Natiq Əliyevin nazirliyi də ləğv edilir
10:54 12-02-2015
İQTİSADİYYAT
Natiq Əliyevin nazirliyi də ləğv edilir
Onun səlahiyyətləri Şahin Mustafayevlə Rövnəq Abdullayev arasında bölüşdürülə bilər
Son vaxtlar bəzi qurumların ləğvi və yeni səlahiyyət bölgüsü istiqamətində atılan islahat xarakterli addımlar, xüsusilə Dövlət Torpaq və Xərtəçəkmə Komitəsinin ləğv edilməsi ilə bağlı imzalanan sərəncam geniş müzakirə olunur. Bunlar cəmiyyətdə müsbət addımlar olaraq dəyərləndirilir.
Bununla bağlı açıqlama verən bir çox ekspertlər eyni funksiyalı nazirliklərin birləşdirilməsi məsələsini qaldırıblar. Onların fikrincə, Azərbaycanın korrupsiyaya qarşı mübarizə strategiyası hazırlanıb. Sənəddə 8 istiqamət üzrə islahatların aparılması təklif olunur. Bunlardan biri də struktur islahatlarıdır. Bu islahatlar birmənalı şəkildə dövlət qurumlarının idarəetmədə çevikliyinin artırılması, bir neçə qurumun birləşdirilməsi, hətta yeni qurumların, agentliklərin yaradılmasını ehtiva edir.
Ekspertlər hesab edir ki, ilkin olaraq struktur dəyişikliyi su sektorunda reallaşdırılmalıdır. Çünki içməli və meliorasiya sularının vahid mərkəzdə birləşdirilməsi daha məqsədəuyğundur. Bu sektorda çalışan qurumların birləşdirilərək vahid mərkəz yaradılması mümkündür.
Ekspertlər həmçinin bildirirlər ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanındakı Antiinhisar və istehlakçıların hüquqlarının müdafiəsi komitəsi xidmətinin nazirlikdən ayrılaraq müstəqil agentlik kimi fəaliyyət göstərməsi daha səmərəli olardı. Çünki indiki vəziyyətdə iqtisadiyyatda rəqabət tələb olunur.
Ümumiyyətlə isə, mütəxəssislər belə düşünürlər ki, struktur islahatları yalnız dövlət qurumlarının birləşdirilməsi deyil, eyni zamanda yeni qurumların yaradılmasını özündə ehtiva etməlidir. Bunlar isə idarəetməni daha da asanlaşdırar və dövlət büdcəsindən bu istiqamətə ayrılan vəsaitlərin azalmasına gətirib çıxarar, qənaətin səmərəliliyinin yüksəldilməsinə xidmət edərdi.
Bu arada əldə etdiyimiz ilginc bir məlumata görə, yaxın vaxtlarda Natiq Əliyevin rəhbərlik etdiyi Energetika Nazirliyinin də ləğvi nəzərdə tutulub. İddia edilir ki, bu nazirliyin funksiyalarının bir qisminin Şahin Mustafayevin rəhbərlik etdiyi İqtisadiyyat və Sənaye nazirliyinə, digər səlahiyyətlərinin isə Rövnəq Abdullayevin rəhbəri olduğu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) verilməsi gözləniləndir.
Xatırladaq ki, Natiq Əliyevin nazirliyi yanacaq-energetika sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Bu nazirlik Azərbaycan Respublikasının Prezidentinin 22 oktyabr 2013-cü il 3 saylı Sərəncamı ilə yaradılmışdır. Daha doğrusu, həmin vaxt Natiq Əliyevin rəhbərlik etdiyi nazirliyin səlahiyyətlərinin önəmli bir hissəsi Şahin Mustafayevin nazirliyinə verilmiş, nəticədə o vaxtadək Sənaye və Energetika Nazirliyi adlanan qurum yalnız energetika sahəsinə məsul olan dövlət orqanı funksiyasını yerinə yetirməyə başlamışdır.
O da maraqlıdır ki, Natiq Əliyevin nazirliyinin ləğv edildikdən sonra səlahiyyətlərinin veriləcəyi qurumların rəhbərləri ilə energetika naziri arasında soyuq münasibət var. Xüsusilə N. Əliyevin ARDNŞ prezidenti Rövnəq Abdullayevlə ixtilaf yaşadığına dair informasiyalar mövcuddur. Bu ixtilaf Abdullayev bir müddət əvvəl ARDNŞ-ə məxsus torpaqların N. Əliyev bu quruma rəhbərlik edərkən satıldığı yönündə açıqlama verərkən, energetika naziri də həmin açıqlamanı sərt dillə yalanlayarkən bütün çılpaqlığı ilə ortaya çıxmışdı.
Onu da deyək ki, hələ ötən ilin payızında Natiq Əliyevin postuna təhlükə yarandığına dair ehtimallar ortaya çıxmışdı. Xatırladaq ki, o vaxt (18 noyabr, 2015) parlamentin iclasında 2015-ci ilin dövlət büdcəsi layihəsi ilə bağlı müzakirələr zamanı deputat Əli Məsimli Azərbaycanda qazlaşmanın zəif getdiyini demişdi: "Onu sürətləndirmək lazımdır. Digər tərəfdən bank faizləri aşağı salınmalı, kənd yollarının çəkilməsi prosesi sürətləndirilməli və regionların su təchizatı yaxşılaşdırılmalıdır. 2009-2013-cü illərin proqramı üzrə büdcədən 620 milyon manat pul ayrılıb ki, regionalarda qazlaşma prosesi getsin. Amma Şəkidə bu proqram üzrə 56 kənddən yalnız 17-si, yəni 30 faizi qazlaşdırılıb. Buna ekoloji və sosial yanaşmaq lazımdır. Buna Energetika Nazirliyi, "Azəriqaz" və digər qurumlar məsuliyyət daşıyır. Ona görə də bu qurumlara müraciət edirəm ki, dövlət qazlaşmaya pul ayırırsa, bu reallaşmalıdır. Niyə indiyə qədər həmin kəndlərə qaz çəkilməyib? Bu istiqamətə ayrılan vəsaitlər hara xərclənib? Buna görə də əlavə arayışların verilməsini daha məqsədəuyğun hesab edirəm. Hesablama Palatası yaxşı olar ki, bizim qaldırdığımız məsələyə diqqəti artırsın və bu istiqamətdə araşdırma aparsın".
O vaxt KİV yazırdı ki, parlamentdə iqtidara yaxınlığı ilə bilinən millət vəkilinin dilindən Natiq Əliyevin nazirliyinin belə sərt şəkildə tənqid olunması təsadüfi sayılmır. Hesab edilir ki, bu, energetika nazirinin "vurulması" yönündə ilk xəbərdarlıq kimi də qəbul oluna bilər.
İndi Energetika Nazirliyinin ləğv ediləcəyi yönündə informasiyanın yayılması həmin vaxtkı təxminlərin heç də əsassız olmadığını göstərir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59