Azərbaycanda məmur özbaşınalığının ilginc gizlinləri
09:59 03-02-2015
İQTİSADİYYAT
Azərbaycanda məmur
özbaşınalığının ilginc gizlinləri
Regionda və dünyada həssas proseslərin getdiyi vaxtda bəzi vəzifəli şəxslərin yekəxanalığı arzuolunmaz fəsadlar yarada bilər
Ölkədə vətəndaşların Konstitusiya ilə təmin olunmuş hüquq və azadlıqlarının qorunması ən ümdə məsələdir. Amma bəzi hallarda müxtəlif dövlət idarə və təşkilatlarında vəzifəli şəxslər tərəfindən edilən özbaşınalığa, təkəbbürlüyə, yekəxanalığa, insan hüquqlarının pozulması hallarına rast gəlinir.
Bu, KİV-ə daxil olan məktub və şikayətlərin əsas mahiyyətini təşkil edir. Şikayətlər və müraciətlər əsasən işıq, su, qaz, yol, təhsil, kanalizasiya və digər məişət problemləri ilə bağlıdır. Elə məsələlər var ki, bunu yerində həll etmək mümkündür, amma səhlənkarlıq, başdansovduluq, məsuliyyətsizlik ucbatından baxılmır və bu, nəticədə sakinlərdə müəyyən narazılıq yaradır.
Ümumiyyətlə, vəzifəli şəxslərin özbaşınalığı, məmur-vətəndaş münasibətləri, insanların qəbulu və şikayətlərinin dinlənilməməsi ilə bağlı cəmiyyətdə də müxtəlif tənqidi fikirlər mövcuddur. Təbii ki, bu sahədə əvvəlki illərə nisbətən müsbət meyllər yaransa da, ancaq insanları narahat edən məqamlar hələ qalmaqdadır. Azərbaycan prezidenti də dəfələrlə bu məsələyə toxunub, məmurları vətəndaşlarla mədəni davranışa, təkəbbürlü olmamağa səsləyib.
Sonuncu dəfə bu il yanvarın 27-də "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda ölkə başçısı deyib: "Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir. Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır… Deyə bilərəm ki, əksər hallarda biz müsbət mənzərə görürük. Ancaq mənfi mənzərə ilə üzləşəndə tədbir də görülür, məmurlar cəzalandırılır. Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar".
Bununla belə, ölkədə məmur özbaşınalığının sərhədləri daralmaq bilmir ki, bilmir. Bəs, bunun səbəbi nədir? "Hüquqi dövlət" Araşdırmalar Fondunun prezidenti Müzəffər Baxışovun sözlərinə görə ("anspress"), ən ciddi məsələdən biri ondan ibarətdir ki, məmurların verdiyi hesabatların çoxu doğrunu əks etdirmir, bölgələrdə insanlardan torpaqlara görə artıq pul alınır, rayon rəhbərləri tərəfindən vəsaitlər mənimsənilir: "Çox yaxşı haldır ki, ölkə rəhbəri Azərbaycandakı faktiki vəziyyət barədə dəqiq məlumata malikdir və zənnimcə, bu mesaj bəzi məmurlar üçün son olacaq".
Ekspert ölkədə məmur özbaşınalığına qarşı sistemli mübarizənin aparılmadığını, bunun bir çox səbəblərinin olduğunu söyləyib. Həmin səbəblər arasında biri xüsusilə diqqətçəkicidir. Ekspertin sözlərini oxuyaq: "Məmurlar Azərbaycandakı vəziyyəti bilirlər və vəzifəyə təyin edildikdə azı 5-6 il işləyəcəklərinə əmindirlər. Ona görə də vəzifədən sui-istifadə edib talançılıqla məşğul olurlar. Azərbaycan kiçik ölkədir, bunu sübut etmək elə də çətin deyil. Məsələn, hər hansı nazirin, icra hakimiyyəti başçısının sürdüyü həyat tərzi ilə bunu müəyyən etmək olar".
Ekspert başqa bir səbəb də göstərir: "Məmurlar çox gözəl bilirlər ki, onların cinayət xarakterli qanunsuz hərəkətlərə görə "yuxarı"dan göstərişlər gəlməsə, onlar heç vaxt həbs olunmayacaqlar. Ona görə də onlar vəzifələrini vicdanlı, dürüst icra etmək əvəzinə, yuxarıdan gələn göstərişlərin icrasına meyl göstərirlər. Onlar üçün fərqi yoxdur, hansısa kənddə insaların qaz, işıq, su, yol, yanacaq problemi var. Bu, onlar üçün əhəmiyyət kəsb etmir".
Ekspertin sözlərinə görə, əksər rayon icra hakimiyyəti başçıları bu və ya digər qanunsuz hərəkətlərə yol verirlər. Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparılırsa, indiyədək heç bir rayon rəhbəri hər hansı korrupsiya əməlinə görə məsuliyyətə cəlb olunmayıb. Ən azından onların Bakıdakı villalarının şəkillərini çəkib televiziya ilə göstərmək olar.
Ekspert çıxış yolu kimi deyib ki, ölkədə qüvvədə olan qanunlar, qaydalar dəqiq icra olunmalıdır, hər kəs qanun qarşısında eynidir: "Konstitusiyanın 25-ci maddəsində göstərildiyi kimi, hamının qanun və məhkəmə qarşısında bərabərlik prinsipi rəhbər tutulmazsa, xüsusilə yüksək vəzifəli şəxslər törətdiyi cinayət əməllərinə görə məsuliyyətə cəlb olunmazsa, Azərbaycanda məmurların xalqa xidmətindən danışmaq qeyri-mümkün olacaq. Elə bir mühit yaradılmalıdır ki, həqiqətən məmur bu və ya digər vəzifəyə gedəndə ictimaiyyətin nüfuzunu qazanmaq, insanlara hörmətlə yanaşmaq üçün çalışsın. Təəssüf ki, çoxları ancaq hər şeydən gəlir güdür".
Məmur özbaşınalığının qurbanı olan şikayətçilərin dediklərinə görəisə, onlar hüquqlarının pozuntusuna görə şikayət etsələr də nəticəsi olmur, bəzən hədə-qorxu ilə üzləşməli olurlar. Çünki, hamısı bir-birinin adamıdır, sanki qruplaşma yaranıb. Nəticədə adi məsələlərin həlli məqsədilə aylar, günlər, bəzən isə illərlə icra orqanlarının qapılarında qalırıq. Haqsızlığa uğrayan, zərər şəkən şəxsin müraciətləri gözardına vurulur, beləcə, şikayət havada qalır. Normal məhkəmə də yoxdur ki, gedib hüquqlarını tələb edəsən.
Ümumiyyətlə, buna qarşı mübarizədə "qaynar xətt"lərin, elektron müraciətlərdən istifadənin rolu böyükdür. İstənilən halda, bu, məmurları müəyyən qədər özbaşınalığından çəkindirir. Kiminsə şikayətinə baxılmadığı halda həmin şəxs yenidən "Qaynar Xətt"ə müraciət etsə daha yaxşı olar.
Sosial şəbəklərdə də əksəriyyət ölkədəki məmur özbaşınalığının Azərbaycanın ən böyük problemlərindən biri olduğunu yazırlar. Bu anormal vəziyyətin sürətlə həlli artıq prioritet məsələdir. Əks halda regionda və dünyada həssas proseslərin getdiyi bir vaxtda bəzi məmurların özbaşınalığı, ölkə başçısının təbirincə desək, qudurğanlığı xoşagəlməz fəsadlar yarada bilər.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05