Rusiya Ukraynaya görə 200 milyard dollar itirdi
11:14 31-01-2015
İQTİSADİYYAT
Rusiya Ukraynaya görə 200 milyard dollar itirdi
Rusiya neftin qiymətinin düşməsi və sanksiyalara görə 2014-cü ildə 200 milyard dollar itirib. "Bloomberg" agentliyinin xəbərinə görə, belə bir bəyanatla Rusiya Federasiyasının maliyyə naziri Anton Siluanov CNBC telekanalında çıxış edib.
Nazir bildirib ki, 200 milyardın təxminən 50 milyard dolları sanksiyaların "payına" düşür.
Qeyd edək ki, 2014-cü ilin əvvəlindən neftin qiyməti iki dəfədən çox azalıb. Analitiklər "qara qızıl"ın qiymətinin kəskin düşməsini bazarda xammalın bolluğu ilə izah edirlər. Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) noyabrın 27-də neft hasilatını gündəlik 30 milyon barel səviyyəsində saxlaması da qiymətin düşməsini sürətləndirib.
Bu həftə Rusiya Federasiyasının hökuməti anti-böhran planını qəbul edib. Plan əlverişsiz xarici iqtisadi və xarici siyasət fonunda iqtisadiyyatın və sosial sabitliyin davamlı inkişafını nəzərdə tutur.
Avropa İttifaqı
Rusiyaya qarşı
sanksiyaları
yarım il uzatdı
Avropa İttifaqı (Aİ) Şurası Rusiya Federasiyasının fiziki şəxslərinə qarşı sanksiyaların sentyabradək uzadılmasına dair qərar qəbul edib. Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Federika Moqerini bildirib.
Aİ XİN rəhbərləri 10 gün ərzində Ukraynanın şərqindəki münaqişənin gərginləşməsində məsuliyyətli hesab edilən fiziki və hüquqi şəxslərin "qara siyahısı"nın genişləndirilməsinə dair təkliflər hazırlamağa göstəriş verib. Bu məsələ üzrə qərarın Aİ Şurasının fevralın 9-da keçiriləcək iclasında veriləcəyi gözlənilir.
Federika Moqerini qeyd edib ki, Avropa İttifaqı Şurası Ukraynadakı münaqişənin nizamlanması üzrə bütün diplomatik səyləri dəstəkləyir.
Sanksiyalar "qara siyahı"ya daxil edilən şəxslərin bank hesablarının dondurulmasını və Aİ ölkələrinə səfər etmək üçün vizaların verilməməsini nəzərdə tutur.
Hazırda Aİ-nin "qara siyahısı"na 132 fiziki və 28 hüquqi şəxs daxil olunub.
Bjezinski:
"Sanksiyalar olmasaydı, Ukrayna..."
Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar olmasaydı, Ukrayna müstəqilliyini itirmişdi. axar.az xəbər verir ki, bunu ABŞ prezidentinin keçmiş müşaviri, tanınmış siyasətçi Zbiqnev Bjezinski polşalı jurnalistə verdiyi açıqlamasında deyib.
Bjezinski əminliklə bildirib ki, Putin Ukraynanı işğal etdikdən sonra başqa ölkələri də ələ keçirəcəkdi.
Onun sözlərinə görə, 2015- ci ilin əvvəlində Donbasdakı hadisələrin yenidən genişlənməsi təsadüfi deyil: "Əlbəttə bu, spontan genişlənmə yox, xaricdən təhriketmədir. Bu dözümsüzlüyün əsl səbəbi hadisələrin Putinin istədiyi kimi getməməsidir. O, Krımda əldə etdiyi uğuru, yəni bir güllə belə atmadan ölkənin böyük bir hissəsini nəzarət altına almağı təkrar edə bilməyəcək".
Rusiyadan
amansız addım
"Rusiya hakimiyyətin bir hədəfi var: Krım tatarlarını qorxutmaq və onları yarımadanı tərk etməyə məcbur etmək". Bu barədə Krım Tatar Məclisinin xarici əlaqələr komitəsinin rəhbəri Əli Xamzin qurumun sədr müavini Ahtem Ciygozun həbs edilməsini şərh edərkən deyib.
