Nazir oğlu ilə məşhur biznesmenin əmlak davası
Nazir oğlu ilə məşhur biznesmenin əmlak davası

Onların qarşıdurması ölkəmizin imicinə zərbə vura bilər

Qalmaqallı iş adamı, "Hafka" ləqəbli Hafiz Məmmədovun prezidenti olduğu "Bakı" futbol klubunda yenə vəziyyət qarışıb. Yox, maaşların gecikməsinə görə hansısa qiyam və ya klubun dağılması haqda xəbər yoxdu. Xəbər başqadı.

Bir neçə gün öncə "Bakı"nın təlim-məşq bazasının suyunun kəsildiyi barədə xəbər verilmişdi. Amma sən demə, budəfəki hadisənin səbəbi heç də klubun kommunal xərclərə görə külli miqdarda borcunun yaranması deyil. Hafiz Məmmədovun müflis olmasından sonra borclanan "Bakı"nın bu problemini AFFA rəhbərliyi öz üzərinə götürüb. "Bakı"nın yenidən susuz qalmasının səbəbi başqadı.
futbolinfo.az-ın xəbərinə görə, başıbəlalı təlim-məşq bazasının şərikli olması indi acı nəticələrini göstərir. Vaxtilə nəqliyyat naziri Ziya Məmmədovun ən yaxın adamı olan Hafiz Məmmədovun ondan üz döndərməsindən sonra yaranan problemlər pik nöqtəsinə çatıb. Bazanın yerləşdiyi ərazi nazirin oğlu Anar Məmmədovun mülkiyyətindədisə, onun üzərində tikilən daşınmaz əmlak Hafiz bəyə aiddi. Sonuncunun müflis olmasından və keçmiş şərikləri ilə problemlərinin ortaya çıxmasından sonra isə bazanın bölüşdürülməsi mümkünsüz işə çevrilib.
İndi Anar bəy özünə məxsus torpaqları Hafiz bəydən geri almaq istəyir. "Bakı"nın prezidenti isə bunun üçün bütün inşa etdiklərini sökməlidi ki, bu da faktiki hər şeyin məhvi deməkdi. Tərəflər bir-birinə güzəştə getmədiyindən problem çözülməz hala gəlib.
Kiminsə mal, mülk davasına qarışmaq fikrimiz yoxdu. Bu məsələdə hər tərəfin özünün haqlı olduğu məqamlar var və daha yuxarı səviyyədəki adamlar problemi həll edə bilmirsə, deməli, iş çox ciddidi. Sadəcə, tərəflərin məsələni əzələ nümayişi vasitəsi ilə həll etmək istəyi ölkə futboluna çox ciddi ziyan vuracaq.
"Bakı"nın bazasının suyunu Anar Məmmədovun adamları kəsib. Onlar Hafiz Məmmədova bu yolla təzyiq edib nazir oğluna məxsus ərazini tərk etməsini istəyir. Anar bəyin rəhbərlik etdiyi şirkətin 4 mühafizəçisi də bazaya gələn suyun kəsildiyi yerdə keşik çəkir, su təchizatının bərpa olunmasına imkan vermirlər. "Bakı" rəhbərliyi isə burada məşq edən futbolçuların yuyunması üçün xüsusi çənlərlə bazaya su daşıyırlar. Təbii ki, bu cür kustar üsulla yalnız bəzi məsələlərin həllinə nail olmaq olar. Təlim-məşq bazasının təbii örtüklü qazonlarını isə çən suyu ilə qorumaq mümkün deyil.
Əsas problem ondadı ki, U-12 və U-13 Liqalarının oyunları bu bazanın stadionlarında keçirilir. Bundan başqa qızlardan ibarət Azərbaycan millisinin Gürcüstandan olan həmyaşıdları ilə fevralın 6-da və 8-dəki beynəlxalq yoldaşlıq görüşləri, eyni zamanda onların 9 məşqi də burada baş tutmalıdı. Gürcüstan və Azərbaycanın 17 yaşlılardan ibarət qadın millilərinin 3 məşqi və fevralın 18-dəki rəsmi oyunu da bu bazaya təyin olunub.
