Bələdiyyə seçkiləri necə qiymətləndirildi?
11:45 27-12-2014
İQTİSADİYYAT
Bələdiyyə seçkiləri necə qiymətləndirildi?
Bir neçə gün öncə Azərbaycanda sayca 4-cü bələdiyyə seçkiləri başa çatdı. Azərbaycanda bələdiyyə seçkiləri rəsmi olaraq baş tutmuş sayıldı. Kiçik qanun pozuntuları istisna olmaqla bələdiyyə seçkilərinin demokratik şəraitdə baş tutduğu bildirilsə də, sosial şəbəkələrdə seçkidəki qanun pozuntularına dair statuslar paylaşanlar da az olmadı. Bəs görəsən ictimai nüfuzlu şəxslər, millət vəkilləri bu seçkiləri necə dəyərləndirir?
Millət vəkili Zahid Oruc deyir ki, bu seçkilərdə ailəvi səs veriblər: "Əlbəttə ki, partiyasal olaraq bu bələdiyyə seçkilərində təmsil olmadığımızdan bir vətəndaş kimi, millət vəkili kimi, müşahidələrimə əsaslanaraq söyləyirəm ki, bu seçkilər tam demokratik şəraitdə baş tutdu. Qeyd etdim ki, biz ailəvi seçkidə səsvermə prosesində iştirak etdik. Səhər olduğu üçün orta sayda insanların gəlişi müşahidə olunurdu. Konistitusiya və qanunlarımızda müəyyən olunmuş kvotalar bu seçkilərdə demək olar ki, nəzərə alındı. Mənim deputatı olduğum Bərdə bölgəsində keçirilən seçkilər də demokratik mühitdə baş tutub. Yəni, Bərdə bölgəsində də vəziyyət eyni oldu. Kəndlərdə insanlardan bələdiyyə seçkilərində böyük kütlə ilə çıxış etmələrini tələb etmək yanlışlıqdır. Ümumiyyətlə, Amerikanın bəzi dövlət rəhbərlərinin çoxu "azlığın prezidenti" kimi tarixə düşüblər. Bələdiyyə seçkilərində kütləvilik tələb etmək çox yanlışdır. Hesab edirəm ki, bu seçki də tarixə çevrildi. İndi qalıb seçilmiş insanların fəaliyyətinə diqqətin yönəldilməsinə. Ümumiyyətlə, ilk dəfə hər hansı yeni qrumun yaranmasına ictimai münasibət fərqli olur. Bir çoxları həmin qrumdan daha fərqli qərarlar, səlahiyyətlər gözləyirlər. Amma müəyyən zaman keçdikdən sonra hər bir orqan özünü tam təsdiqləyir. Bələdiyyə seçkiləri də o dönəmi yaşayır. Azərbaycanda Türkiyədən fərqli olaraq bələdiyyə institutu 1999-cu ildə müstəqilliyin məhsulu olaraq meydana gəlib. Yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərinin, fəaliyyətinin hüquqi çərçivəsi, əldə edə biləcəyi mülkiyyət, əmlak və digər dəyərlərin yaranması üçün zaman gərəkdir. Bir vaxtlar bələdiyyələrin səlahiyyətləri çox məhdud idi. Təbii ki, istənilən yerli icra qurumları malik olduqları geniş hüquqi imkanları çox asanlıqla bələdiyyələrə təslim etmək istəmirdilər. Ancaq bu dövr ərzində müəyyən işlər də görülüb, belə demək mümkünsə, bələdiyyələrin fəaliyyəti ilə bağlı təkmilləşmə gedəndən sonra bələdiyyə sisteminə və bələdiyyə seçkilərindəki rəqabətə tamam ayrı bir baxış formalaşdı".
