan qismi bir-birinin təkrarı, ümumi söz yığınağıdır. Bunu üçün, son 10-15 ildə AAK-a göndərilmiş bəzi dissertasiyaları və ölkədə nəşr olunmuş kitabları oxumaq kifayətdir. Hətta iş o yerə gəlib çatmışdır ki, bir neçə dəfə dövlət rəhbərliyi səviyyəsində bu məsələ qaldırılmış, qanuna zidd əməllərinə görə AMEA və AAK sistemindəki bəzi şəxslər işlərindən kənarlaşdırılmışlar. Ancaq bu məsələnin köklü həlli baxımından yetərli olmamışdır".
Z.MƏMMƏDLİ