Oliqarx klinikalarındakı soyğunçuluğun yeni şok təfərrüatları
10:51 14-02-2015
İQTİSADİYYAT
Oliqarx klinikalarındakı soyğunçuluğun yeni şok təfərrüatları
Cərrahi əməliyyatların keyfiyyəti ilə qiyməti arasında dəhşətli uçurum!
Bu gün səhiyyə sektorunda çatışmazlıqların mövcud olması heç kəsə sirr deyil. Vətəndaşlar bəzən ölkədəki səhiyyə müəssisələrindəki xidmətlərdən, müayinə, müalicə və cərrahi əməliyyatların keyfiyyətindən şikayətlənirlər. Onlar həmçinin reklam edilən xarici həkimlərə daha çox üstünlük verilməsinin doğru olmadığını, məhz qiymətlərin yüksəlməsində bu amilin, eləcə də həkimlərin əmək haqqının az olmasının əsas rol oynadığını iddia edirlər.
İndi Azərbaycanda özəl tibb müəssisələri arasında istər xidmət, istərsə də qiymət məsələsində elə də ciddi fərq yoxdur. Təkcə xaricdən mütəxəssis gətirən deyil, dəvət etməyən özəl tibb müəssisələrində də əməliyyatların qiyməti ucuz deyil.
Səhiyyə Nazirliyi özəl klinikalardakı müayinə və əməliyyat qiymətlərinin nazirlik tərəfindən tənzimlənmədiyini, bunun nazirliyin səlahiyyətləri çərçivəsində olmadığını bildirib: "Nazirlik yalnız özəl kilinika və mərkəzlərin fəaliyyətinin lisenziyalaşdırılmasına və standartlara uyğunluğuna nəzarət edir. Qiymət məsələsi azad bazar iqtisadiyyatına uyğun tənzimlənir. İndi cərrahiyyə əməliyyatı ucuz olan özəl müəssisə yoxdur."
Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib ki, xaricdən gətirilən həkimlər reklam edilir və onun adından istifadə olunaraq pul qazanılır. Əslində, bu işlə məşğul olan özəl müəssisələr fırıldaqçılıqla məşğul olurlar. Səhiyyə Nazirliyi buna qarşı mübarizəsini aktiv şəkildə aparır.
Onun fikrincə, bəzi özəl müəssisələrin dəvət etdiyi xarici mütəxəssislərin çoxunun Azərbaycanda praktiki tibbi faəliyyətlə məşğul olmağa icazəsi yoxdur: "Xarici mütəxəssisi dəvət edən tibbi müəssisə rəhbərliyi ən azı 3 həftə, ən çoxu 1 ay ərzində onunla razılıq əldə edir və bu barədə sənədləri Səhiyyə Nazirliyinə təqdim etməlidir. Bu sənədlərin bir nüsxəsi həm Təhsil Nazirliyinə, həm də Miqrasiya Xidmətinə təqdim edilməlidir. Təhsil Nazirliyi həmin həkimin diplomunu yoxlayır.
Səhiyyə Nazirliyi onun harada çalışdığını xarici ölkənin səhiyyə müəssisəsinin fəaliyyəti ilə maraqlanır, həkimin orada işləyib-işləməməsini araşdırır. Bəlkə, o müəssisənin, həkimin lisenziyası əlindən alınıb, - bütün bunlar 2-3 həftə ərzində tam yoxlanılır. Sonra xüsusi komissiyada müzakirəyə çıxarılır və ona Azərbaycanda işləməyə icazə verilir. Amma mütləq dəvət edən tərəfin, yəni özəl tibb müəssisəsinin onunla müqaviləsi olmalıdır ki, gələcəkdə hər hansı problem yaranarsa, o özəl tibb müəssisəsi məsuliyyət daşısın. Bu, əsasən cərrahiyyə əməliyyatları ilə bağlı olur. Çünki xaricdən gələn həkim bir həftə ərzində burada bir neçə cərrahiyyə əməliyyatı edir və çıxıb gedir. Sonra bunun fəsadı, problemi ortaya çıxır, onda buna kimsə məsuliyyət daşımalıdır.
İndiyədək Azərbaycanda bununla bağlı faktlar qeydə alınıb. Məsələn, xarici mütəxəssislər Bakıya turist kimi gəlir, qeydiyyatdan keçmədən bəzi klinikalarda tibbi fəaliyyət göstərirlər. Onların mətbuatda, yaxud el arasında əsasssız reklamı gedir ki, guya güclü mütəxəssisdir, Türkiyədə, İranda, Rusiyada çalışıb. Amma çox vaxt onlar öz ölkələrində tanınmayan həkimlər olurlar.
A.Qədirli əcnəbi həkimlərin çox reklam olunmasının vətəndaşların yerli həkimlərə inamını azaltması məsələsinə də aydınlıq gətirib: "Əslində, bu, belə deyil. Azərbaycanda həkimlərimizə müraciətlər ilbəil artır. İndi dövlət xəstəxana və klinikalarda boş yer yoxdur, insanlar müayinəyə, müalicəyə gəlirlər, poliklinikalara müraciətlərin sayı artıb. Altı-yeddi il əvvəl poliklinikalar ölü qurum kimi idi, arayış, bülleten verməkdən başqa bir iş görmürdü. İndi orada tibbi müayinələr aparılır, uşaqlar müayinə olunurlar. İndi insanlar həkimi evinə şağırır, lakin həkim bir az gecikəndə zəng vurub şikayətlərini bildirirlər.
