Şok proqnoz: "ABŞ və Rusiya arasında müharibə başlaya bilər"
09:58 30-01-2015
İQTİSADİYYAT
Şok proqnoz: "ABŞ və Rusiya
arasında müharibə başlaya bilər"
Putin həyəcan içində: Kreml başçısı regional rəhbərləri toplayır
SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov növbəti dəfə Rusiya-ABŞ münasibətlərindən danışıb. "İnterfaks" xəbər agentliyi xəbər verir ki, keçmiş prezident iki ölkə arasında münasibətlərin hazırda "soyuq müharibə" səviyyəsində olduğunu və bunun "isti müharibə"yə keçə biləcəyini deyib.
Siyasətçinin sözlərinə görə, Vaşinqton Moskva üzərində "triumf" haqqında əsas ideyasını açıq şəkildə reallaşdırmağa çalışaraq Moskvanı qarşıdurmaya çəkir. "Təəssüf ki, mən artıq "soyuq müharibə"nin "isti müharibə"yə çevrilməyəcəyini qəti olaraq deyə bilmirəm. Qorxuram ki, ABŞ buna risk edə bilər", - Qorbaçov əlavə edib.
Sovet İttifaqının keçmiş prezidenti həmçinin Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları xatırladıb: "ABŞ və Avropa Birliyindən indi yalnız Rusiya barəsində sanksiyalar haqqında eşidirsən. Doğrudanmı, onlar başlarını tamamilə itiriblər?"
Xatırladaq ki, Qorbaçov yanvarın əvvəlində də Almaniyanın "Der Spiegel" nəşrinə müsahibəsində Avropada irimiqyaslı müharibənin başlaya biləcəyi barədə xəbərdarlıq edib. Siyasətçi həmçinin Almaniyanı Ukrayna böhranına qarışmamağa çağırıb.
Rusiyada həyəcan: Kreml rəhbəri
hərəkətə keçdi
Rusiya Prezidenti Vladimir Putin ölkənin bütün qubernator və regional mərkəz merlərinin toplantısında iştirak edəcək.
axar.az xəbər verir ki, seminarda ölkədəki iqtisadi durum müzakirə olunacaq. Bu kimi seminarları adətən Kreml administrasiyası Əmanət bankının korporativ universiteti ilə birgə keçirir. "Dövlət başçısının çıxışının əsas mövzusu, gözlənildiyi kimi, ölkədə yaranmış iqtisadi durum, iqtisadiyyatın çevik inkişafının və sosial sabitliyin təmin edilməsi, hazırkı mərhələdə regionlarıın rolu və əhəmiyyəti olacaq", - Kremlin mətbuat xidmətindən bildirilib. Maliyyə naziri Anton Siluanovun sözlərinə görə, 2014-cü ildə regionların borcları 20% artıb və 2 trilyon rubldan artıq olub. Bununla əlaqədar hökumət regionlara anti-böhran planı çərçivəsində əlavə kredit və kommersiya borclarının ödənilməsi üçün 160 milyard rubl ayırmağı qərara alıb.
"Yatmış ayını oyatdılar: üçüncü dünya
savaşı uzaqda deyil"
"Rusiyanın Krımı ilhaq etməsi və Ukraynanın cənub-şərq regionlarında müharibə ocağı yaratması dünyaya baha başa gəlir. Artıq Rusiyanın timsalında şərq və ABŞ-la Avropanın timsalında isə Qərb əzələlərini gərərək qarşı-qarşıya dayanıblar". Bunu isə mili.az saytı yazır.
Sayt Avropa İttifaqının xarici işlər nazirlərinin Rusiyanın SWIFT banklararası təsdiq olunmuş məlumatlar sistemindən kənarlaşması məsələsini müzakirə edəcəklərini xatırladaraq əlavə edir: "Belə bir qərar avropalıların özləri üçün də zərərlidir. Çünki Rusiyadan olan borcluların pulunu bu vasitə ilə almaq daha sərfəlidir. Rusiya hansısa cırtdan bir ölkə deyil, dünyanın quru ərazilərinin böyük hissəsini əhatə edən fövqəldövlətdir. Dünyanın təbii resurslarının böyük bir hissəsi bu ölkənin ərazilərində cəmləşib. Bundan başqa, Rusiya dünyanın ən böyük neft və qaz ixracatçılarından biri olmaqla yanaşı, böyük hərbi qüdrət sahibidir. Sözsüz ki, Qərbdə Rusiyaya qarşı iqtisadi müharibə elan edərkən bütün bunları nəzərə almamış deyildilər. Ötən ildən bəri davam edən sanksiyalar hər iki tərəfə öz zərbəsini vurmaqdadır. Belə bir məqamda Rusiyanın SWIFT sistemindən kənarda qoyulması "şimal ayısı"nın səbr kasasına daha bir damla əlavə edir.
