ABŞ Ukraynanı silahla təchiz edə bilər
ABŞ Ukraynanı silahla təchiz edə bilər

Vaşinqton son məğlubiyyətlərdən sonra Kiyevin xeyrinə hərəkətə keçir

Ukraynanın ABŞ tərəfdən silah ilə təchiz olunması ehtimalı var. Verilən məlumata görə, Amerika təfərindən belə yardımın göstərilməsinin tərəfdarları ABŞ və NATO silahlı qüvvələrinin Avropa üzrə baş komandanı Filip Bridlav və Pentaqonun bir çox rəsmiləridir.

Buna səbəb kimi isə Ukrayna silahlı qüvvələrinin son həftələrdə üzləşdiyi məğlubiyyətlərdir.

"Rusiya qoşunları
Ukrayna qoşunlarının "sıxışdırması"
taktikasına keçib"

Son gün ərzində Rusiya qoşunları və separatçı qüvvələr Debalsevso rayonu ərazisində daha da aktivləşib. "unian.net" saytı xəbər verir ki, bu barədə "Facebook" səhifəsində "İnformasiya müqaviməti" qrupunun rəhbəri, hərbi ekspert Dmitri Tımçuk bildirib.
"Rəqib müharibə meydanının ən gərgin ərazisi olan Debaltsevoda Ukrayna qoşunlarının "sıxışdırması" taktikasına keçib. Çernuxino və Uqleqorskdan vurulan zərbələr ona hesablanıb ki, Ukrayna hərbi bölmələri Debaltsevodan çəkilməyə məcbur olsun", - Tımçuk bildirir.
Onun sözlərinə görə, ərazidə hazırda rəqibin ən azı 4 taktik qrupu qeydə alınıb. İki taktik qrup Uqleqorsk istiqamətindən, biri Çernuxino, digər biri isə Nikişino istiqamətdən Ukrayna qoşunlarını mühasirəyə almağa çalışır.
Srağagün isə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasından bildirilib ki, Rusiya qoşunları və separatçıların Donbasdakı hərbi güclərinin böyük hissəsi hazırda Debalsevoda gedən döyüşlərə cəlb edilib.

ABŞ Rusiyanı
yenə hədələdi

ABŞ prezidenti Barak Obama Rusiyanın Ukraynaya qarşı təcavüz siyasətinin davam etdiyini bildirib. O, bunu CNN-ə müsahibəsində deyib.
"Krımın anneksiyası ilə Rusiya nə isə qazanmayıb, əksinə itirib. Hansısa torpaq parçasının fəth edilməsinin dövlətin qüdrətinin göstəricisi sayıldığı dövrlər arxada qalıb. İndi dövlətin gücü onun intellektual səviyyəsi, bacarığı, mal və məhsul ixracı, yeni xidmət və məhsulların ixtirası ilə ölçülür"- deyə Oama bildirib.
Onun sözlərinə görə, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar bu ölkə üçün ağır olsa da, Putin Ukrayna ilə bağlı siyasətini dəyişməyib, əksinə Ukrayanın şərqində rusiyameylli separatçılar aktivləşib. Putin üzdə sülhdən danışsa da, hərəkətləri başqa şeydən xəbər verir. Obama hesab edir ki, Putin Qərbin Ukraynada hakimiyyət keçidini təmin etməsi ilə barışa bilmir və və o zamandan bəri beynəlxalq normalara zidd qərarlar verir.
ABŞ prezidenti deyib ki, onun ölkəsinin Rusiya ilə hərbi münaqişəyə girməsi müdrik hərəkət olmazdı. Amma ABŞ Ukraynaya təcavüzünü davam etdirən Rusiyanın buna görə daha çox təzyiq altına düşməsi üçün fəaliyyətini davam etdirəcək. Üstəlik də Rusiya ilə həmsərhəd NATO ölkələrini gücləndirəcək ki, Rusiya qırmızı xətti keçəcəyi təqdirdə buna hərbi cavab veriləcəyini anlasın.

