Parçalanan dünyada Azərbaycanın yeri
Parçalanan dünyada Azərbaycanın yeri

Qərb heç vaxt sivilizasiyaların toqquşmasından imtina etməyib və etmək niyyəti də yoxdur

Dünya bazarında neftin qiyməti ucuzlaşmaqda davam edir. Brent markalı neftin bir barreli London birjalarında 50 dollardan aşağı düşüb. Bu rəqəm 49,98 faiz təşkil edib ki, bu da 2009-cu ildən bəri ən aşağı qiymətdir. WTI markalı neft isə Nyu-York birjalarında 2008-ci ildən bəri ən aşağı qiymətə düşüb.Maraqlıdır, neftin qiymətinin aşağı düşməsi nədən xəbər verir. Azərbaycan bu durumda hansı addımları atmalıdır? . Gəlin bu suala cavab verməmişdən öncə bir sıra mühüm məqamlara aydınlıq gətirək.

Təkqütblü dünya
və fəsadları

Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi sübut etdi ki, bu gün dünya əslində təkqütblü bir formada idarə olunur, Avropa ilə ABŞ arasında bölüşdürülür. Başqa cür desək dünyanın taleyi bu gün hansısa transmilli şirkətlərdən asılıdır. Belə olmasaydı bir anın içində neft virusu dünyanı bürüməzdi. Sözsüz ki, neftin qiymətinin aşağı salınmasında əsas məqsəd Rusiyanı Ukraynadan kənarlaşdırmaqdır. Amma bir məqamda var ki, Rusiya ilə yanaşı Azərbaycan kimi ölkələr də ciddi itkilərlə üz-üzə qalıb və hər gün bu itkilərin miqyası böyüyür. Belə aydın olur ki, Avropa öz hikkəsini həyata keçirtmək, Ukraynanı özünün vassalına çevirmək üçün onlarla digər dövlətlərin sıradan belə çıxmasına göz yummağa hazırdır. Çünki Avropa və ABŞ beyin mərkəzləri bilir ki, neft və neft məhsullarının bu qədər ucuzlaşması Azərbaycan kimi müttəfiq adlandırdıqları dövlətlərə ciddi təsir edir.Bunu nəzərə alaraq Azərbaycan və Azərbaycan kimi ölkələrə hansısa formada dəstək verilməli və stimul yaradılmalı idi. Biz isə bunun heç birini görmürük. Hələlik bu məqamı saxlayaq və başqa bir nüansa diqqət ayıraq.

Ukrayna bəhanəsi və "cənub axının" intiqamı

Bu gün neftin qiymətinin bu qədər aşağı salınmasının başqa bir səbəbi isə yeni enerji resurslarının yaranmasının qarşısını almaqla bağlıdır. Bildiyiniz kimi bir müddət öncə Rusiya prezidenti Vladimir Putin "Cənub axını" layihəsinin dayandırıldığını və Türkiyə ərazisində Yunanıstanla sərhəddə qazpaylayıcı baza tikməklə, yeni qaz nəqli sisteminin qurulacağını elan etdi. Bu isə sözsüz ki, Qərb dairələrinin xoşuna gəlmədi. Rusların Qərb marşrutundan imtina edərək, Türkiyəyə istinad etməsi rəsmi Ankaranın tam olaraq xeyrinə oldu. Ankara Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) layihələrinin reallaşmasına böyük önəm verir. Bu layihələrin ölkə ərazisindən keçdiyini xüsusi vurğulayan Türkiyənin energetika naziri Taner Yıldız bildirdi ki, layihələrin reallaşmasının əsas məqsədi 2035-ci il üçün Avropanın tam olaraq qaza olan ehtiyacının ödənilməsidir.
Ruslarla danışıqların müsbət nəticəsindən ruhlanan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan qazı məsələsinə də toxunub. O deyib ki, Azərbaycanın "Şahdəniz" yatağından çıxarılan qaz nəinki Türkiyənin tələbatını ödəyəcək, o cümlədən bütün Avropa Birliyi ölkələrinin qazla təminatında önəmli rol oynayacaq. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum və Türkiyə-Yunanıstan qaz xəttinin işə salındığını söyləyən Ərdoğan onu da qeyd edib ki, Azərbaycanla imzalanan müqaviləyə görə, 2018-ci ildən Azərbaycan Türkiyəyə ildə 6 milyard kubmetr qaz nəql edəcək.Bütün bunlar isə o deməkdir ki, dünyanın enerji marşurutlarında ciddi dəyişikliklər olacaq və bu Avropanın heç də tam maraqlarına cavab vermir.Hazırda həyata keçirilən bu addımlar nəzərdə tutulan nəhəng layihələrin reallaşmasının tam qarşısını alır. Çünki Rusiya iqtisadiyyatı çökdüyü bir ərəfədə nəzərdə tutduğu kimi, Türkiyədən keçmək şərti ilə hər hansı marşurut xətti yarada bilməz. Bu isə təsdiqləyir ki, Qərb Ukrayna məsələsindən istifadə etməklə tam hegemonluğunu təmin etməyə çalışır. Maraqlıdır, bəs Avropa və ABŞ nədən bu qədər sərt üsuldan istifadə etməklə dünya düzəninə təsir etməyə çalışır?