Z. Oruc deyir ki, prezident və deputat seçkilərindən fərqli olaraq bələdiyyə seçkilərində siyasi partiyaların hay-küy qoparması lüzumsuzdur: " Açıq söyləyim ki, mən bələdiyyələri, bələdiyyə seçkilərini məhz siyasi partiyaların mübarizəsinin predmeti kimi görmürəm. Əlbəttə, bunu heç kimə qadağan da edə bilməzsən. Yəni, istənilən bir bələdiyyə yeri uğrunda hansısa partiyalar da, hansısa siyasi təşkilatlar da, hansısa QHT-lər də, ayrı-ayrı fərdlər də mübarizə apara bilər. Ancaq bu prosesdə tutaq ki, min nəfərdən ibarət ərazi vahidində konkret 500 nəfərlik seçici halında bəlli olan o genişmiqyaslı, ümumrespublika mahiyyətli, hakimiyyətin taleyini həll edən mübarizəni də aparmaq mümkün deyil".
YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə isə bu fikirdədir ki, bələdiyyə seçkiləri tam şəffaf şəkildə keçirilib: "Bu 4-cü bələdiyyə seçkiləri idi ki, keçirildi. Ümumən müqayisə etdikdə seçicilərin seçki mədəniyyətinin yüksəldiyini, seçkilərin daha təkmil olduğunu deyə bilərik. Bakının 6 rayonunun 10 məntəqəsində oldum. Seçkinin Mərkəzi Seçki Komissiyasının təlimatlarına uyğun keçirildiyinin şahidi oldum. Artıq seçki komissiyalarının fəaliyyətində bir peşəkarlıq yaranıb. İşə məsuliyyətlə yanaşmaq, seçki prosesini qüsursuz keçirmək təcrübəsi yaranıb. Deyərdim ki, insanlar heç bir problem olmadan səsverməyə gəlib səs verib, öz seçimlərini edə bildilər. Bütün seçki məntəqələrində veb kameralar gördüm. Müşahidəçilər vardı, seçki qutuları mərkəzdə idi, ona görə də seçki prosesini normal şəkildə müşahidə etmək olurdu. Seçicilərin hər hansı texniki problemi olduqda qanunun imkan verdiyi yerə qədər ona kömək etməyə çalışırdılar. Bir neçə məntəqənin yanında exit-pollun da nümayəndələrini gördüm. Onlar da öz fəaliyyətlərini həyata keçirirdi. Bu baxımdan bələdiyyə seçkilərinin şəffaf və demokratiyaya uyğun keçirildiyini deyə bilərəm".
Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov isə bildirir ki, bələdiyyə seçkiləri əvvəlki illərdə olan anoloji seçkilərlə müqayisədə keyfiyyət baxımından xeyli dərəcədə seçilirdi: "Bələdiyyə seçkiləri əvvəlki seçkilərdən kütləviliyilə fərqləndi. Artıq Azərbaycanda seçki təcrübəsi formalaşıb. Seçicilərdə seçki mədəniyyəti tam olaraq oturuşub. Bunlar hamısı sakit keçən bələdiyyə seçkilərinə öz müsbət təsirini göstərdi. Demokratik və mövcud qanunların tələbinə uyğun olaraq, seçkilər baş tutdu. Yeni seçilən bələdiyyə üzvlərini də təbrik edirik, işlərində müvəffəqiyyət arzulayırıq. Demək olar ki, Mərkəzi Seçki Komissiyası üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldi. Bunu dairə və məntəqə seçki kommisiyalarına da şamil etmək olar. Bu seçkilərin əvvəlkilərindən fərqi ondadır ki, müxalifət bir daha hiss etdi ki, onların Azərbaycanda sosial dayaqları yox dərəcəsindədir. Hakim partiyanın qələbə çalaşağı da əvvəlcədən bilinirdi. Çünki, iqtidar apardığı siyasətlə xalq arasında böyük nüfuz qazanıb".