Qeyd edək ki, Krım Tatar Məclisinin sədr müavini Ahtem Ciygoz srağagün Krımda həbs edilib. Rusiya İstintaq Komitəsinin məlumatına görə, o, ötən ilin fevralında Simferopolda baş verən kütləvi qarşıdurma ilə bağlı istintaq çərçivəsində saxlanıb. İstintaqın versiyasına görə, ötən il fevralın 26-da Krım parlamentinin qarşısında naməlum adamın çağırışı ilə toqquşma baş verib. Nümayişçilərin rusiyalı fəallara və Krımın özünümüdafiə qüvvələrinə hücum etdiyi, həmçinin parlamentin binasına 600 min rubl məbləğində ziyan vurduğu bildirilir.
"26 fevral 2014-cü il Krım hələ Ukrayna hakimiyyəti altında idi və Krım parlamentinin binasının üstündə Ukrayna bayrağı dalğalanırdı. Biz həmin vaxt Ukrayna qanunları ilə yaşayırdıq. İndi Rusiya hakimiyyətinin iddiaları mənə aydın deyir, bu sadəcə cəfəngiyatdır", - Əli Xamzin deyib.
O, əmindir ki, Krımda tatarların nümayəndələrinə qarşı repressiyalar davam edəcək: "Düşünürəm ki, bu yalnız Krım tatarlarına qarşı repressiyaların başlanğıcıdır. Onlar əvvəlcə Krım Tatar Məclisinin rəhbərlərini, daha sonra yerli nümayəndələrini, axırda isə fəallar və yerli vətəndaşları həbs etməyə başlayacaqlar. Bu hakimiyyətin hədəfi birdir: xalqımızı yarımadanı tərk etməyə məcbur etmək. Buna görə də Krım tatarlarını təxribatlara təslim olmamağa, qorxmamağa və heç bir halda Krımı tərk etməməyə çağırıram".
Məlumata görə, Ahtem Çiyqoz ən azından 19 fevral tarixinə kimi həbsdə saxlanılacaq. Günahı sübuta yetiriləcəyi halda onu 10 il azadlıqdan məhrumetmə cəzası gözləyir. O, Rusiya Cinayət Məcəlləsinin 212-ci maddəsi (kütləvi etirazların təşkili) ilə ittiham olunacaq.
Neft lobbisi ABŞ
prezidentini sanksiyalara görə cəzalandırır?
"Neft lobbisi Obamanı Rusiyaya qarşı sanksiyalara görə dollarla cəzalandırır". Belə bir iddia ilə ABŞ-ın neftqaz sahəsinin problemləri üzrə yazan aparıcı analitik portalı "Oilprice.com" çıxış edib.
ABŞ-ın energetika üzrə mütəxəssisləri hesab edirlər ki, Obama Putinə qarşı qərəzli mövqe sərgiləyir və buna görə də sağlam düşüncədən məhrumdur. Hətta ekspertlər Barak Obamanı ölkənin milli maraqlarının pozulmasında da ittiham edirlər.
"Oilprice" nəşri məqaləsində Rusiyaya qarşı münasibətin Obama administrasiyasının ən böyük xarici siyasət səhvlərindən biri olduğunu qeyd edir. Xüsusilər, digər ölkələrin də Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə məcbur edilməsi ABŞ-ın səhvi olaraq qiymətləndirilir. Bu vəziyyət isə Rusiyanı Çinə çevrilməyə məcbur edir.
Sanksiyaların Amerikanı iqtisadi və hərbi cəhətdən zəiflətdiyi deyilir. Həmçinin, Rusiya ilə Çinin yaxınlaşması və böyük layihələrin həyata keçirməsi artıq Avropa və ABŞ-ı narahat etməyə başlayıb. Belə ki, Çin artıq Rusiya iqtisadiyyatına 242 milyard dollar investisiya qoymağı planlaşdırır.
Sanksiyalar isə sadəcə qərb ölkələrinin planlarına zərbə vurur. İndi Rusiya özünə Çində və başqa Asiya ölkələrində partnyorlar seçir. Nəticədə isə qərb ölkələri Rusiya ilə iş imkanlarından məhrum olurlar.
