Azad Rəhimovla Hacıbala Abutalıbova yoxlama şoku
10:11 06-01-2015
İQTİSADİYYAT
Azad Rəhimovla Hacıbala Abutalıbova yoxlama şoku
Hesablama Palatası iki iri məmuru təftiş etməyə qərar verdi
Hesablama Palatasının Kollegiya iclası keçirilib. Kollegiya iclasında Hesablama Palatasının 2015-ci ilin İş Planı üzrə nəzərdə tutulmuş nəzarət tədbirləri ilə bağlı audit proqramları təsdiq edilib.
Hesablama Palatası bu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Bakı Şəhər İcra Hakimiyyətinə ayrılan, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Gənclər və İdman Nazirliyinin aparatının saxlanmasına, "Azərbaycan Gəncliyi 2011-2015-illərdə" Dövlət Proqramı üzrə nəzərdə tutulmuş tədbirlərə ayrılan, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Milli Arxiv İdarəsinə ayrılmış vəsaitlərin istifadəsinə dair yoxlamalar aparacaq. Eyni zamanda dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən "Təhsil" bölməsi üzrə Azərbaycan Tibb Universitetinə ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair və dövlət büdcəsinin yerli xərclərindən Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına və onun tabeliyində olan səhiyyə müəssisələrinə ayrılmış vəsaitlərin icrasına dair də yoxlama aparılacaq.Hesablama Palatasının qarşıdakı yoxlamalarının xüsusi olaraq iki iri məmura yönəlməsi diqqət çəkir. Belə ki, həm gənclər və idman naziri Azad Rəhimovun, həm də Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun rəhbərlik etdiyi qurumların yoxlanılması olduqca maraqlı vaxta təsadüf edir.Məsələ burasındadır ki, son vaxtlar hər iki məmur KİV-də ardıcıl tənqid edilir. Əksər ekspertlər bunu təsadüfi saymır və bildirirlər ki, ola bilsin bu, ictimai rəyi həm Rəhimovun, həm də Abutalıbovun vəzifələrindən uzaqlaşdırılmasına hazırlamaq məqsədi güdür. Mümkün hesab olunur ki, adıçəkilən oliqarxlara qarşı mətbuatdakı hücumlar onlarla rəqabətdə olan iqtidariçi çevrələr tərəfindən təşkil olunur.
Son vaxtlar belə ehtimallar güclənməkdədir ki, hökumət bu ilin payızında keçiriləcək parlament seçkiləri ərəfəsində bəzi iri məmurlarla yollarını ayıra bilər. Söhbət xüsusilə adları davamlı şəkildə korrupsiya hallarında hallandırılan qurumların rəhbərlərindən gedir. Bu sırada xüsusilə BŞİH-in adının ön plana çıxdığını qeyd etmək lazımdır. Abutalıbovun rəhbərlik etdiyi meriya ilə bağlı korrupsiya faktlarının, vətəndaş şikayətlərinin ard-arası kəsilmir. BŞİH ən çox məhkəməyə verilən dövlət qurumlarının sırasında da ön yerlərdən birini tutur.
Bir müddət əvvəl isə Gənclər və İdman Nazirliyinin xətti ilə inşa edilən olimpiya-idman komplekslərinin tikintisində qeyri-şəffaflıq və korrupsiya şübhələri xeyli müzakirələrə səbəb oldu.
Bütün bunların fonunda adıçəkilən iki məmurun Hesablama Palatasının təftiş qərarı ilə üzləşməsi maraq doğurmaya bilməz. Rəhimovla Abutalıbovun adı ətrafında baş verənlərin bir-birini bu qədər izləməsi onların "vurulma" ehtimallarının inandırıcılığını daha da artırır.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59