Avropaya saçan qırmızı şəfəq: Siriza qitədə sol hərəkatı qızışdırdı
09:44 04-02-2015
İQTİSADİYYAT
Avropaya saçan qırmızı şəfəq: Siriza qitədə sol hərəkatı qızışdırdı
Çiparsın Rusiyaya loyal münasibətini nəzərə alan Qərb qısa vaxt ərzində Sirizanı devirməyə çalışa bilər
Yunanıstanda sol Siriza Partiyasının yanvarın 25-də keçirilən parlament seçkilərində qalib gəlməsi Avropa İttifaqında çaxnaşma yaradıb. Nəticələrdən narazı olan Brüssel Yunanıstanın Aİ-dən çıxarılması barədə düşünür. Seçkilərdən əvvəl isə Siriza yaydığı bəyanatda birliyin bütün şantajlarına hazır olduqlarını bildirib (olaylar.az).
Lakin bir beçə ildir iqtisadi xaosdan yaxa qurtara bilməyən Yunanıstan üçün Aİ-dən çıxarılmaq baha başa gələcək. Brüssel bunu etməyə də bilər. Sirizanın nüfuzuna zərbə vurmaq üçün radikal millətçi (faşist) "Golden Dawn" kimi partiyaları onun üzərinə salması mümkündür. Siriza seçkilərdə 29% səs qazanıb. Bu isə o deməkdir ki, yerdə qalan qism sol cinahı qəbul etmir. Yunanıstanın digər kommunist partiyaları da Sirizaya etibar etmirlər. Məsələn, Yunanıstan Kommunist Partiyası və Panelenik Sosialist Hərəkatı seçkilərdən əvvəl Sirizanın koalisiya yaratmaq təkliflərini rədd etmişdilər. Hər iki partiya Yunanıstanın hazırkı hökumətilə ciddi konflikt içərisindədir.
Əlbəttə, bu faktorlar Qərb tərəfindən nəzərə alınacaq. Yunanıstanın digər siyasi qüvvələri də bu işdə Aİ-yə yaxından kömək edə bilərlər. Lakin Siriza da bunu nəzərə alaraq, Yunanıstanda köklü sosialist dəyişiklik əvəzinə alternativ variantlara üstünlük verə bilər. Əks halda sosialist çevriliş Yunanıstanı çalxalaya bilər. Vaxtilə Lenin də Rusiya və ətrafında kommunist dəyişiklərə gedəndə ciddi itkilərlə qarşılaşmışdı. Siriza ən yaxşı halda bonapartist qaydalara əl ata bilər. Yəni, daxildə demokratiyanı əsas tutacaq, xarici siyasətdə isə aqressiyaya üstünlük verəcək. Bu isə Yunanıstanın Avropadan təcrid olunmasına yol açacaq. Fransa prezidenti Fransua Olland seçkilərdən əvvəl sol partiyanın qalib gələcəyi halda Yunanıstanın Aİ-dən çıxarılacağını demişdi. Sirizanın Mərkəzi Komitəsinin rəsmisi Andreas Karitzis Brüsselin belə bir addımının onların lehinə işləyəcəyini və heç bir şantajın qarşısından geri çəkilməyəcəyini bildirdi.
Qalib gəldiyinin gecəsi partiya lideri Aleksis Çipras da eyni fikirlərlə çıxış etdi: "Bizə qarşı mübarizə aparanlarla müharibə etməyəcəyik, lakin boyun da əyməyəcəyik". Çiparsın Rusiyaya da loyal münasibətini nəzərə alan Qərb maksimum şəkildə qısa zaman ərzində Sirizanı devirməyə çalışa bilər. Bunun üçün Brüssel sol hərəkatın qəbul edə bilməyəcəyi şərtlər irəli sürəcəklər. Ən əhəmiyyətli faktor Yunanıstan banklarının Aİ standartlarında saxlanılmasıdır. Çipras isə seçkilərdən əvvəl verdiyi açıqlamada ölkənin bank sisteminin yenidən qurulacağını deyib. Bunu nəzərə alan yerli bank sahibləri Sirizanı Avropa Məhkəməsinə verə bilərlər. Brüsselin istədiyi də budur.
Qərb psixoloji
təzyiqlərə başlayır?
