Binədə "levı" qaz xətləri satılır
13:27 16-05-2012
CƏMİYYƏT
Binədə "levı" qaz xətləri satılır
Qəsəbə Qaz İdarəsinin müdiri işçilərindən haqq tələb edir, yeni tikilmiş evlərdən isə sayğac üçün pul yığılır
Bakının bir çox rayonlarında sosial problemlər başdan aşdığı bir vaxtda, fürsətcil məmurlar vəziyyətdən sui-istifadə edərək pul qazanmağa çalışırlar. Bu zaman müxtəlif vasitələrdən istifadə edən həmin şəxslərin əsas hədəfi isə çarəsiz vətəndaşlar olurlar. Elə bu səbəbdəndir ki, vaxtaşırı Bakı kəndlərindən maraqlı və qəribə xəbərlər gəlir.
Redaksiyamıza daxil olan məlumatlardan biri Binə qəsəbəsinə aiddir. Həmin məlumatda yerli sakinlərə təbii qazın verilməsi zamanı istifadə olunan fırıldaqlardan bəhs olunur. Qəsəbə sakinlərindən biri bildirir ki, Binə Qaz İstismarı İdarəsinin müdiri Rafiq adlı şəxs işçilərinin üzərinə gündəlik haqq qoyub. Belə ki, hər bir işçi gün ərzində 250-300 manat pul gətirməsə, işdən azad edilir.
Bu pulların necə və hansı şəkildə yığıldığı isə belə izah olunur ki, "Azəriqaz"ın yerli qurumunun inspektorları evlərə gedərək, onlardan qaz pulu tələb edirlər. Həmin pullar yığıldıqdan sonra isə bir qismi büdcəyə köçürülür, yerdə qalanı da müdir tərəfindən "əridilir".
Qəsəbə sakinləri deyirlər ki, hal hazırda Binədə sayğacsız evlərin sayı həddindən artıq çoxdur. Lakin buna baxmayaraq, Rafiq müəllim onlara sənədsiz-filansız xətlər verir. Təbii ki, burada məqsədi öz maraqlarını güdməkdir. Elə verilən məlumatlarda da vurğulanır ki, Binə Qaz İdarəsinin müdiri sayğacı olmayan evlərə verdiyi qaz xətlərinin müqabilində hər ay pul qazanır. Və qəribə olan məqamlardan biri də budur ki, belə mənzillərin siyahısını şəxsən tutan idarə müdiri pulları da ya özü, ya da ən yaxın adamı vasitəsi ilə yığır.
Bundan əlavə yeni tikilmiş evlərə sənədsiz olaraq qaz xətlərinin də çəkilməsi adi hala çevrilib. Mənbə bildirir ki, qəsəbə qaz idarəsinin rəhbərliyi həmin evlərə qaz xəttinin çəkilməsi üçün dövlət rüsumundan əlavə də pul alır. Belə ki, bunun müqabilində vətəndaş 250 manat pul ödəməlidir. Əks təqdirdə, hər hara şikayət etsə də, bir nəticə hasil olmur.
Qeyd edək ki, "Azəriqaz"ın yerli qurumlarının bu tip əməlləri ilk deyil. Və analoji hadisələr təkcə Bakı kəndlərində deyil, ölkənin bütün rayonlarında qeydə alınmaqdadır. Məsələn, bu yaxınlarda Göyçay rayonunda baş verən bir hadisə vəziyyətin nə yerdə olduğunu ortaya qoyub. Belə ki, Göyçay Qaz İdarəsinin müdiri öz işçilərinə abonentlərdən zorla da olsa, pul yığılmasını tələb edib. Bundan başqa, idarənin işçilərindən biri qeydiyyatı olmayan evlərə qaz xətti çəkərək, onlardan külli miqdarda rüşvət alıb. Lakin sonradan məsələ böyüdüyü üçün idarənin müdiri işçidən imtina etməklə yanaşı, həm də onu başqa bir kəndə təhkim edib. Eyni zamanda, məlum olub ki, həmin işçi yığdığı pulları birbaşa idarə müdirinə verib.
Məsələnin maraqlı tərəflərindən biri də ondan ibarətdir ki, belə hallarla bağlı dəfələrlə "Azəriqaz"a müraciət olunsa da, heç bir tədbir görülmür. Əksinə, haqqında yazılan idarə müdirlərinə "gözün üstə qaşın var" deyən belə olmur. Görünür, ASC rəhbərliyi belə vəziyyətin yaranmasında maraqlıdır.
Namiq
Digər Xəbərlər
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00