Şok: Rusiyanın valyuta ehtiyatları 100 milyard dollar azaldı
11:44 27-12-2014
İQTİSADİYYAT
Şok: Rusiyanın valyuta ehtiyatları 100 milyard dollar azaldı
Kremlin 2014-cü il xarici siyasətinin nəticəsi: Putin ölkənin geosiyasi nüfuzunu sıfırladı!
Rusiyanın beynəlxalq valyuta ehtiyatları 400 milyard dollardan da aşağı düşüb. Rusiya mediasınvn verdiyi məlumata görə, ölkənin valyuta ehtiyatları 398,9 milyard dollar qədər azalıb.
Bu isə 2009-cu ilin avqust ayında - beynəlxalq maliyyə böhranından sonra qeydə alınan göstəricidən də aşağıdır. Valyuta ehtiyatları dekabrın 12-dən 15,7 milyard dollar azalıb.
Rusiya Mərkəzi Bankının məlumatına görə, 2014-cü il yanvar ayının sonunda ölkənin beynəlxalq ehtiyatları 498,9 milyard dollar təşkil edirdi. Bu isə təxminən bi il ərzində ölkənin valyuta ehtiyatlarının 100 milyard dollar azalması deməkdir.
Putindən etiraf: "Səhv etdik"
Rusiya hökumətində 2014-ci ilin nəticələri ilə bağlı toplantı keçirilib. Rusiya mediasının verdiyi məlumata görə, toplantıda çıxış edən prezident Vladimir Putin iqtisadiyyatda problemlərin yaranmasında səhvlərinin olduğunu deyib.
"Qarşlaşdığımız çətinliklər yalnız xarici amillər, sanksiyalar və məhdudiyyətlərlə bağlı deyil. Problemlər həm də illərdir inkişaf edən səhvlərimizlə də bağlıdır", - deyə Rusiya dövlət başçısı dilə gətirib.
Daha innovativ vəziyyətə gətirmək üçün iqtisadiyyatın quruluşunu dəyişdirməyə çalışdıqlarını deyən Putin bu istiqamətdə bir çox addımların atıldığını vurğulayıb. Dövlət başçısı həmçinin qeyd edib ki, hazırkı problemlər bu addımların kifayət etmədiyini göstərir.
Putin necə diplomatdır?
"Rusiya dövlət başçısı Vladimir Putin prezidentliyinin üçüncü dövründə daxili siyasəti unudaraq, Rusiyanı dünyanın aparıcı ölkələri sırasına qaytarmağa qərar verib. Amma bu qərar əks-effekt verib: Rusiyanın dünyadakı nüfuzu çox aşağı düşüb və sadə rusiyalılar da bunun fərqindədir". Bunu isə publika.az saytı yazıb.
Saytın yazdığına görə, Rusiya Strateji Araşdırmalar Mərkəzinin keçmiş prezidenti Mixail Dmitriyev və sosioloq Sergey Belanovskinin yeni tədqiqatı rusiyalıların Putinə və Rusiyaya olan baxışını açıq şəkildə ortaya qoyub. "Rusiyalıların siyasi əhvali-ruhiyyəsinin monitorinqi" adlı tədqiqatı çərçivəsində sorğu keçirilib və tədqiqatçılar vətəndaşlardan Rusiya və Putini hər hansı heyvanla müqayisə etməyi xahiş ediblər. Məlum olub ki, Rusiya və Putinin "status"unda kəskin düşmə baş verib. Əgər ilin əvvəlində Rusiya və Putin ayı, öküz və qartal kimi güclü heyvanlarla müqayisə edilirdisə, respondentlər hazırda canavar, hətta dovşan kimi heyvanların adlarını çəkirlər. Beləliklə, vətəndaşların fikrincə, Rusiyanın dünyada çəkisi və nüfuzu azalıb.
Halbuki prezident Putin dekabrın 18-də keçirdiyi illik mətbuat konfransında Rusiyanı Qərbin zəncirləmək istədiyi ayıya bənzədib. "Mən Valday klubunda çıxışımda bizim ən çox tanınan simvolumuz olan və tayqanı qoruyan ayıdan bir misal çəkmişdim. Mən hərdən düşünürəm ki, bəlkə bizim ayımız sakit otursun, tayqada qabanları qovalamasın, bunun əvəzində giləmeyvə, bal yesin. Bəlkə, belə olsa, onu rahat buraxarlar. Yox, rahat buraxmazlar. Hər zaman onu zəncirləməyə çalışacaqlar və buna nail olan kimi, onun dişlərini və dırnaqlarını sökəcəklər".
Putinin mətbuat konfransında ümidsiz çıxışı isə heç kimin diqqətindən yayınmadı. Kreml lideri dolayısı ilə etiraf etdi ki, meşələrin ən güclü heyvanı olan ayı hazırda müdafiə mövqeyindədir, dişlərini və dırnaqlarını qorumaqla məşğuldur. Putin fərqindədir ki, Rusiya neftin bir barelinin qiyməti 120-150 dollar olduğu zamanların Rusiyası deyil. Onun nüvə silahı ehtiyatına görə dünyanın iki ən böyük ölkəsindən biri olması belə aparıcı dövlətlər arasında yer alması üçün kifayət etmir. Rusiyanın qarşılaşdığı maliyyə problemləri də göstərdi ki, müasir dünyada qələbələr məhz banklar və birjalarda qazanılır. Rusiya ayısı ilə bu gün hücuma keçmək barədə deyil, dişlərini və dıqnaqlarını qorumaq barədə düşünür.