Sivilizasiyaların
toqquşmasında
son akkordlar

Əslinə baxanda bu gün qütblərin savaşını görürük. Şərq və Qərb sivilizasiyasının, qütblərinin üz-üzə gəlməsi müzakirə mövzusudur. İslamın yaranış tarixindən sonra Vatikanın tutduğu mövqe bu gün əslində Qərbin tutduğu mövqeyin özüdür. Dünən at belində "Səlib" yürüşləri həyata keçirilirdisə bu gün silahlarla və iqtisadi rıçaqlarla Şərq dünyasına öldürücü zərbələr vurulur. SSRİ ilə uzun illər davam edən soyuq müharibədən sonra Qərb və ABŞ üçün növbəti mərhələ Şərq dünyasını bir dəfəlik sıradan çıxartmaq oldu. Bunun üçün ilk növbədə ideoloji savaşa start verildi.Hazırda İslam dini bütövlükdə terror mərkəzi kimi qəbul edilir və bu ideologiyanın məntiqi davamı olaraq Şərq dövlətləri hədəfə alındı. Misir, Tunis, Suriya, bir sözlə inkişafda olan bu ölkələrdə süni inqilablar yaradıldı və hazırda adı çəkilən dövlətlər dövlətçilik ənənələrini itirmək təhlükəsi ilə üz-üzə qalıblar. Bundan öncə isə eyni ssenari İraq və Əfqanıstanda tətbiq olundu.Bu ölkələrin durumu göz qabağındadır. Bu Qərbin "səlib" yürüşünün birinci mərhələsi idi. İkinci mərhələ isə artıq başlayıb.

Çin və Rusiya mifinin
sıradan çıxarılması

Qərb üçün gündəmdə olan digər məsələ, qarşısındakı nəhəng fərqli sivilizasiyanın tərkib hissəsi olan Rusiya və Çin ilə münasibətləri aydınlaşdırmaq oldu. Qərb bu iki gücü də sıradan çıxardarsa bununla da dünyada təkhakimiyyətliliyi təmin etməklə yanaşı, həm də təksvilizasiyalı bir dünyaya sahiblənəcək. Bunun üçün isə bütün vasitələrdən istifadə olunur və Ukrayna bu baxımdan fovaritdir. Bəzən sadəlöhvcəsinə iddialar səsləndirilir ki, Qərb bütün bu prosesləri Ukraynanı Rusiyanın boyunduruğundan azad etmək üçün edir. Amma gəlin analoji nümunələrə baxaq. Bu gün Qərbə gərəkdir ki, Qafqazda rıçaqlarını möhkəmləndirsin. Bəs belə olan halda nədən illərdi ki, NATO-ya, Avropa Birliyinə üzv olmaq istəyən Gürcüstanın istəkləri həyata keçirilmir?.Ukraynadan fərqli olaraq gürcüstan hələ on il bundan öncə Qərbə üz tutmuşdu və buna görə ərazilərinin böyük bir hissəsi işğal edildi. Nədən onda Qərb həlledici zərbələrini endirmədi? Və yaxud 20 ildən çoxdur ki, Dağlıq Qarabağ məhz Ruisiyanın bir başa iştirakı ilə Ermənistan tərəfindən işğal edildi. Nədən bu günə qədər buna görə Ermənistana və ya Rusiyaya hər hansı sanksiya tətbiq edilmir?.Ona görə edilmir ki, Qərbin ümdə maraqları var və bu maraqların kökündə təksivilizasiyalı dünya qurmaq, dünyanın yenidən bölüşdürülməsini təmin etməkdir. Hazırda Rusiya məngənəyə salınıb və sirr deyil ki, bir müddətdən sonra eyni aqibəti Çin də yaşayacaq.