"Rusiya Avropa
Şurasından
çıxarıla bilər"
"Region" Beynəlxalq Analitik Mərkəzinin rəhbəri Razi Nurullayev Rusiyanın AŞPA-da səsvermə hüququndan mərhum edilməsi barədə danışıb. Rusiyanın Avropa Şurasından çıxarılmaq çağırışı ilə üz-üzə qaldığını deyən R.Nurullayevin sözlərinə görə, Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiya nümayəndə heyətini bütün hüquqlardan məhrum etdi və ruslar da bu qurumu tərk etdilər.
O, Rusiyanın AŞPA-da qalmasının heç bir məna kəsb etmədiyini deyib: "Təbii ki, Rusiya Avropa Şurası Nazirlər Komitəsi səviyyəsində fəaliyyətini davam etdirəcək. Amma, çox soyuq. Hətta, Rusiya - Putin nüfuzunu qorumaq üçün birtərəfli qaydada Avropa Şurasını tərk etmək barədə qərar da verə bilər. Əslində, Rusiyanın Avropa Şurasından çıxarılması və çıxması indiki məqamda tərəflərə nə qazandırar şübhəli məsələdir. Açığı bunun əleyhinəyəm. Çünki, danışqılar pəncərəsi bağlanır. Buna o zaman isti yanaşmaq olar ki, Avropa Birliyi Rusiyaya qarşı mövqeyini tam sərtləşdirir və heç bir güzəşt yeri qoymur. Yəni, ən azından özü üçün bir yol seçir: Rusiya Ukraynadan çıxmayınca və Krımı qaytarmayınca heç bir əməkdaşlıqdan söhbət gedə bilməz və zaman-zaman sanksiyalar daha da ağırlaşdırılacaq. Bu o anlama gəlməlidir ki, Avropa Birliyi və ABŞ Rusiyaya hərbi müharibə yox, iqtisadi və siyasi müharibə elan etməlidir. Əgər onlar "biz Rusiyaya qarşı iqtisadi və siyasi müharibə elan edirik" terminini istifadə etsələr, məncə bir çox şübhələr aradan qalxar və fünya düzəni silkələnib qütblərdəki yerini tutar. Amma, "gizlənpaç" oynamaqla iş olmaz".
"Apple" və Rusiya:
İdaeəetmənin effektliyi, yaxud effektivsizliyi
"Rusiya hələ də elə bilir ki, 2700 nüvə başlığı varsa, böyük ölkədir, hələ də düşünür ki, böyük, güclü, imperial düşüncəli ölkə olmaq ərazilərin böyüməsindən, torpaq tutmaqdan keçir". İqtisadçı-ekspert Natiq Cəfərli belə bir iddia ilə çıxış edib.
"Rusiya: Əhalisi 146 mln nəfər, dünyanın quru hissəsinin 13%-dən yuxarısına malik ölkə, büdcəsi 439 milyard dollar, fond bazarının ümumi dəyəri, yəni Qazprom, Sibneft, Rosneft, Lukoyl və sairə daxil bütün şirkətlərinin bazar dəyəri - 384,9 milyard dollardır. Dekabr ayının 15-dən sonra aşağı düşüb. Rəhmətlik Mendeleyevin yuxuda gördüyü bütün elementlər, təbii sərvətlər bu ölkənin ərazisində var. Dünyada ən çox əkinə yararlı torpağa malik ölkə Rusiyadır. "Apple" şirkəti: 2014-cü ilin sonuna şirkətin ümumi bazar dəyəri - 701 milyard dollar, yəni bütün Rusiya şirkətlərinin ümumi dəyərindən iki dəfədən də çox, işçi sayı dünya üzrə - 80 min nəfər, 2014-cü ildə satış dövriyyəsi - 182,8 milyard dollar, xalis gəliri isə 39,5 milyard dollardır. Lakin Rusiya hələ də elə bilir ki, 2700 nüvə başlığı varsa, böyük ölkədir, hələ də düşünür ki, böyük, güclü, imperial düşüncəli ölkə olmaq ərazilərin böyüməsindən, torpaq tutmaqdan keçir. ABŞ-ın gücü idarəetmə sistemində, elmində, texnologiyalardadır, ən əsası isə - mülkiyyət toxunulmazlığındadır. Ordu, əsgər, tank-top - ikinci dərəcəli məsələdir. Rusiya o boyda sərvətlə ABŞ-ın bir şirkəti qədər ola bilmədi, halbuki, idarəetmə sistemi normal, sivil, ağıllı olsaydı, Rusiya dünyanın ən gözəl, ən cəlbedici, ən yaxşı ölkəsi olardı. Yəni, Rusiya belə idarəetmə sistemi ilə Qərblə, ABŞ-la qarşıdurmadan qalib çıxa bilməz. Çünki, ruslar tank döyüşünə hazırlaşır, qanmırlar ki, müasir dünyada müharibələr birjalarda aparılır, iqtisadi "silahlarla", elmlə, texnologiyalarla olur. Təbii ki, ABŞ süddən çıxmış ağ qaşıq deyil, zorakıdır, öz maraqlarına görə ölkələrin başına oyun açır. Amma, öz xalqı və vətəndaşı üçün ideala yaxın sistem qurub" - deyə N.Cəfərli qeyd edib.
