Düşməni uçuruma aparan il
13:28 30-12-2014
İQTİSADİYYAT
Düşməni uçuruma aparan il
Dekabrın son günləri ötən ilin yekunları üçün ən münasib zaman sayılır. Ermənistanda 2014-cü ildə maraqlı sayıla biləcək olaylar yaşandı ki, onların arasında 5 hadisə xüsusi yer tutur.
1. Dramın dramı
Noyabrın sonlarında Ermənistanda milli valyuta olan dramın sürətli ucuzlaşması, devalvasiyası başlandı. Ukrayna ilə bağlı yürütdüyü siyasətinə görə Qərbin sərt sanksiyalarına məruz qalan Rusiyada rubl can verməyə başlayanda Moskvadan tam asılı Yerevanda iqtisadi böhran alovlandı. Noyabrın 24-də erməni dramı 8 illik minimumu yeniləyərək 1 dollar üçün 435 dramlıq kursa yuvarlandı.
Geriləmə və ucuzlaşma bununla dayanmadı: dekabrın ortalarında kursun ahəstə geriləməsindən sonra dramın kursu daha da aşağı düşdü. Ermənistanda 1 dollar 471,78 dram oldu. Bu, rəsmi kursdur və təbii ki, Ermənistandakı valyutadəyişmə məntəqələrində ABŞ dolları daha baha qiymətə satılır.
Dram kəlləmayallaq vuran kimi ölkədə istehlak mallarının qiyməti artdı, bahalaşma sürətlədi və ermənilərin zəlil durumu daha da ağırlaşdı.
Ermənilərinin milli valyutasının belə vəziyyətə düşməsi gözləniləndi. Ölkə iqtisadiyyatı əhəmiyyətli dərəcədə Rusiyadakı ermənilərin vətənə yolladıqları pullardan, yəni transfertlərdən asılıdırsa, hadisələr başqa məcrada inkişaf edə bilməzdi.
Rusiyadakı erməni əmək miqrantlarının vətənə yolladıqları pulların ümumi illik məbləği ölkə büdcəsinə bərabərdir.
Son aylarda Ermənistana göndərilən pulların məbləği xeyli azalıb.
Ermənistanın qızıl-valyuta ehtiyatlarının həddən artıq az olduğunu nəzərə alsaq, indiki iqtisadi problem gələn il Yerevandakı rejim üçün çox ciddi və ağır siyasi böhrana çevrilə bilər. Ölkə sakinləri sosial-iqtisadi vəziyyətdən narazıdır. Ermənistanda protest əhval-ruhiyyəsi sürəkli güclənir və müxalifət zəif olduğundan hələlik kütləvi aksiyalar başlanmayıb.
Amma "Çiçəklənən Ermənistan" və İrs partiyaları, habelə Erməni Milli Konqresi mütləq şəkildə vəziyyətdən yararlanasıdırlar.
2. Baş nazirlərin
dəyişməsi
Ermənistanda bu ilin ən önəmli siyasi aksiyalarından biri baş nazir Tiqran Sarkisyanın vəzifəsindən kənarlaşdırılması, ABŞ-a səfir təyin edilməsi, hökumət başçısı postuna Ovik Abramyanın gətirilməsi oldu.
Ölkənin 13-cü baş naziri postuna ölkə parlamentinin spikeri, oliqarx Ovik Abramyanın təyinatı, əslində, iqtidardakı Ermənistan Respublika Partiyasının (EPA) rəhbərliyində məhz oliqarxların qələbəsi kimi də dəyərləndirilə bilər.
O.Abramyan ölkənin üzləşdiyi ağır iqtisadi problemləri həll etmək əvəzinə, piar aksiyalarla məşğuldur.
3. Qagik Sarukyanın
prezidentlik iştahı
Ermənistanın sabiq prezidenti Robert Köçəryan üç ay əvvəl bəyan etdi ki, böyük siyasətə qayıtmaq niyyətindədir. O, yaratdığı və faktiki rəhbəri olduğu "Çiçəklənən Ermənistan" Partiyasının müxalifətə keçdiyini üstüörtülü vurğulayandan sonra partiya sədri, oliqarx Qagik Sarukyan prezident seçkilərinə qatılacağını bildirdi. ÇEP sədri daha sonra Ermənistan prezidenti Serj Sarkisyanı hakimiyyətdən kənarlaşdırmaq üçün müxalifətin vahid koalisiyasını yaratmaq istiqamətində konkret addımlar atmağa başladığını söylədi.