Qərbin gözündə
Azərbaycan

Bu gün Qərbin Azərbaycana yanaşması da kifayət qədər ziddiyətlidir və bir sıra məsələlərə cavab tapmaq müşkil görünür. Çünki bir tərəfdən Qərb bütün gücü ilə Azərbaycanın Avropaya inteqrasiyasına həvəs göstərir və Avropanın enerji təhlükəsizliyinin Azərbaycana həvalə olunmasını rahat qəbul edir, digər tərəfdən isə müxtəlif bəhanələrlə Azərbaycana qarşı ciddi basqılar təşkil olunur. Və yaxud, Azərbaycan Avropa və ABŞ tərəfindən strateji müttəfiq adlandırılır.Antiterror əməliyyatlarında Azərbaycanın rolu xüsusi olaraq qeyd edilir, digər tərəfdən isə istənliən məqamda Azərbaycana zərbə vurulmağa cəhdlər edilir.Məqsəd isə təkdir və aydındır;Azərbaycan Qərb üçün yad sivilizasiyaya aiddir.Azərbaycanın inkişafı əslində Qərbin heç bir marağına cavab vermir. Çünki Azərbaycan yerləşdiyi coğrafi əraziyə görə açar rolunu oynayır.Sabah bu ölkə Türkmənistan, İran neftinin, qazının daşınması zamanı tranzit ölkə kimi mühüm rol oynayacaq. Azərbaycanın güclü bir dövlətə çevrilməsi isə Qərbin maraqlarına cavab vermir.Sabah Azərbaycan həlledici bir missiyanı üzərinə götürən zaman Qərbin bütün şıltaqlıqlarını qəbul eməyəcək. Məhz buna görə Qərb hər bir halda Azərbaycanın daha zəif bir ölkə olmasına çalışır və zəif bir ölkəyə hər an istənilən diqtəni etmək mümkündür. Bu gün Qərbin Azərbaycana qarşı bu cür qısqanclıqla yanaşmasının kökündə duran ən mühüm amil də məhz budur. Hətta açıq şəkildə bunu da demək lazımdır ki, bu gün Qərb Azərbaycana qarşı daha çox qeyri-səmimidir və bunun fəsadlarını sözsüz ki, görəcəyik. Məhz bütün bu arqumentləri nəzərə alaraq bu gün prezident İlham Əliyevin həyata keçirtdiyi xarici siyasətin bəzi konturlarına yenə diqqət ayıraq. Bu gün İlham Əliyev bütün dövlətlər və beynəlxalq təşkilatlarla bərabərhüquqlu şəkildə ünsiyyətin tərəfdarıdır.Hesab etmək olar ki, bu yeganə doğru yoldur. Çünki hazırda dinlərarası, sivilizasiyalar arası toqquşmanın dərinləşdiyi bir məqamda Azərbaycanın tərəflərdən birini seçməsi durumu daha da ağırlaşdıra bilər. Digər tərəfdən bu gün Qərb qarşısındakı sivilizasiyaları, gücləri nə cür sıradan çıxartmaq istəyirsə, qarşı tərəf də eyni istəkdədir. Belə olan halda Azərbaycanın tərəflərdən aslı olmayan müstəqil xətt yürütməsi çox vacib və gərəkli addımdır. Beləliklə hesab etmək olar ki, bu gün dünyada baş verən proseslər yeni dünyaidarəetməsinə yönəli bir siyasətdir.Belə olan halda müəyyən çətinliklər, sıxıntılar da olacaq. Sadəcə olaraq bu sıxıntılardan daha az itkilərlə çıxmaq ən doğru yoldur. Hazırda prezident İlham Əliyevin həyata keçirtdiyi siyasət də məhz buna yönəlib.

Son

Qərb heç zaman tolerant ola bilmədi. Qərb heç zaman dinlərin toqquşmasından qaçmadı. Qərb heç zaman sivilizasiyaların inteqrasiyasında maraqlı olmadı. Dünənə qədər xalqçılığa meyilli olan Qərbin bu gün millətləşməyə həvəsli olması isə siyasi proseslərə ciddi iz buraxacaq.Deyildiyi kimi iki dünya müharibəsi necə Qərbdən ixrac olunmuşdusa, bu gedişlə üçüncüsü də Qərbin "yaradıcılıq" nümunəsi olacaq. Dünyanı idaəretmə istəyi isə artıq pik həddə çatıb.