Çıxış yolu üçün partiyanın deputatı Con Milios Qərbin qarşısını almaq üçün fəhlə sinfini, digər sosialist qurumları və aşağı zümrəni Siriza ətrafında birləçdirməyi təklif edib. Sirizanın beynəlxalq məsələlər üzrə katibi Yorqo Çondors isə partiyanın həm daxili, həm də xarici siyasi qüvvələrlə mübarizə aparmaq qarşısında qalacağını iddia edib. Vəziyyətin psixoloji müharibə səviyyəsinədək yüksələcəyini qeyd edib. Bunu nəzərə alan Çondors Sirizanın Avropanın bütün sol hərəkatı ilə əməkdaşlıq etməsinin vacib olduğuna diqqət çəkib. Aİ isə Sirizanı çətin vəziyyət qarşısında qoymaq üçün Beynəlxalq Valyuta Fondunu ilə Yunanıstan üçün ayrılmış kreditlərin kəsilməsi və ödənilən faizlərin artırılmasını razılaşa bilər. Bu isə Yunanıstanın dövlət büdcəsində kəsirləri artıracaq. Digər tərəfdən ölkədəki banklarını çıxara bilər ki, bu Yunanıstanın turizm sektorunu çökdürə bilər. Eynən ABŞ və Avropa fondlarının Yunanıstan turizminə yatırdıqları investisiyaları geri çəkmələri də mümkündür. Maliyyə təzyiqləri Sirizanın pulsuz səhiyyə, maksimum təqaüd və icarə qiymətlərinin minimum həddə endirilməsi planlarının üzərindən xətt çəkəcək. Ən təhlükəli təzyiq isə Yunanıstan banklarına yatırımların birdəfəlik kəsilməsi olacaq.
Ekspertlər bunu "nüvə silahı" adlandırırlar. Avropalı rəsmilərin bu yöndə səsləndirdiyi fikirlər də birmənalı deyil. Məsələn, Britaniyanın Baş naziri Devid Kameron Yunanıstanda keçirilən seçkilərin nəticəsinin Avropada sabitliyi pozacağını iddia edib. Buna görə, Kameron Birləşmiş Krallığın təhlükəsizlik üçün peyvənd planını davam etdirəcəyini vurğulayıb. Olland isə Çiparsı Fransa ilə əlaqələri davam etdirməyə çağırıb.
Almaniyanın keçmiş daxili işlər naziri Hans Peter Fredrix də Sirizanı təhdid edərək, yunanların hərəkətlərinin pis nəticələrini görəcəklərinə diqqət çəkib. Almaniya Mərkəzi Bankının sədri Yens Veydman Sirizanın Aİ-nin ondan gözlədiyi siyasətə sadiq qalacağına ümid etdiyini bildirib.
Çiparsa Avropa
solundan dəstək
Radikal sağ partiyaların son illərdə Avropada iqtidarları ələ keçirməsi qitə solu tərəfindən aqressiya ilə qarşılandı. Almaniyada Merkel, Fransada Olland, Britaniyada isə Kameronun hakimiyyətə gəlməsi bu ölkələrdə sol cəbhəni ayağa qaldırdı. Amerikalı siyasətçi Zbiqnev Bjezinski Avropa solunun son illərdə hərəkətə keçdiyini bildirib. O, bu barədə "İkinci şans" kitabında yazır. İngiltərənin "Guardian" qəzeti də belə bir iddia ilə çıxış edib. Amerikalı demokrat Con Edvards Avropada siyasi qütbləşmənin dərinləşdiyi qənaətindədir. Digər ekspertlər də hesab edirlər ki, Yunanıstanda sosialist partiyanın hakimiyyətə gəlməsi Avropa solunun sağlara qarşı müqavimətini gücləndirəcək. Yunanıstanda keçirilən parlament seçkilərinin qitənin müxtəlif ölkələrində səs-küy yaratması da bu mənada təsadüfi deyil. İtaliya, Almaniya, Fransa, Rusiya, hətta İngiltərə solundan Sirizaya verilən dəstəklər də Qərbi narahat edir. Partiyaya ən böyük dəstəyi isə İspaniyanın ən böyük sol hərəkatı "Podemos"dan aldı. Hərəkatın baş katibi Pablo İqlesias Sirizanı Qərbin şantajlarına hazır olmağa çağırdı. O, sol cəbhənin Yunanıstanda hakimiyyətə gəlməsinin onları da ümidləndirdiyini deyib: "Qorxu başa çatdı. Gec-tez Avropa solu qalib gələcək". Portuqaliya Sosialist Partiyasının Baş katibi Antoniyo Koşta isə hesab edir ki, Sirizanın qələbəsi Avropada dəyişmək siqanalını verib. Koşta bundan istifadə edərək bütün xalqların Avropa İttifaqının "kəmərsıxma siyasətinə" qarşı birləşməli olduğunu deyib. Fransa Sol Partiyasının lideri Jan Luk-Melenkon da Yunanıstanda baş verənləri inqilab adlandırıb. "Yunanların sayəsində Avropanı cəhənnəmə çevirən problemləri müzakirə edə biləcəyik. Tarixi bir an yaşayırıq. Ümid edirəm ki, Siriza kimi biz də Fransada dəyişiklik edə biləcəyik" - deyə Melenkon bildirib. Almaniya Sol Partiyasının ("Die Linke") lideri Katya Kippinq isə Sirizanın qalibiyyətinin Avropaya qırmızı şəfəq saçacağını iddia edib.
Mənsur Rəğbətoğlu
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53