Daha sonra keçmiş prezident Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresi və ötən prezident seçkilərində Serj Sarkisyana rəqib olmuş Raffi Hovannisyanın sədr olduğu İrs Partiyası da "Çiçəklənən Ermənistan" Partiyasına qatılaraq erməni müxalifətinin əcaib formatına çevrilmiş "Üçlər İttifaqı"nı yaratdılar.
Oktyabr-noyabr aylarında "Üçlər"in Yerevandakı iki mitinqində Qagik Sarukyan müxalifətin faktiki liderinə döndüyünü göstərdi. Bu isə Ermənistanda ənənəvi müxalifətin çökməsi deməkdir.
Sarukyan daha sonra bildirdi ki, 2018-ci ildə keçiriləcək prezident seçkilərinə qatılmaq niyyətindədir.
4. Dağlıq Qarabağda və
sərhəddə təxribatlar
Yay aylarında Ermənistanın silahlı qüvvələri Azərbaycanla sərhəddə və Dağlıq Qarabağ münaqişəsinin cəbhə xəttində təxribatların sayını dəfələrlə artıraraq vəziyyəti hədsiz dərəcədə gərginləşdirdi. Sonuc iyulun 28-dən avqustun 3-dək toqquşmalar oldu və ermənilər 1994-cü ilin mayında atəşkəs rejimi elan ediləndən bəri ən ağır itkiləri verdilər.
Əgər indiyədək ermənilər yalnız atıcı silahlardan istifadə edirdilərsə, yay aylarında qumbaraatanlar, minaatanlar, zenit topları və termobarik minalara əl atdılar.
Gərginlik yalnız NATO-nun sentyabrda İngiltərənin Nyuport şəhərində keçirilmiş sammitində, oktyabrda da Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin danışıqlarından sonra azaldı.
Amma ermənilər sakitləşməmişdilər. Noyabrın 12-də Ermənistan Hərbi-Hava qüvvələrinin Mi-24 hərbi helikopteri ordumuzun mövqelərinə zərbələr endirmək istəyəndə vurulub yerə salındı.
Bütün bunlar ATƏT-in Minsk Qrupunun vasitəçilərinin illərdən bəri göstərdikləri fəaliyyətinin real nəticələr vermədiyini, habelə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönəlmiş danışıqlar prosesinin ermənilərin tutduqları aqressiv mövqe ucbatından olduqca dərin böhrana sürükləndiyini göstərdi.
Problemin danışıqlar yolu ilə həll yolları, hələ ki, görünmür.
5. Ermənistan və AİB
Ermənistanın xarici siyasətində 2014-cü ilin ən önəmli hadisəsi ölkənin Avrasiya İqtisadi Birliyinə (AİB) qatılması oldu.
Gələn ilin yanvarın 1-də fəaliyyətə başlayacaq AİB yaxın illərdə Ermənistanın iqtisadi və xarici siyasi kursunu müəyyənləşdirəcək.
Əslində, Ermənistan AİB-ə hələ yayda qatılmaq istəyirdi, amma buna Qazaxıstan prezidenti Nursultan Nazarbayev mane oldu. O, Ermənistan və Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ arasında gömrük sərhədlərinin yaradılmasını tələb etdi.
Yerevan razılaşmaq məcburiyyətində qaldı və beləcə, AİB-in Cənubi Qafqazdakı hüdudları Ermənistan sərhədləri ilə "qapandı".
Dekabrda Ermənistan, Rusiya, Belarus və Qazaxıstanın parlamentləri Yerevanın AİB-ə qatılmasını nəzərdə tutan müqaviləni ratifikasiya etdilər.
Serj Sarkisyan rejiminin bəyanatlarına və təbliğatına rəğmən, ermənilərin sosial-iqtisadi problemlərini AİB-in həll edəcəyi ağlabatan deyil.
...Ermənistanda ilin önəmli olayları arasında xarici ölkələrdəki erməni diasporu ilə prezident Serj Sarkisyan arasındakı münasibətlərin daha da kəskinləşməsi də sadalana bilərdi. Amma bu, son üç ilin prosesi olduğundan, əlahiddə hadisə sayılmır.
Elçin Alıoğlu
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53