Cahangir Əsgərovun qadağasına son qoyulur
Cahangir Əsgərovun qadağasına son qoyulur

AZAL prezidentinin "taksi inhisarçılığı" başa çatmaq üzrədir

Ölkəmizdə son illər çoxsaylı yol qovşaqları, körpülər salınsa da, narahat edən məsələlərdən biri bu yollarda bir çox hallarda ictimai nəqliyyatın yetərincə olmamasıdır. Yaxud da ümumiyyətlə, yoxluğudur. Paytaxtın giriş qapılarından biri olan hava limanından şəhərə avtobusların işləməməsi illərdir böyük problemə çevrilib.

Yəni təyyarə ilə ölkə xaricinə və ya daxilinə səfər edənlər, hava limanına gedib-gələndə ictimai nəqliyyat probemi ilə qarşılaşırlar. Bakıda olan müasir hava limanından şəhərə gəlmək üçün yalnız taksi xidməti fəaliyyət göstərir. Belə olan halda ya taksiyə oturub sürücünün diqtə etdiyi qiymətə evlərinə gedirlər, ya da qohum-qonşudan xahiş edirlər ki, onları qarşılasın. Bir sözlə, hava limanından paytaxtın müxtəlif istiqamətlərinə avtobusların olmamasının yaratdığı narahatlıq, təyyarə ilə səfər edənlərə çox yaxşı tanışdır. Halbuki normal ölkələrin hava limanının qarşısında sərnişinlərini gözləyən avtobus karvanları, elektrik qatarlarının olması adi haldır. Bir müddət əvvəl ölkəmizdə də hava limanından şəhərə 16 saylı avtobus fəaliyyət göstərirdi, sonra gündəlik planın ödənmədiyini əsas gətirərək marşrut xəttini dayandırdılar.
Yeri gəlmişkən, bir qədər əvvəl Milli Məclisdə də aeroporta avtobusların açılması barədə təkliflər səsləndi, Nəqliyyat Nazirliyindən o vaxt problemin həll olunacağını bildirdilər. Amma təəssüf ki, bu problem hələ də öz həllini tapmayıb.
Mətbuatın yazdıqlarına görə, aeroporta marşrut xətlərinin açılmasını bilavasitə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Cahangir Əsgərov əngəlləyir. AZAL şefinin taksi parkının olduğu, aeroportda məhz həmin taksilərin fəaliyyətinə "yaşıl işıq" yandırıldığı, onların mənfəəti naminə hava limanına marşrut xətlərinin açılması məsələsinə Əsgərovun sıcaq yanaşmadığı bildirilir.
Bir neçə gün əvvəl isə millət vəkili Zahid Oruc da analitik.az saytına açıqlamasında sözügedən problemlə bağlı narahatlığını dilə gətirərək maraqlı məqamlara toxunmuşdu: "Bir qədər əvvəl hakim partiyanın nümayəndəsi Siyavuş Novruzov bu məsələni dilə gətirib. Nə üçün dünyanını başqa ölkələrində hava limanına işləyən nəqliyyat vasitələri - metro, avtobus var, amma bizdə yoxdur? Bizdə yalnız şəxsi avtomobillər və taksilərdir. Şübhəsiz ki, bu, maddi imkanları aşağı olan insanların büdcəsinə mənfi təsir göstərir. Məsələ ilk növbədə burada nəqliyyat sistemində rəqabətlilikdir. İkincisi də bu, bir standart, norma və mədəniyyətin ayrılmaz hissəsidir. Nə üçün bizdə hava limanında taksilər üzərində siyasət qurulub, bunu anlamaq və qəbul etmək çox çətindir?!". Deputat onu da qeyd etmişdi ki, Azərbaycanda son dərəcə müasir hava limanının fəaliyyət göstərməsinə baxmayaraq, ictimai nəqliyyatın olmaması təəccüb doğurur: "Heydər Əliyev adına Beynəlxalq Hava Limanı təkcə bir ölkə üçün deyil, regional miqyasda funksionnalıq daşıyır. Bu, həm də beynəlxalq hava limanıdır. Sadəcə, milli status daşımır. Ora gələn çoxlu sayda insanlar var. Bəzən də tranzit daşımalar oradan keçir." Millət vəkili bu məsələnin ölkəyə gələn turistlər üçün də problem yaratdığını bildirdi. O, bu vəziyyəti ciddi qüsur hesab edir: "Bir neçə saatlıq Bakıya qədəm basan, buradan keçərkən 5-6 saat vaxtı olan və şəhərə baş çəkmək istəyən turistlər, ictimai nəqliyyatın imkanlarından istifadə edə bilmirlər. Amma burada avtobuslar və digər ictimai daşıma vasitələri olsa, çox yaxşı olardı. Həmçinin, bu dövr ərzində mən otellərin də xüsusi avtobus xidmətlərinin olduğunu müşahidə etməmişəm. Hətta 5 ulduzlu otellərin belə avtobus xidmətləri yoxdur. Bu, ciddi bir qüsurdur".
Deputat hökumətin bu problemi yaxın zamanlarda həll edəcəyinə əmin olduğunu bildirmişdi. Bəzi mənbələrin iddiasına görə, isə millət vəkilinin optimizmi əsassız deyil. Belə ehtimallar var ki, Cahangir Əsgərovun aeroporta "marşrut qadağası" yaxın vaxtlarda aradan qaldırıla bilər. Bildirilir ki, yayda Bakıda keçiriləcək ilk Avropa oyunları çərçivəsində Azərbaycana təşrif buyuracaq xarici qonaqlara seçim imkanı yaratmaq məqsədi ilə aeroporta və əks istiqamətə marşrut avtobuslarının işləməsinin təmin edilməsi gözləniləndir.
Bu isə faktiki olaraq, AZAL rəhbərinin illərdən bəri davam edən yasağının aradan qaldırılması demək olacaq. "Dünyanın heç bir ölkəsində hava limanlarında oxşar qadağalar mövcud deyil. Bu mənada əcnəbi qonaqların Azərbaycanda belə bir yasaqla üzləşməsi mənfi təəssüratın yaranmasına gətirib çıxara bilər. Ona görə də Cahangir Əsgərovun şəxsi maraqlara hesablanmış qadağasının aradan qaldırılması və hava limanından sərnişin daşınmasında "taksi inhisarçılığına" son qoyularaq, digər vasitələrdən yararlanılması da kifayət qədər realdır" deyə yayılan məlumatlarda bildirilir.
Bu məlumatların nə qədər həqiqətəuyğun olub-olmadığını isə zaman göstərəcək. Odur ki, gözləyək.
Elvin Rüstəmov