İlk öncə SWIFT sisteminin nə olduğuna nəzər salaq. SWIFT (ingilis dilində - Society for Worldwide Interbank Financial Telecommunications - Ümumdünya banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) məlumat ötürülməsi və ödənişlərin həyata keçirilməsi üçün beynəlxalq banklararası sistemdir. Belçika qanunvericiliyi ilə yaradılmış korporativ cəmiyyətin 209 ölkədə 9700-dən çox üzvü var. Bu təşkilat maliyyə aləmini birləşdirən alətləri birlikdə təqdim edir. Onun əsas xüsusiyyəti hər iştirakçı bankın ünikal SWIFT şifrəsinə sahib olmasıdır. Avropada ödənişlər həyata keçirmək üçün Bankın SWIFT şifrəsini və alıcının İBAN (ingiliscə - International Bank Account Number - Beynəlxalq Bank Müştərisi şifrəsi) şifrəsini bilmək kifayətdir.
Bir gün ərzində SWIFT vasitəsi ilə pul köçürmələri, banklararası ödənişlər, qiymətli kağızlar, ümumi dəyəri milyard avrodan çox olan yol çekləri də daxil olmaqla milyondan çox tranzaksiya həyata keçirilir. Bu növ köçürmələr adətən əcnəbi valyuta, xüsusilə də ABŞ dolları vasitəsi ilə həyata keçirilir.
Bütün bu məlumatları nəzərdən keçirdikdə Avropanın və Rusiyanın bu qarşıdurmadan nələr itirdiyini anlamaq çətin deyil. İndiyə qədər Avropadan Rusiyaya idxal edilmiş məhsulların pulunu ödəmək artıq əvvəlki kimi asan olmayacaq. Bu da avropalı sahibkarların satdıqları məhsul müqabilində qazanc əldə edə bilməməsi deməkdir. Digər tərəfdən isə SWIFT sistemindən kənarda qalmaq Rusiyanın ümumi daxili məhsuluna (ÜDM) da təsirsiz ötüşməyəcək. Rusiyanın sabiq maliyyə naziri Aleksey Kudrin hesab edir ki, ölkəsinin SWIFT sistemindən kənarda qalması ÜDM-in 5 faiz azalmasına səbəb olacaq.
Rusiyanın sistemdən kənarlaşdırılması bundan sonra pul köçürmələrinin, kobud şəkildə desək, təyyarə və ya yerüstü nəqliyyatla mümkün olacağı anlamına gəlir.
Belə bir qərar sanksiyaların məngənəsində sıxılan şimal qonşumuz üçün daha bir zərbədir. Şimal Qonşumuzun səbr kasasının daşmasına səbəbkar damla olmasa da, əsəbləri bir qədər də gərdi, haqq-hesab gününə daha da yaxınlaşdırdı.
Artıq Rusiyada Qərbin belə addımlarını müharibəyə təşviq kimi qiymətləndirənlər də var. VTB bankın rəhbəri Andrey Kostin qərarı müharibə elan edilməsi kimi dəyərləndirmişdi. Onun sözlərinə görə, belə qərardan sonra ABŞ və Qərb ölkələrinin səfirləri Moskvanı tərk etmək məcburiyyətində qala bilərlər ki, bu da ölkələr arasında dialoqun sıfır səviyyəsinə endrilməsi deməkdir. Bu da öz növbəsində müharibə anlamına gəlir. Şərqlə Qərb arasında artıq soyuq iqtisadi müharibə başlayıb. İstənilən qığılcım gərginliyi isti müharibə mərhələsinə keçirə bilər.
Artıq uzun müddətdir ki, "ayı"nı qıcıqlandırırlar, ancaq yerindən qaldırmağa nail olmayıblar. Rus ayısının səbr kasasını daşdıran son damlanın nə olacağını zaman göstərəcək. Dünyanın ən güclü ordularından birinin Qərblə savaşa çıxması tək onların özünü deyil, bütün planeti silkələyə bilər".