Susuz qalması üzündən yanacağı şübhə doğurmayan qazonda bu oyunların keçirilməsi üçün şərait olmayacaq. Bəlkə də sözügedən qarşılaşmaları başqa arenalarda keçirmək, bununla da problemdən qaçmaq mümkündür. Əsas məsələ 19 yaşlılardan ibarət millilərin qrup oyunları ilə bağlıdır.
UEFA elit mərhələnin oyunlarını keçirməyi ölkəmizə həvalə edib. Qitə futbol qurumunun nümayəndələri "Bakı"nın bazasıyla tanış olduqdan sonra Portuqaliya və Xorvatiya millilərinin də burada məşq edib, oyuna çıxmalarına, beləliklə, qrup oyunlarının Bakıda təşkilinə razılıq verib. Martın 1-dən 22-nə kimi burada komandalar məşq edib, oyunlara çıxmalıdır. Ancaq susuz qalacağı halda bu arenaların qazonunun hansı hala düşəcəyini indidən təxmin etmək olar.
Problem həllini tapmasa, elit mərhələ öncəsi növbəti dəfə təftişə gələcək UEFA nümayəndələri yəqin ki, oyunların burada keçirilməsinə icazə verməyəcək. Bu oyunların təbii örtüklü meydançalarda keçirilməsi vacib şərt olduğundan AFFA-nın onları "Dalğa Arena"ya və ya "Bayıl Arena"ya "köçürməsi" də mümkün deyil. Deməli, Məmmədovlar ortaq məxrəcə gəlməsə, UEFA elit mərhələnin qrup oyunlarını Bakıdan alıb, başqa bir ölkəyə verəcək. Bu isə Avropa Oyunları kimi möhtəşəm yarışa hazırlaşan, AÇ-2020-nin 3 qrup, 1 final matçına ev sahibliyi etmək hüququnu qazanan ölkəmizin imicinə böyük zərbə olardı. Yəqin ki, münaqişədə olan tərəflər bu məqamı nəzərə alacar...
P.S. Mövzuya birbaşa dəxli olmasa da, dünən "Hafka" ilə bağlı yayılan bir xəbəri də sizinlə bölüşmək istəyirik. Xəbərdə bildirilir ki, Fransanın "Lans" klubu Liqa 1-dən uzaqlaşdırılır. Belə ki, Hafiz Məmmədovun maliyyələşdirdiyi (daha doğrusu, maliyyələşdirməli olduğu!) klub Liqa 2-yə göndərilir. Bununla bağlı Parisin Bezons rayon inzibati məhkəməsi müvafiq qərar çıxarıb. Məhkəmə digər Fransa klubu - "Soşo"nun iddiası əsasında, "Lans"ın maliyyə kriteriyalarına cavab vermədiyini əsas gətirərək bu qərarı qəbul edib.
Qərarda qeyd olunub ki, "Lans"n büdcəsi Fransa Liqa 1-in tələblərinə cavab verməyib. Buna baxmayaraq, komanda bu mövsüm yüksək liqaya buraxılıb. Qərara əsasən, komanda cari mövsüm elitada neçənci yeri tutmasından asılı olmayaraq, növbəti mövsümdən Liqa 2-də oynamalıdır.
"Lans" ötən mövsüm Fransa ikinci liqasında ikinci yeri tutaraq birinci liqaya vəsiqə qazanıb. "Lans"dan şikayətçi olan "Soşo" isə ötən mövsüm birinci liqada 18-ci yeri tutaraq ikinci liqaya düşüb. Əgər Fransa Futbol Federasiyasının İcraiyyə Komitəsinin qərarı ilə "Lans" bu mövsüm brinci liqaya buraxılmasaydı, onu "Soşo" əvəz edəcəkdi.
Qeyd edək ki, hələlik, Fransa Futbol Federasiyası "Lans"ı ikinci dəstəyə göndərməklə bağlı rəsmi qərar verməyib. Qarşıdakı iki ayda istər federasiya, istərsə də klubun apellyasiya şikayəti vermək hüququ var.
Əlavə edək ki, 22 turdan sonra "Lans" turnir cədvəlində 20 komanda arasında 19-cu yeri tutur.
Komandanın zəif çıxışına "Lans"ın sahibi Hafiz Məmmədovun ciddi maliyyə problemləri ilə üzləşməsi əsas səbəb kimi göstərilir. Fikrimizcə, əlavə şərhə ehtiyac qalmır.

İlkin Həsənoğlu