Rusiya Amerika
məmurlarını
"qara siyahı"ya saldı
Bu arada məlum olub ki, Maldiv adalarında rusiyalı Roman Seleznyovun oğurluğunda məsuliyyət daşıdığı iddia olunan ABŞ Ədliyyə Nazirliyinin əməkdaşları Rusiya tərəfindən "qara siyahı"ya salınıb. Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.
"Söhbət 2014-cü ilin iyulunda Rusiya vətəndaşı Roman Seleznyovun Maldiv adalarında oğurlanması ilə əlaqəsi olan ABŞ Ədliyyə Nazirliyinin əməkdaşlarından gedir. Bunlar Çarlz Set Uilkinson, İtan Rey Arenson, Ketrin Uorma və Norman Barbosadır", - Lukaşeviç deyib.
Diplomatın sözlərinə görə, adıçəkilən şəxslər insan hüquqlarının kobud pozuntularına yol verib. Onların Rusiya Federasiyasının ərazisinə girişi qadağan edilib. "Qara siyahı" "Maqnitski siyahısı"nın genişlədilməsinə cavab olaraq hazırlanıb. Ötən ilin dekabr ayının sonunda ABŞ Maliyyə Nazirliyi "Maqnitski siyahısı"nın açıq hissəsinə dörd rusiyalı məmurun adını daxil edib. Bunlar Çeçenistan Respublikasının daxili işlər nazirinin müavini Apti Alaudinov, Çeçenistanın prezident administrasiyasının rəhbəri Məhəmməd Daudov, Rusiya Federasiyası Baş prokurorun müavini Andrey Strijov və Rusiya Federasiyası İstintaq Komitəsinin müstəntiqi Viktor Qrindir.
Qeyd edək ki, Roman Seleznyov 2014-cü ilin 5 iyul tarixindfə Maldivin paytaxtı Malenin aeroportunda Amerika agentləri tərəfindən həbs edilib. O, bank rekvizitlərinin oğurluğunda ittiham olunub. Seleznyov daha sonra Quam adasındakı həbsxanaya aparılıb.
"Rusiya onu
heç vaxt heç kimə
verməyəcək..."
"Eks-prezident Viktor Yanukoviç konfidensial informasiyanın daşıyıcısı olduğuna görə Rusiya xüsusi xidmət orqanları üçün dəyərlidir". axar.az xəbər verir ki, bu açıqlama ilə ukraynalı deputat Viktor Çumak çıxış edib.
O, Ukraynanın Yanukoviçi heç vaxt geri qaytara bilməyəcəyini söyləyib: "Yanukoviç Rusiya, onun hərəkətləri, planları, münasibətləri, Krım və digər məsələlər haqqında informasiya daşıyıcısıdır. Rusiya hakimiyyəti onu heç vaxt heç kimə verməyəcək. Mən qorxuram ki, o da Litvinenko (2006-cı ildə Londona gedən və Putinin kəskin tənqidçisi olan FTX əməkdaşı) kimi öləcək. Yanukoviçi biz çətin bir də hansısa formada geri alaq".
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53