Dünya üçün hazırlanmış qorxulu cədvəl
09:54 18-02-2015
İQTİSADİYYAT
Dünya üçün hazırlanmış qorxulu cədvəl
İqtisadiyyatlar çökdükcə, işsizlik və sosial partlayış halları çoxaldıqca qitədə irqçilik və ksenofobiya güc qazanacaq
Rusiyalı politoloq Andrey Okaranın 7 il əvvəl açıqladığı proqnoz birmənalı olmayan sualları ortaya çıxarıb. O, Krımda müharibə ssenarisinin planlı şəkildə həyata keçirildiyini demişdi (olaylar.az).
Belə ki, 2008-ci ildə Ukraynada təhlükəsizliklə bağlı "dəyirmi masa" keçirildi. Həmin toplantıda rusiyalı politoloq Andrey Okara bildirdi ki, yeni ABŞ prezidenti Barak Obamanın hakimiyyəti dövründə Krımda silahlı münaqişənin ssenarisi həyata keçiriləcək: "Bu Amerika ssenarisidir və Obama hakimiyyətə gələrsə, müharibənin baş vermə ehtimalı Con Makkeynin prezident olacağı təqdirdə baş verməsindən daha yüksəkdir. Okaranın sözlərinə görə, bu, Obamanın komandasını təmsil edəcək insanların adları elan edildikdən sonra məlum olub: "Bu şəxslərin daimi məskunlaşdığı yer Uol Stritdir. Onlar "idarə edilən xaos" adlanan texnologiya sahəsində peşəkar fəaliyyət göstərirlər". Okara onu da demişdi ki, Gürcüstandan sonra "idarə edilən xaos" nəzəriyyəsinin zonası qismində məhz Ukrayna - Krım olacaq.
Merkelin qorxulu iddiası gerçək oldu
Okaradan əvvəl eyni iddia ilə Almaniya Kansleri Merkel çıxış etmişdi. Hələ 3 il əvvəl Merkel "Heç kəs Avropada qarşıdakı 50 ildə sülhün hakim olacağına qarantiya verə bilməz" - deməklə beyinlərdə birmənalı olmayan suallar yaratmışdı. Merkelin çıxışından xeyli müddət keçir və onun dedikləri artıq reallığa çevrilir. Həmin vaxt "Wall Street" jurnalı dərc etdiyi "Kapitalizm çökür?", "Yeni dünya müharibəsi başlayır?" məqalələrində kanslerin iddiasını belə şərh etmişdi: "Ssenariyə görə, maliyyə problemlərini həll etməyə çalışan Avropa ölkələri qarşıdakı 7 il ərzində biri-birinə qarşı müharibə elan edəcəklər. Avropa üçün hazırlanmış qorxulu cədvəlin eynisi Yaxın Şərq üçün də var. İsrail və İran arasındakı istənilən cəhdlərlə düzəlməyən soyuq əlaqələr buna sübutdur.
Lakin ssenariyə əsasən, Üçüncü Dünya Müharibəsi Avropada başlayacaq. Bu barədə İngiltərənin "Daily Mail" qəzeti maraqlı məlumatlarla çıxış edib. Qəzetin iddiasına görə, Yunanıstanda maliyyə böhranını düzəltməyə çalışan Avropa İttifaqı proseslərdən müsbət nəticə görünmür. Almaniya kansleri Angela Merkelin "Heç kəs Avropada qarşıdakı 50 ildə sülhün hakim olacağına qarantiya verə bilməz" - sözləri də birmənalı deyil. Avro çökəcəksə, Avropa da çökəcək. Bunun qarşısını almaq lazımdır. Ssenariyə əsasən, Avropa İttifaqının avronu xilas etmək cəhdləri nəticəsiz qalacaq. Yunanıstanda hakimiyyət dəyişikliyi olacaq. Almaniya və Fransa sabitlik yaratmaq üçün Yunanıstana müdaxilə edəcəklər. Lakin bu vaxt Almaniya, İtaliya, İrlandiya və İngiltərədə də eyni ssenarilər təkrarlanacaq. İqtisadiyyatlar çökdükcə, işsizlik və sosial partlayış halları çoxaldıqca qitədə irqçilik və ksenofobiya güc qazanacaq. İmmiqrantlara qarşı hücumlar artacaq. 2014-cü ildə iqtisadi böhran Latviyanı vuracaq. İmperiya olmağa çalışan Rusiya Şərqi Avropa ölkələrinə hücum edəcək. ABŞ-ın qlobal siyasətdə passivləşməsiylə İngiltərə Avropa İttifaqından çıxmaq qərarını gündəmə gətirəcək. Rusiya tərəfindən gizli şəkildə gücləndiriləcək Fransa qitə ölkələrinə qarşı hərəkət edəcək. Beləliklə, Merkelin iddiaları gerçək olacaq".
