İŞİD-dən misilsiz  saxtakarlıq
İŞİD-dən misilsiz
saxtakarlıq
Qruplaşma BMT-nin humanitar yardımlarını öz loqosu ilə paylayır

İŞİD terror qruplaşmasının saxtakarlığını əks etdirən foto şəkillər yayılıb. Xarici KİV-in məlumatına görə, qruplaşmaya aid saytlarda yayılmış fotolarda BMT tərəfindən bölgəyə göndərilən humanitar yardım paketlərinin İŞİD loqosu ilə yerlilərə paylandığı görünür.
"Əl Ərəbiyyə"nin xəbərinə görə, BMT Dünya Ərzaq Proqramının (UNWFP) layihəsi olan yardım qutularının üstünə "İslam Dövləti Zəkat Palatası" yazılıb. Qutulara sonradan yapışdırılmış yazılarla qruplaşma üzvləri "Allah adına" misilsiz saxtakarlığa yol verir və qarət etdiyi ərzaq məhsullarını suriyalılara zəkat kimi paylayır.
Qruplaşma üzvlərinin "yardım" kimi payladığı bu ərzaq paketlərini hardan əldə etdiyi isə hələlik bilinmir.
BMT Dünya Ərzaq Proqramının yerli kordinatoru Muhannad Hani bildirib ki, qurum İŞİD-in bu hərəkətini kəskin pisləyir. Hani, foto şəkillərlə bağlı istintaq başladıldığını deyib.
Bu arada məlum olub ki, İordaniyalı pilotun İŞİD tərəfindən diri-diri yandırılmasından dərhal sonra rəsmi Amman verdiyi qisas mesajını yerinə yetirib. İordaniya hökuməti iraqlı terrorçu qadın Sajida əl-Rişavi ilə "Əbu Hüzeyfə" ləqəbli Ziyad Kerbulini edam edib.
Xatırladaq ki, İordaniyanın media üzrə dövlət naziri həbsxanalardakı yüksək rütbəli İŞİD üzvlərinin edam olunacağını bildirmişdi.
Kürdlərin silahlı qruplaşması olan "Peşmərgə" təşkilatının əsgərləri isə beynəlxalq koalisiyanın aviazərbə dəstəyi ilə İŞİD-dən daha bir neçə kəndi geri ala bilib. Kərkük şəhərindən cənubda yerləşən kəndlərdən əlavə, bu rayonda yerləşən, daha əvvəl terroçular tərəfindən zəbt edilmiş neft yataqları da qaytarılıb.
Bundan əlavə ekstremistlər tərəfindən əsir edilmiş neftayırma zavodunun işçiləri də azad edilib. Döyüşlərdə neçə kürdün öldüyü bildirilməsə də, onların çox sayda olduğu deyilir. İŞİD tərəfindən isə 300 silahlının məhv edildiyi xəbər verilir.
Qeyd edək ki, son günlərdə ABŞ başçılıq etdiyi koalisiya qüvvələri İŞİD-in İraqdakı mövqelərinə 20 aviazərbə endirib. İŞİD buna cavab olaraq 8 ay bundan qabaq əsir götürülmüş xristian rahibi edam edib.
Murad İbrahimli