Rusiyanın "Vedomosti.ru" saytının yazarı Petr Kozlov hesab edir ki, Vladimir Putinə təkcə neftin qiymətinin 120-150 dollar olması deyil, həm də daxildəki rəqiblər üzərində qələbə dünyanın aparıcı ölkələri sırasına daxil olmağa kömək etmişdi: "2012-ci ildə ikinci dəfə Kremldə baş kürsüyə qalxan Putin xalqı sabit Rusiya ilə qovuşdurdu. Müxalifətə isə mesaj verildi: etirazlar yolverilməzdir. Bununla razılaşmayan "milli-satqınlar" və "cinayətkarlar" sakit oturmağa, ya da ölkədən getməyə məcburdur. Prezidentin daxildə möhkəm dayaqlar yaratması və sabit neft-qaz iqtisadiyyatı sayəsində Moskvanın mövqeyinə qulaq asmağa başladılar. Suriyada keçənilki böhran Rusiya təsirinin güclənməsinin nümunəsi oldu. Moskva qanlı vətəndaş müharibəsinə baxmayaraq, Bəşər Əsədi ABŞ-ın başçılıq etdiyi Qərb koalisiyasının müdaxiləsindən və polkovnik Qəddafinin taleyini yaşamasından xilas etdi. ABŞ Moskvanın təkidi üzrə kimyəvi silahlar üzərində nəzarətdən imtina qarşılığında Suriyaya müdaxilədən vaz keçdi. Bu, bütün dünyada Putinin diplomatik triumfu kimi qəbul olunmuşdu. Paralel olaraq Moskva MDB və BRİKS daxilində inteqrasiya proseslərini gücləndirdi".
Rusiyanın 2014-cü ilin fevral ayında Qış Olimpiya Oyunlarında qələbə qazanması da Putinin "şişməsi" üçün əlavə faktor olmuşdu. Bütün dünyanı qarşısına alaraq mart ayında Krımı özünə birləşdirməsi Kremldə belə qənaət yaratmışdı ki, o, qarşısı alınmayacaq tufan qədər güclüdür.
Petr Kozlov isə hesab edir ki, Rusiya yanılıb: "Qərb ənənəvi fikir ayrılıqlarını unudaraq Moskvaya qarşı vahid cəbhə ilə çıxış etdi. Diplomatiya zəhmətli məşğuliyyətdir və yalnız bacarıq deyil, həm də səbr tələb edir. "Ukrayna sərhədini təsadüfən keçən Rusiyanın desantçıları" təbliğatı, "hibrid diplomatiyası", Donbas hövzəsində yaradılan silahlı konflikt Ukraynanın NATO-ya doğru hərəkətinə mane olur. Amma "uçan" rubla görə sadə rusiyalılar əziyyət çəkəcək".
Bəli, Rusiya böyük dövlətlər sırasına qayıtmaq istəyir. Kozlovun da dediyi kimi, bunun üçün Vladimir Putin, Dmitri Medvedev, Sergey Şoyqu, Sergey Lavrov deyil, sadə rusiyalılar çox şeylərindən keçməli olacaqlar. Rusiyalı yazar qeyd edir ki, diplomatiya səbr tələb edir. Bir neçə gün bundan əvvəl ABŞ prezidenti Barak Obamaya jurnalistlərdən birinin sualı təxminən bu şəkildə olmuşdu: Suriyada Əsəd rejiminin saxlanılması və Krımın ilhaqından sonra çoxları sizin, bütövlükdə Qərbin Putinə məğlub olduğunu söylədi...? Obama isə cavabında belə düşünmədiyini bildirmiş və Rusiya iqtisadiyyatının hazırkı vəziyyətini göstərmişdi. Qərb səbir etdi və hələ də edir.
Ali Radanın vitse-spikeri Andrey Parubiyin dünən verdiyi açıqlaması da qələbə üçün səbir etməyin nə qədər əhəmiyyətli olduğunu göstərir: "Qərbin iqtisadi sanksiyaları və anti-terror əməliyyatları zonasında Ukrayna ordusunun fədakar mübarizəsi Putin imperiyasının sonunu yaxınlaşdırır. Qərbin sanksiyaları uzunmüddətli təsir üsuludur. Sanksiyaların nəticələri Rusiya üçün çox ciddi olacaq. Güman edirəm ki, Rusiya da SSRİ-nin kədərli sonunu yaşayacaq. Məndən soruşurlar ki, antiterror əməliyyatları zonasında nə etməliyik? Mən həmişə cavab verirəm: "Dayanmaq lazımdır". Cəbhə xəttində bu gün sabitlikdir və onu saxlamaq lazımdır. Cəbhə xətti Maydanımızın barrikadalarıdır. Düşünürəm ki, uzun müddət gözləməli olmayacağıq. Putinin iqtidarı hətta gələn il yaşamaya bilər. Ukraynanın əsas vəzifəsi cəbhəni saxlamaqdır. İqtisadi sanksiyalar Putin Rusiyasını məğlubiyyətə uğradacaq".
Rusiyanın 2014-cü il xarici siyasətinin nəticəsi ortadadır: Putin ölkənin geosiyasi nüfuzunu sıfırladı. Ayının müalicəsi isə uzun müddət tələb edəcək. Putin bu müddətin iki il belə çəkə biləcəyini bildirir. O heç yerə qaçmamaq, 2018-ci ildə yenidən ali kürsüyə qalxmaq niyyətindədir. O vaxta kimi rusiyalılar gözləyəcəkmi?
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53