YAP-da komissiya iclası keçirilib
YAP-da komissiya iclası keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) "Partiyadaxili inkişaf və intizam komissiyasının" 2015-ci ildə ilk iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda komissiyanın sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Kərim Kərimov, YAP-ın rayon və gənclər təşkilatlarının sədrləri, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "SƏS" Media Qrupun rəhbəri Bəhruz Quliyev iştirak edib.
Komissiyanın sədri Kərim Kərimov iclası açıq elan edərək Partiyaya qəbulda keyfiyyət göstəricilərinin üstünlüyünün əsas prinsipləri haqqında məlumat verib: "Birincisi, YAP-a gənclərin qəbulu prioritet prinsipidir. İkincisi, qəbulda namizədin ideya-siyasi hazırlığının səviyyəsidir, şəxsi mədəni-əxlaqi keyfiyyətlərin dərəcəsi nəzərə alınamlıdır. Üçüncüsü, Partiyanın qurucusu – Ümummilli Lider Heydər Əliyevin siyasi irsini və dövlətçilik prinsiplərini dərk edən və ona sədaqəti ilə seçilən, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun müdafiəsi yolunda əməyini, bacarığını əsirgəməyən şəxslərə partiyaya qəbulda üsntünlük verilməlidir. Dördüncüsü, Partiyaya qəbulda xüsusilə gənclərə milli-mənəvidəyərlərimiz, ana dilimiz, dinimiz, adət-ənənələrimiz, vətənpərvərlik və dövlətçilik barədə suallar əsas yer tutmalıdır. Beçinci isə qəbulda ilk partiya təşkilatı sədrinin, yaxud stajlı partiya fəalının, namizədin iş yerindəki, oxuduğu təhsil müəssisəsindəki fəaliyyəti, gənc oğlanların hərbi xidmətə münasibəti barədə məlumatı nəzərə alınmalıdır".
Kərim Kərimov çıxışının sonunda təşkilat sədrlərinə müraciət edərək deyib ki, komissiyanın rəyi partiya qərarı deyil: "Bizim tövsiyyələrimizdən yerlərdə şəraitə uyğun istifadə edəsiniz".
YAP-ın rayon təşkilatlarının sədrləri Hüseynbala Mirələmov, Təhmiraz Tağıyev, Sədaqət Vəliyeva, Bilman Vəliyev, Aydın Hüseynov və digərləri çıxış edərək komissiyanın əsas prinsiplərindən irəli gələn məsələlər haqqında fikirlərini bildiriblər.
Daha sonra YAP Siyasi Şurasının üzvü, İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, o zamanlar yaşından fərqli olmayaraq əqidəsiz mövqedə olan kifayət qədər insan var idi: "Təbii ki, həmin vaxtlar təbliğat işi, müəyyən proseslərlə bağlı YAP-ın ətrafında birləşən insanlara siyasi təzyiqlər olurdu. Bütün bunlara baxmayaraq Ümummilli Lider Heydər Əliyevi, vətəni, dövləti sevən insanlar Partiyanın ətrafında birmənalı şəkildə birləşdilər".
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu diqqətə çatdırıb ki, 1993-cü ilin noyabr ayında Ulu Öndər kadr və Partiyanın gələcək resursu kimi gənclərə istinad etdiyi üçün hətta Milli Məclisdə gənclərlə görüş keçirdi: "Ümummilli Liderin siyasətinin nəticəsidir ki, bu gün YAP-ın üzvlərinin 254 mini gənclərdir".
"SƏS" Media Qrupun rəhbəri Bəhruz Quliyev vurğulayıb ki, "Partiyadaxili inkişaf və intizam komissiyası" YAP-da ən aparıcı və nüfuzlu komissiyalardan biridir: "Çünki YAP-ın inkişafında "Partiyadaxili inkişaf və intizam komissiyası" vacib amillərdən biridir. Məhz bu komissiyanın da əsası işi bunu tənzimləmək, çatışmayan problemləri araşdırıb yerində tənqid edib və yaxud hansısa intizamlı təşkilatları mükafatlandırmaqdır. Bildiyiniz kimi, "Səs" qəzeti YAP-ın canlı tarixi və onun keçmişidir. Ona görə də "Səs" qəzetinin ilk səhifələrinə baxanda Partiyamız orada çox gözəl görünür. Eləcə də hakim partiyaya xəyanət edənlər də o səhifələrdə çox aydın sezilir".
İclasda çıxış edən YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov ölkəmizdə uğurlu gənclər siyasətinin həyata keçirildiyini bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkə gəncliyi inkişaf edir.
S.Orucov Yeni Azərbaycan Partiyasının da gənclərə olan münasibətini yüksək dəyərləndirib, Gənclər Birliyinin fəaliyyətinə hərtərəfli dəstək verildiyini vurğulayıb.
İclasda YAP Gənclər Birliyinin sədri bir sıra təkliflərlə çıxış edib. Partiyanın sıralarında 254 minə qəd gəncin birləşdiyini deyən S.Orucov kəmiyyət baxımdan bunun yüksək göstərici olduğunu diqqətə çatdırıb: "Ona görə də, biz daha çox keyfiyyətə üstünlük veririk. Yaxşı olardı ki, bəzi regionlarda gənclər iş daha da gücləndirilsin və burada keyfiyyətin daha da artırılması istiqamətində müvafiq addımlar atılsın. Biz regionlarda keçirdiyimiz görüşlər nəticəsində bu qənaətə gəlirik. Eyni zamanda, vaxtaşırı olaraq partiyanın veteranları ilə gənclərin görüşlərinin keçirilməsi yaxşı olardı. Belə görüşlər təkcə Bakı şəhərində deyil, bölgələrdə də keçirilməlidir. Çünki gənclərin partiya veteranlarının tövsiyələrinə hər zaman ehtiyacı var".
Sonda isə "Aztelekom" İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov çıxış edərək hakim partiya haqqında fikirlərini bölüşüb.
Fuad