Əbülfəs Qarayev çətin vəziyyətdə qaldı
10:09 07-01-2015
İQTİSADİYYAT
Əbülfəs Qarayev çətin vəziyyətdə qaldı
Külli miqdarda pulumuz yenə Gürcüstana "axdı"
Bu il Yeni ili qarşılamaq üçün minlərlə azərbaycanlı ölkə daxili istirahət mərkəzləri və turizm obyektləri əvəzinə yenə Gürcüstanı seçib. 2015-ci ilin gəlişini qeyd etmək istəyən çox sayda azərbaycanlı qonşu ölkəyə axışıb. Bunu sosial şəbəkələrdə və xəbər portallarında yer alan məlumatlardan da aydın görmək olar.
Məsələn, dünən "musavat.com" saytında Yeni il günlərində Gürcüstan paytaxtında olan jurnalistin təəssüratlarını oxuyaq: "Tiflis küçələri Azərbaycan və Ermənistan nömrə nişanlı avtomobillərlə doludur. Az qala hər 3 maşından 1-i Azərbaycan nömrəsiylədir. Ermənilər də çoxdur. Ortabab imkanı olan ermənilər Gürcüstan paytaxtına axışır. Tiflis İrəvan zənginlərini də cəlb edir - başqa haraları var? Bir Moskvadır, orada da indi möhkəm qanqaraçılıqdır - görənlər deyir, böhran üzlərdən gülüşü, keşmişdəki Yeni il coşğusunu qeybə çəkib. Bayramlarda imkanlı ruslar qaramat havadan qaçmağa yer axtarır.
Tiflis restoranlarında hər 3 masadan ikisində "bizimkilər"dir. Tiflisi gəzdikcə, belə təəssürat yaranır ki, Bakıda, Azərbaycanda ancaq yaşlılar və körpələr qalıb - qalan hamı buradadır. Belə ürəyiniz istəyən rahatlıqla deyə bilərsiniz ki, 2015-ci ilin ilk dəqiqələrində, saatlarında Tiflis küçələrində "GILOTSAVT AKHAL TSELS"dən çox "Yeni iliniz mübarək" sədaları eşidilib".
Bir sözlə, bayram günləri itirən Azərbaycan turizmi, qazanan isə yenə də Gürcüstan büdcəsi olub.
Bu bir daha təsdiq edir ki, Azərbaycan hər nə qədər gözəl, füsunkar təbiəti ilə fərqlənsə də, ölkədə turizmin səviyyəsi arzu olunan səviyyədə deyil. Məhz bu səbəbdən hər il minlərlə insan Misir, Yunanıstan, Türkiyənin müxtəlif adalarına və başqa xarici ölkələrə istirahətə gedirlər. Görəsən niyə insanlarımız Qubanı, Xızını, Lənkəranı, Masallını, İsmayıllını, Şəkini yox xarici tərcih edirlər? Səbəb isə çox sadədir. Azərbaycanda turizm sahəsində xidmət xeyli aşağıdır və əvəzində isə qiymətlər yuxarıdır.
Azərbaycanda təkcə yay turizminə deyil, qış turizminə də maraq azdır. Bunu minlərlə azərbaycanlının Yeni il tətilini Gürcüstanda keçirməyə üstünlük verməsi də təsdiqləyir. Səbəb isə sadədir: qiymət və xidmətin istənilən səviyyədə olmaması! Hazırda yeni il ərəfəsində qış tətili istirahətini Azərbaycanın bölgələrində keçirmək istəyənlər adambaşına minimum 200 manatından keçməlidir. Əlavə xərcləri də hesaba alsaq beş nəfərlik bir ailənin günlük istirahəti orta hesabla 800-1000 manat arasında dəyişir. Bu isə Azərbaycan kimi ölkədə kifayət qədər yüksək qiymətdir. Həmin qiymətə Paris və London kimi şəhərlərdə istirahət etmək belə mümkündür.
Əldə etdiyimiz məlumata görə, son qış tətili günlərində azərbaycanlıların xarici ölkələrə, xüsusilə də Gürcüstana axışı hökumət dairələrində də narazılıq yaradıb. Hesab edilir ki, bu ölkədə turizm sektorunun acınacaqlı vəziyyətini göz önünə sərən faktdır. Eyni zamanda Əbülfəs Qarayevin rəhbərlik etdiyi Mədəniyyət və Turizm Nazirliyinin ölkədaxili turizmi gücləndirmək, bundan başqa, xaricdən turist axınını cəlb etmək üçün səylərinin yetərsiz olduğu aydın görünür.
Hələ bir müddət əvvəl KİV yazırdı ki, Azərbaycandan Gürcüstana təkcə bir ildə 1 milyon insan gedir. Hər turistin bu ölkədə ən azı 300 manat pul xərclədiyini nəzərə alsaq, onda deyə bilərik ki, hər il Azərbaycandan Gürcüstana 300 milyon pul axır. Azərbaycanlılar təkcə Gürcüstana deyil, Türkiyə və Rusiya kimi ölkələrə də səfər edirlər. Əslində Azərbaycan qonşu ölkələrlə müqayisədə təbii şəraitinə və iqliminə görə heç də geri qalmır. Ölkəmizin turizm potensialı kifayət qədər yüksəkdir. Tarixi abidələrimiz, dənizimiz və dağ-meşə landşafımız xarici turistləri valeh edir. Ancaq xarici ölkələrdə xidmətin yüksək, qiymətlərin isə münasib olması həmyerlilərimizin qonşu ölkələrə üz tutmasına, eyni zamanda xarici turistlərin seçimləri arasında Azərbaycanın arxa plana keçməsinə səbəb olur.
Əbülfəs Qarayevin nazirliyi isə sadəcə, ölkədə turizm sektorunun inkişaf etdiyi, qiymət və xidmət sarıdan irəliləyiş əldə edildiyi barədə ənənəvi açıqlamalarla kifayətlənir. Belədə isə sual yaranır: xidmətin keyfiyyəti yüksəlir, qiymətlər isə həmyerlilərimizin cibinə uyğunlaşırsa, niyə hələ də hər il milyonlarla manat ölkədən kənara axır? Axı neftin ucuzlaşdığı bir şəraitdə pul itkilərimizin əhəmiyyətli hissəsini turizmdən əldə edilən gəlirlə kompensasiya etmək olardı.
Ekspertlər vəziyyətin belə davam edəcəyi təqdirdə mədəniyyət və turizm nazirinin hökumət daxilində dayaqlarının zəifləyəcəyini, turizm sektorunu dirçəltmək üçün cavabdeh nazirlikdə kadr islahatlarına start veriləcəyini istisna etmirlər.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17