Qubad İbadoğlunu Müsavatdan çıxarmaq istəyirlər
09:55 30-01-2015
İQTİSADİYYAT
Qubad İbadoğlunu Müsavatdan çıxarmaq istəyirlər
Nadir Qocabəyli: "Əgər belə bir şey baş versə, əminəm ki, müsavatçıların əksəriyyəti Qubad bəyin ardınca gedəcəklər"
Müsavat Partiyasında vəziyyət daha da kritikləşir. İndi də Qubad İbadoğlunun partiyadan çıxarlamıs məsələsi gündəmə gəlib.
"Unikal"ın məlumatına görə, bu barədə Q.İbadoğlunun özü məlumat verib. O bildirib ki, Müsavatdan çıxarılması mümkündür. Onun sözlərinə görə, partiyada insanların fikirlərinə, mövqelərinə əsasən dəyərləndirilmə aparılır və heç bir Nizamnamə maddəsi gözlənilmir: "Qurultaydan sonra söz və fikir azadlığına qarşı qərarların şahidi olmuşuq. Necə ki, Ənvər Əhməd partiyadan çıxarıldı. Onun da sosial şəbəkələrdəki fikirləri əsas götürülmüşdü. Nizamnamə Musavat Partiyası üzvlərinin fəaliyyətini tənzimləyir. Biz həmişə fəaliyyətimizi Nizamnamə çərçivəsində həyata keçirmişik. Əgər Nizamnamə çərçivəsində qiymətləndirmə olardısa, mən güman edirdim ki, bu istiqamətdə müzakirələri Mərkəzi Nəzarət-Təftiş Komissiyasına tapşırardılar. Görünür, Divanda aparılacaq dəyərləndirmə Nizamnamə çərçivəsində olmayacaq. Yəni bu baxımdan hər şey gözləniləndir".
Məsələylə bağlı "Unikal"a açıqlama verən tanınmış tərcüməçi-yazar Nadir Qocabəyli deyib ki, Azərbaycan siyasətində çox maraqlı və mənfi bir tendensiya var. Onun sözlərinə görə, hər hansı bir siyasi partiyada və qurumda alternativ, tənqidi fikir söyləyən insanları ya müxtalif təzyiqlər, təhqirlər vasitəsilə bezdirib, istefa verməyə məcbur edirlər, ya da bu alınmayanda çıxarırlar: "Bəs demokratiya, fikir plüralizmi harada qaldı? İstər Müsavatda, istər AXCP-də, istərsə də digər müxalifət partiyalarında zaman-zaman bu cür hallar təkrarlanmaqdadır. Nəticədə iri partiyalar yavaş-yavaş xırdalanaraq, cəmiyyətdəki proseslərə təsir gücü olmayan cırtdanlara çevrilirlər. Belə bir situasiya ilə vaxtilə mən də üzləşmişəm. 2000-ci ildə AXC rəhbərliyinin parlament seçkiləri zamanı tutuduğu mövqeyinə etiraz olaraq həmin təşkilatı tərk etdim. Sonradan fikirləşdim ki, bəlkə də, qalıb mübarizə aparsaydım, daha düzgün mövqe tutmuş olardım. Amma daha sonra gördüm ki, yox, bu da mümkün deyil, çünki qalıb mübarizə aparmaq istəyən Fazil Mustafanın necə çıxarıldığı hamının yadındadır. Belə misalların sayı istənilən qədərdir".
Qubad İbadoğlunun məsələsinə gəlincə, Q.Qocabəyli deyib ki, Qubad İbadoğlu müxalif fikirli insanlar arasında savadı, intellekti, buna rəğmən sadəliyi, təvazökarlığı ilə seçilən şəxslərdəndir. Onun qənaətincə, belə bir adam təmsil olunduğu istənilən quruma ancaq baş ucalığı gətirir. "O, ölkənin ən tanınmış iqtisadçılarından biridir, tənqidi fikirlərində bir qayda olaraq rəqəmlərə əsaslanır, arqumentsiz danışmır, populist siyasi bəyanatlar səsləndirmir. Mənə elə gəlir ki, Müsavat qurultayında onun az bir səs fərqiylə uduzması da orada baş verən qeyri-şəffaf, ədalətsiz prosesin nəticəsidir. Əgər seçkilər ədalətli keçirilsəydi, Qubad bəyin qalib olacağı şəksiz idi. Mən bunu tanıdığım müsavatçıların söhbətlərindən də eşitmişəm. Ona görə də, Qubad İbadoğlu və tərəfdarları haqlı olaraq bu nəticəylə razılaşmırlar. Əgər Müsavat özünü həqiqətən demokratik prinsiplərə sadiq bir partiya hesab edirsə, bu məsələni dərindən araşdırıb, doğru qərar verməlidir. Rəsmi açıqlamalara görə, Qubad İbadoğluna qurultay nümayəndələrinin yarıdan bir qədər azı səs verib. Ancaq reallıqda bunun daha artıq olduğu söylənir. Belə bir şəxsi partiyadan çıxarmağa təşəbbüs göstərmək, təbii ki, Müsavatı ikiyə bölmək anlamına gəlir. Əgər belə bir şey baş versə, əminəm ki, müsavatçıların əksəriyyəti Qubad bəyin ardınca gedəcəklər. Çünki cəmiyyət artıq Arif Hacılı tipli səmərəsiz siyasətçilərdən bezib. Bununla yanaşı, demokratiya, azadlıq, fikir plüralizmi haqqında səsləndirilən şüarların boş söz yığınından başqa bir şey olmaması bir daha öz təsdiqini tapacaq. İsa Qəmbərin şəxsi mülkiyyəti hesab etdiyi Müsavat partiyasını öz adamı Arif Hacılıya ötürməsiylə bağlı cəmiyyətdə mövcud olan fikir daha da güclənəcək", -deyə müsahibimiz əlavə edib.
Onu da nəzərə çatdıraq ki, Müsavat başqanının müavini Gülağa Aslanlı Q.İbadoğlunun partiyadan cıxarılması ilə bağlı qərarın olmadığını bildirib: "Partiya öz üzvünü Divan toplantısına onunla müəyyən məsələləri müzakirə etmək üçün dəvət edib. Müsavat Partiyasında Qubad İbadoğlunun partiyadan xaric olunması haqqında dəqiq qərar yoxdur. Kimsə belə bir qərarı qabaqcadan verirsə, bu suallar ona yönəlməlidir".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53