Kiyev: "Rusiya
"isti müharibə"yə
başlamağa hazırdır"

"Hazırda Rusiya "isti müharibə"ni" başlamağa hazırdır". Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Yevgeni Perebıynis nazirliyin "Twitter" səhifəsində yazıb.
"1.02.1992. Corc Buş və Boris Yelsin "soyuq müharibə"nin tamamlandığını elan etdilər. Rusiya görünür, hazırda "isti müharibə"ni başlamağa hazırdır", - Yevgeni Perebıynis qeyd edib.
Xatırladaq ki, ATƏT, Ukrayna və Rusiya nümayəndələrinin təmsil olunduğu üçtərəli əlaqə qrupunun növbəti Minsk toplantısı nəticəsiz başa çatıb. Əlaqə qrupunda Ukraynanı təmsil edən sabiq prezident Leonid Kuçma bildirib ki, Minsk danışıqlarında Ukraynanı genişmiqyaslı müharibə ilə hədələyiblər.

Separatçılar "ümumi
səfərbərlik"
keçirməyə hazırlaşır
"Donetsk Xalq Respublikası" ("DXR") separatçı qurumu nəzarət etdiyi ərazilərdə "ümumi səfərbərlik" həyata keçirməyi planlaşdırır. RİA xəbər agentliyinin verdiyi məlumata görə, bu barədə separatçı qurumun "dövlət başçısı" Aleksandr Zaxarçenko bildirib.
"Donetsk Xalq Respublikası on gün sonra ümumi səfərbərliyə başlamağı planlaşdırılır. Silahlı qüvvələrə yüz min insan çağırılacaq", - Zaxarçenko deyib.
Xatırladaq ki, ATƏT, Ukrayna və Rusiya nümayəndələrinin təmsil olunduğu üçtərəfli əlaqə qrupunun yanvarın 31-də keçirilən növbəti Minsk toplantısı nəticəsiz başa çatıb. Əlaqə qrupunda Ukraynanı təmsil edən sabiq prezident Leonid Kuçma bildirib ki, Minsk danışıqlarında Ukraynanı genişmiqyaslı müharibə ilə hədələyiblər.

Krım tatarları
"Böyük üçlüyün"
abidəsinə qarşı çıxdılar


Krım tatarlarının milli hərəkatı "Böyük üçlüyün" (Stalin, Ruzvelt və Çörçil) Yaltada abidəsinin ucaldılması ilə bağlı Krım hakimiyyətinin qərarına etiraz edib. Etiraz məktubu Rusiya hakimiyyətinə göndərilib.
Hərəkatin nümayəndələri abidənin ucaldılmasını "terror və neostalinizmə qayıdışın açıq əlaməti kimi" qiymətləndirilər. Hesab olunur ki, abidənin ucaldılması Krım cəmiyyətində ən böyük parçalanmaya gətirib çıxaracaq.
Müraciət Rusiya prezidenti Vladimir Putin, Dövlət Duması, Federasiya Şurası və Rusiya Baş prokurorluğuna göndərilib.
Qeyd edək ki, Hitler əleyhinə koalisiyanın üç ölkəsi - SSRİ, ABŞ və Böyük Britaniya liderlərinin iştirakı ilə Yalta konfransı 1945-ci il fevralın 4-dən 11-dək keçirilib.

Saakaşviliyə Ukraynada vəzifə verilə bilər

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ukraynanın Milli Antikorrupsiya bürosunun sədri olmaq üçün müsabiqədə iştirak edəcək. modern.az saytı Ukrayna mətbuatına isitnadən xəbər verir ki, bunu Saakaşvili özü şəxsən təsdiq edib.
Onun fikrincə, korrupsiya Ukraynanın əsas düşmənlərindən biridir. Sabiq prezident öz antikorrupsiya proqramında Gürcüstanda bu sahədə topladığı təcrübədən istifadə etmək niyyətindədir.
Qeyd edək ki, Pyotr Poroşenko hakimiyyəti Ukraynanın idarəçilik sistemində Gürcüstanın keçmiş məmurlardan aktiv istifadə edir. Belə ki, hazırki Ukrayna səhiyyə naziri Aleksandr Kvitaşvili bundan əvvək Gürcüstanda (2008-2010-ci illərdə) bu postu tutub. Gürcüstanın daxili işlər nazirinin müavini olmuş (2006-2012-ci illər) Yekaterina Zquladze isə indi Ukraynada anoloji vəzifədədir. Zamanında Mixail Saakaşviliyə də Ukrayna baş nazirnini müavini postu təklif olunsa da, Saakaşvili bu təklifi qəbul etməmişdi.

Kənan Rzaquliyev