Rusiya müxalifətçisi: "Bu, anti-böhran deyil, müharibə planıdır"
"Rusiya Federasiyası hökumətinin anti-böhran planı Ukrayna ilə müharibənin davam etdirilməsini nəzərdə tutur". Bu barədə "Facebook" səhifəsində Rusiya müxalifətçisi Boris Nemtsov bildirib.
"Tibb, təhsil, mədəniyyəti, yəni praktik olaraq bütün sahələrdə xərclər azaldılıb. Yalnız hərbi xərclərdən başqa. Hərbi xərclər astronomik ölçüdə - 2014-cü illə müqayisədə 33 faiz artırılıb. Sülh dövründə belə bir artım qeyri-mümkündür. Bu, müharibə büdcəsidir. Rusiya anti-böhran deyil, müharibə planı qəbul edib", - müxalifətçi qeyd edib.
Qeyd edək ki, ölkənin baş naziri Dmitri Medvedev Rusiya üçün anti-böhran planı hazırlayıb və imzalayıb. Maliyyə naziri Anton Siluanov deyib ki, anti-böhran planına əsasən, hökumətin xərci dondurulacaq və struktur islahatları həyata keçiriləcək.
Xatırladaq ki, Rusiya anti-böhran planını sonuncu dəfə 2009-cu ildə qəbul edib. O zaman ölkənin büdcə kəsiri ümumi daxili məhsulun 5,9 faizinə çatmışdı. Bu il üçün isə həmin rəqəmin 2-3 faiz olacağı proqnozlaşdırılır. Bu səviyyənin qalxmaması üçün Rusiya 2015-ci ilin büdcə xərclərində ixtisar planlaşdırır. Artıq Maliyyə Nazirliyi xərclərin 10 faiz azaldılacağını bildirib. Lakin bu, ilkin addımdır. Büdcə xərclərinin azaldılması 15 faizə çatdırıla bilər.
Rusiyada Donbas üçün döyüşçülər
hazırlayan gizli baza
BBC-nin rus xidməti Sankt-Peterburqda Donbas hövzəsinin döyüşçüləri üçün yaradılan məxfi məşq bazasını lentə ala bilib. Bazada döyüşçülər ilk hərbi hazırlığı keçir və daha sonra Şərqi Ukraynaya vuruşmaq üçün göndərilirlər.
Bazanın dəqiq ünvanı açıqlanmır. BBC-nin rus xidmətinin əməkdaşı qeyd edir ki, onlara qədər heç bir jurnalist gizli məşq bazasını lentə almağa nail olmayıb.
BBC-nin rus xidməti həmçinin Donbas hövzəsindəki müharibə ilə bağlı sənədli film çəkib. Döyüşçülər açıq şəkildə etiraf edirlər ki, onlar rusiyalılardır. Onlardan biri hətta pasportunu göstərib.
Donbasda
müharibənin
dayandırılmasının
iki variantı
"Donbas hövzəsində müharibənin dayandırılmasının iki variantı var". Bu barədə ukraynalı ehtiyatda olan polkovnik Mixail Savçenko bildirib.
Onun sözlərinə görə, birinci variant hazırda Kiyevin nəzarətində olmayan Rusiya-Ukrayna sərhədinin tamamilə bağlanmasıdır: "Bu halda terrorçulara "Qrad"lar, tanklar və raketlər çatdırılmayacaq. Rusiyadan silah, hərbi texnika və "humanitar yardım" almayan "LXR" və "DXR" isə uzun müddət yaşaya bilməyəcək. Amma bunu yarım il əvvəl etmək mümkün idi, indi isə daha çətin görünür".
İkinci variant, ekspertin sözlərinə görə, danışıqlardır: "Hərbi hərəkətlər o halda dayandırıla bilər ki, "DXR" və "LXR" Ukraynadan maksimum muxtariyyət alacaq, bu "respublikalar"da oyuncaq hökumətqurulacaq və Rusiyanın marionetkaları Ukraynanın Ali Radasında oturacaq. Bu halda isə Ukrayna Donbas hövzəsini bərpa etmək öhdəliyini öz üzərinə götürməli olacaq". Mixail Savçenko qeyd edir ki, beləliklə Rusiya rəhbərliyi Ukraynanın Moskvadan maksimum asılılığına nail olacaq və ölkəni iqtisadi kollapsa aparacaq.
Ehtiyatda olan polkovnik hesab edir ki, bu variantların hansının reallaşdırılacağı bir çox amillərdən - dünya birliyindən, sanksiyaların Rusiyaya necə təsir edəcəyindən və ilk növbədə Ukrayna prezidentinin siyasi qətiyyətindən asılı olacaq".
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53