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da prosesin ümumən normal şəkildə getdiyini söylədi: "Deyərdim ki, bələdiyyə seçkiləri normal şəraitdə keçdi. Bu barədə heç bir şikayət daxil olmayıb. Təkcə Sumqayıtda icra hakimiyyəti nümayəndəsinin prosesə müəyyən dərəcədə müdaxiləsi barədə məlumatlar daxil olub. Amma qalan dairələrdə proses problemsiz başa çatıb. Partiyamızdan 305 nəfər namizədliyini vermişdi. Hazırda nə qədərinin seçildiyini dəqiqləşdiririk. Hələ ki, yekun nəticələr də Mərkəzi Seçki Qərargahında açıqlanmayıb. İndi nəticələrin ümumiləşdirilməsi gedir".
Deputat Musa Quliyev isə deyir ki, o, Binəqdi rayonunda YAP-ın səlahiyyətli nümayəndəsi kimi seçkiləri müşahidə edib. "Mən heç bir qanun pozuntusuna rast gəlmədim. Eləcə də, digər müşahidəçilər. Xeyli sayda məntəqədə olduq. Bütün məntəqələrdə müşahidə kameraları quraşdırılmışdı. Müxtəlif partiyaların müşahidəçiləri və bu partiyalardan olan seçki məntəqə üzvləri də var. Hamsı ilə söhbət etdik. Əhali də səsverməyə normal şəkildə gəlirdi. Heç kəs heç kəsə səsvermə ilə bağlı təyziq etmirdi. Prezident seçkilərində olan aktivlik görünməsə də, vətəndaşlar səs verirdilər. Elə bir seçiciyə rast gəlmədim ki, desin ki, məni hansısa namizədə səs verməyə təhrik ediblər. Ümumiyyətlə bu bələdiyyə seçkilərini şəffaflıq baxımından yüksək qiymətləndirmək olar".
Millət vəkili Eldar İbrahimov isə deyir ki, baş çəkdiyi seçki məntəqələrində kiçik bir qanun pozuntusuna belə rast gəlməyib: "Bizim olduğumuz bütün məntəqələrdə ölkədə olan partiyaların nümayəndələri ilə qarşılaşdıq. Həmçinin, bizimlə bərabər beynəlxalq təşkilatlardan gələn müşahidəçilər də vardı. Əvvəlki seçkidən fərqli olaraq, bu il bələdiyyə seçkiləri üçün məntəqələrdə veb-kameralar quraşdırılmışdı ki, bu şəffaflıq baxımından çox önəmli idi. Bir sözlə, seçkilər çox yüksək səviyyədə baş tutdu. Mən seçki günü həmkarım Əli Hüseynli ilə bərabər 14 məntəqədə oldum. 4 məntəqədə gördüyüm müşahidəmə əsasən də deyirəm ki, bütün məntəqələrdə vəziyyət eyni idi. Mən də tanıdığım, etibar etdiyim və inandığım insanlara səs verdim. Şəfaf və demokratik seçki adlandırmaq olar bu bələdiyyə seçkilərini".
E.İbrahimov deyir ki, indi qalır seçilmişlərin etimadları doğrultmaq üçün işləmələrinə: "Bu il seçilən bələdiyyə üzvləri keçmişdən, yəni ötən illərdə olduqlarından daha yaxşı işləməlidir. Hesab edirəm ki, seçilmişlərin tərkibi yaxşıdır və namizədlər arasında gənclər çoxdur. İnanıram ki, bu tərkibə görə bələdiyyə institutu keçmişə görə gələcəkdə daha da inkişaf etmiş bir institut olacaq və bələdiyyə öz işinin sahibi ola biləcək".
YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Tahir Rzayev bildirdi ki, bələdiyyə seçkiləri ölkəmizin həyatında vacib hadisə kimi yadda qala bildi: "Ölkədə demokratiyanın inkişafı baxımından da seçkilər mühüm əhəmiyyət kəsb edir. Səsvermədə seçici aktivliyi normal idi. Vətəndaşlar seçki məntəqələrinə gəlib öz iradələrini sərbəst şəkildə ortaya qoydular. İnanıram ki, bu seçkilər yerli özünü idarəetmə orqanlarının inkişafında vacib mərhələ olacaq. Səsvermə demokratik keçdiyindən seçicilər istədikləri namizədi dəstəklədilər".
Digər Xəbərlər
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31