Aparılan sorğular göstərir ki, indiki rəqabətdə Azərbaycan həkiminə inam qat-qat yüksəkdir. Amma təəssüf ki, çox vaxt insanın gözü başqa yerdə qalır. Hansısa uğursuzluqla üzləşəndə deyir, kaş, xarici mütəxəssisə müraciət edəydim, kaş, başqa klinikada əməliyyat olunaydım, filan həkim daha yaxşı idi və s. Həmin insanlar çox vaxt reklamın, marketinqin qurbanı olurlar."
Onun sözlərinə görə, elə əcnəbi həkimlər var ki, onları heç ölkələrində belə tanımırlar. Səhiyyə Nazirliyinə belə müraciətlər, şikayətlər çox olur, biz bunu yoxlayırıq. Məsələn, elə həkim var ki, İranda, Türkiyədə terapevt işləyir, amma gəlib burda ginekologiya, ümumi sahələrlə məşğul olur. Buna qətiyyən icazə vermək olmaz, onlar ixtisasına uyğun işləməlidirlər.
Bunlara imkan yaradan klinikalara qarşı ciddi tədbirlər - maliyyə sanksiyası qoyula, lizenziyası alına bilər, fəaliyyəti dayandırıla bilər, həmin həkimin isə ölkəni tərk etməsi tələb olunur. Həkimin cəzalandırılmasına gəlincə, bu, Cinayət Məcəlləsində göstərilir. Başqa ölkədə qanunsuz fəaliyyət göstərmək doğru deyil və bununla hüquq mühafizə orqanları məşğul olmalıdır.
Tibb üzrə mütəxəssis Hidayət Məsimoğlunun fikrincə, Səhiyyə Nazirliyi özəl tibbi klinika rəhbərlərini toplayıb qiymətlərin aşağı salınması ilə bağlı tövsiyə verə bilər. Özəl klinikalar dövlət büdcəsindən maliyyələşmədiyi üçün tətbiq edilən qiymətlərə klinikanın xərcləri və əməliyyatı aparan həkimlərin əməkhaqqı, həkimin peşəkarlığı, doktorluq dərəcəsi təsir göstərir. Çünki insanlar daha çox etibar edəcəkləri həkimlərə güvənirlər. Belə olan halda həmin cərrah və həkimlər müalicə, müayinə və əməliyyat üçün qiyməti özləri müəyyənləşdirirlər."
Onun fikrincə, özəl tibb klinikaların qiymət siyasətində əcnəbi həkimlərin rolu danılmazdır. Məsuliyyət məsələsinə gəldikdə isə yerli həkimlərdən fərqli olaraq, problemli məsələdə xaricdən gələn həkimlərə kimsə "gözün üstə qaşın var" demir. O, bu gün Azərbaycanda həkimlərə verilən əmək haqqının ürəkaçan olmadığını da söyləyib: "Ona görə də, həkimlərimiz məcburiyyət qarşısında qalıb özəl klinikalarda çalışırlar ki, ailələrini saxlaya bilsinlər. Halbuki, bu, belə olmamalıdır. Dünya ölkələrində müəllimlər, həkimlər ən hörmətli peşə sahibləri sayılırlar və dövlət onların qyğısına qalır. Məsələn, qonşu Gürcüstan bizdən qat-qat kasıb ölkədir. Orada dövlət sektorunda çalışan həkimlər 2 min lari (təqribən 1000 manat) alırlar. Bu da onlar üçün böyük rəqəmdir. Çünki qonşu ölkədə qiymətlər ucuzdur, minimal yaşayış səviyyəsi bizə nisbətən o qədər də yüksək deyil. Düşünürəm ki, dövlət səhiyyə sektorunda çalışanların əmək haqqı məsələsinə ciddi yanaşmalıdır. Təbii ki, yeni xəstəxanalar, tibbi avadanlıqla təchizat yüksək səviyyədədir. Amma əmək haqqının azlığı həkimlərimizi xəstələrin əlinə baxmağa vadar edir. Onlar gecə-gündüz müxtəlif özəl klinikalarda çalışırlar.
Ümumiyyətlə, respublikada fəaliyyət göstərən özəl tibbi klinikaların, xəstəxanaların müayinə və cərrahiyyə əməliyyatlarının qiymətlərinə nəzarət mexanizmi olmalıdır. Hazırda əməliyyatların qiyməti 600 manatdan başlayır və 25 min manatadək dəyişir.
Vətəndaşlar isə bütün özəl klinikalarda qiymətlərin vahid, balanslaşdırılmış şəkildə, hər bir xəstəliyin müayinə, müalicə, eləcə də cərrahi əməliyyatların qiymətlərinin eyni olmasını arzulayırlar. Ən əsas da müalicənin effekti də lazımi səviyyədə olmalıdır. Yoxsa bizim başqa ölkədə nə işimiz var?
Onu da deyək ki, Azərbaycandakı özəl tibb klinikalarının əksəriyyətinin arxasında iri məmurlar dayanır. Oliqarxların himayəsinə sığınan belə klinikalar məhz bu səbəbdən özlərini "toxunulmaz" sayır və istədiyini edir.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53