Ziya Məmmədova 600 milyon manatlıq şok
10:54 06-02-2015
İQTİSADİYYAT
Ziya Məmmədova 600 milyon manatlıq şok
Nəqliyyat nazirinə ayrılan pul iki dəfə azaldıldı
Nəqliyyat naziri Ziya Məmmədovun bir neçə gün əvvəlki açıqlamalarının sirri üzə çıxır. Xatırladaq ki, Ziya Məmmədov ölkə daxilində sürətli qatarların və tramvayların çəkilməsinin bir növ xəyala bənzədiyini demişdi: "Belə bir arzu var. Bunu reallaşdırmaq üçün böyük maliyyə vəsaiti tələb olunur. Bilirsiniz ki, dünyada neftin qiyməti aşağı düşüb, müəyyən proseslər gedir. Bu da böyük layihələrin icrasına öz təsirini göstərir, onların həyata keçirilməsini ləngidir".
İndi isə məlum olur ki, nəqliyyat nazirinin bu cür danışmasının kifayət qədər ciddi səbəbləri var imiş. Düzdür, Ziya Məmmədov neftin qiymətinin aşağı düşməsinə işarə vurub.
Amma dünən ortaya daha konkret məqamlar çıxıb. Belə ki, tanınmış iqtisadçı ekspert Rövşən Ağayev facebook sosial şəbəkəsində ilginc rəqəmlər ortaya qoyub. "Hökumət büdcə vasitəsilə nəqliyyat layihələrinə yönəltdiyi vəsaitin həcmini təxminən 2 dəfə azaldıb" - deyə R. Ağayev yazıb.
Rövşən Ağayev qeyd edib ki, 2014-cü ildə dövlət büdcəsindən bu layihələrə 1,238 milyard ayrılmışdı. Bu il isə nəqliyyat layihələrinə 662 milyon ayrılıb.
Ekpsert azalmanın səbəbi ilə bağlı öz versiyalarını da səsləndirib: "Planlaşdırılan nəqliyyat layihələrinin icrası başa çatır, ya da neftin qiymətilə bağlı hökumət daha ehtiyatlı büdcə tərtib etməli olub. Əgər azalma büdcəyə daha ehtiyatlı yanaşma səbəbindən baş veribsə, görəsən hansı planlaşdırılan layihələr ertələnib?".
Əslində ertələnən layihələr bəllidir. Yuxarıda da qeyd etdiyimiz kimi, ilk növbədə Bakı-Zabrat-Sumqayıt marşrutu üzrə sürətli elektrik qatarlarının fəaliyyətə başlaması planı təxirə düşüb. Az əvvələdək həmin marşurut üzrə yeni sürətli qatarın fəaliyyətə başlayacağı əminliklə bildirilir, əlavə edilirdi ki, bununla bağlı hazırda xüsusi layihə hazırlanıb, dəmir yolu xəttinin bərpası, yenidən qurulması üzrə işlər davam etdirilir. Bu xəttin istismara verilməsi üçün maliyyə mənbələri dəqiqləşdirilir və xarici mütəxəssislərlə birlikdə araşdırma işləri aparılır. Amma artıq həmin layihəni arxivə göndərilmiş saymaq olar.
Bir başqa bahalı proje isə tramvayları yenidən Bakıya qaytarmaqla bağlı idi. Hətta bunun reallaşdırılması üçün 1 milyard manata yaxın vəsaitin tələb edildiyi də açıqlanmışdı. Ancaq belə görünür ki, Ziya Məmmədovun bu bahalı layihəsi də ertələnməkdədir.
Bir sözlə, nəqliyyat naziri bu il əvvəlki illərlə müqayisə etdikdə, dövlət büdcəsindən onun ixtiyarına verilən məbləğin önəmli hissəsindən məhrum olub. Hesab olunur ki, belə bir kəskin azalma "nəqliyyat şefi"nin şəxsi biznes imperiyasını da mənfi təsiri altına alacaq. Çünki ayrılan vəsaitlərin önəmli bir hissəsi nazirin biznes imperiyasına daxil olan şirkətlər tərəfindən həyata keçirilirdi.
Digər tərəfdən, belə iddialar da mövcuddur ki, nəqliyyat nazirinə ayrılan illik büdcənin bu qədər kəskin şəkildə azalması yalnız iqtisadi deyil, siyasi səbəblərlə də bağlı ola bilər. Son vaxtlar Ziya Məmmədova qarşı ictimai rəydə və KİV-də artan hücumlar, onunla bağlı ittihamların intensivləşməsi nazirin "vurulacağına" dair iddiaların gündəmdən düşməsinə imkan vermir. Məhz bu səbəbdən onun nazirliyinin illik büdcəsindəki ikiqat azalmanın həm də Ziya Məmmədovun hökumət daxilindəki mövqelərinin zəiflədilməsinə hesablanmış bir addım ola biləcəyi ehtimalı da öz inandırıcılığını qoruyub-saxlayır.
Maraq üçün onu da bildirək ki, 2005-2014-cü illərdə dövlət büdcəsindən Nəqliyyat Nazirliyinə 8.5 milyard manata yaxın investisiya xərci ayırıb. Bu mənada Ziy a Məmmədov son 10 ildə neft pullarından ən çox yararlanmaq imkanı əldə edən oliqarx kimi qəbul oluna bilər.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53