ABŞ hakimiyyətinə yaxınlığı ilə seçilən "Wall Street" və Okaranın ortaya atdıqları iddiaları bu gün reallığa çevrilir. Əgər rusiyalı politoloqun iddia etdiyi kimi Rusiyanın Krıma müdaxiləsi Üçüncü Dünya Müharibəsi üçün hazırlanmış planın tərkibidirsə, bu artıq baş verib. Yarımadada başlayan böhran Ukrayna ilə yanaşı Şərqi Avropanı təhlükə altında saxlayır. Əgər iddia gerçəkdirsə, bu ssenarini Rusiya və ABŞ razılaşdırılmış şəkildə hazırlayıblar. Əlaqələri müharibə həddinədək yüksəlməsinə rəvac vərən qərarlardan çəkinməmək də təsadüfi deyil. Digər tərəfdən, Fransada nəşr olunan "Charlie Hebdo" jurnalının redaksiyasına olan terror hücumu Avropada immiqrantlara qarşı hücumu, zenofobiya və İslamafobiyanı gücləndirib. Paralel olaraq, nefin ucuzlaşmasından sonra dolların birjada sıçrayış edib avronu altda qoyması Avropa İttifaqını silkələdi. Avronun məzənnəsinin düşməsi qitədə maliyyə problemi yaradıb. Büdcəsi avroyla təsdiqlənmiş Avropa İttifaqı ABŞ-ın Rusiyaya yönəlik sanksiyalarından narazıdır. Xüsusilə "Wall Street"in iddia etdiyi kimi Fransa bu məsələdə özünün açıq mövqeyiylə seçilir. ABŞ-ın Fransanın "BNP Paribas" bankına tətbiq etdiyi sanksiya da Paris tərəfindən narazılıqla qarşılansa da Vaşinqton hələ də qərarını ləğv etməyib. Fransanın "Mistral" tipli döyüş gəmilərinin ən böyük alıcısı da Rusiyadır. Ukraynaya müdaxilədən sonra Aİ və ABŞ-ın təkidiylə Paris Moskvaya gəmi satmaqdan imtina edib. Maliyyə böhranının baş verdiyi vaxt Ollandın belə bir qərara məcbur edilməsi Fransanın milyardlarla dollar itirməsi deməkdir. Belə olan halda Paris mümkün olan və olmayan variantlardan istifadə edərək gizli yollarla Rusiyanın yanında olmağa çalışır. Bu isə Qərbin maraqlarına ziddir. Avropanın gündəmini məğul edən ən mühüm amil isə, Qəddafinin devrilməsindən sonra ABŞ-ın qlobal siyasətdə passivlik nümayiş etdirməsidir. Bu, süstlüyü ABŞ-ın ən vacib müttəfiqi İngiltərinin narazılığına səbəb olur. ABŞ-ın effektiv siyasət yürütməməsindən narazı olan İngiltərə Aİ-dən çıxmaq məsələsini gündəmə gətirib. İl ərzində məsələnin parlamentdə müzakirə olunacağı bildirilir. Qərar təsdiqlənsə, İngiltərə 2016-cı ildə Aİ-dən çıxacaq. Əgər bu baş versə, Fransa və Rusiyanın təsirinin olduğu digər ölkələrin təklənmiş İngiltərəyə hücumuna səbəb olacaq. Başqa tərəfdən, Rusiya və ABŞ-ın proseslərin nüvə müharibəsi səviyyəsinədək inkişafını nəzərə almadan biri-birlərinə tərs gələn qərarlar verməsi birmənalı deyil.
Müharibəyə səbəb ola biləcək digər faktorlar:
Neftin ucuzlaşması üçün yaradılmış süni əngəllər;
Moskvanın bütün təhdidlərinə baxmayaraq Qərbin Rusiyaya qarşı sanksiyaları sərtləşdirməsi;
Kremlin ən yaxın müttəfiqi Belorusiyanın Putinə qarşı aqressivləşməsi;
Şərqi Avropa ölkələrində Rusiyaya qarşı hərbi hərəkətlənmə;
Ukraynaya 3 milyard dollarlıq hərbi yardım paketinin hazırlanması;
Çinin baş verən proseslərdə özünü bitərəf elan etməsi;
Qərbə qarşı Rusiya-Yaponiya əlaqələrinin gözlənilmədən isinməsi;
Rusiyanın Kiprdə hərbi baza yerləşdirmək cəhdləri;
Yunanıstanda sosialist rejimin hakimiyyətə gəlməsi;
Suriyada uzadılan müharibə, İŞİD-in gözlənilməz ortaya çıxması;
NATO-nun Qara dənizə hərbi qüvvə yeritməsi;
Misir və Səudiyyə Ərəbistanının Rusiya ilə yaxınlaşması;
Həllini tapmayan İranın nüvəproqramı;
İsrail-İran gərginliyi;
Afrika ölkələrində davam edən vətəndaş müharibələri;
Potensial Hindistan-Pakistan müharibəsi (Kəşmir münaqişəsi);
Braziliyanın nüvə silahı istehsal etmək cəhdləri;
Kürdlərin Yaxın Şərqdə dövlət yaratmaq cəhdləri (Bu Türkiyənin maraqlarına ziddir);
Şimali Koreyanın nüvə manevrləri və Kim Çen İnin Kremlə planlaşdırdığı səfər və s. kimi məsələlər bu qəbildəndir.
Müharibə üçün
hazırlanmış ssenari
"Wall Street"in iddia irəli sürdüyü ssenari planı isə tamamilə doğru çıxıb. Yunanıstanda hakimiyyət dəyişikliyi olub və Aİ bundan razı deyil. Ekspertlər hakim Siriza Partiyasının Brüssellə razılaşmayacağı halda Aİ və ABŞ-ın dolayı yolla Yunanıstana müdaxilə edəcəyini bildirirlər. Belə bir məqamda Qərb və NATO tərəfindən mühafizə olunan Kiprə Rusiyanın hərbi baza yerləçdirmək cəhdləri təhlükəni bir az da artırır. İkincisi, Rusiyanın Ukraynaya müdaxiləsiylə Rumıniya, Baltikyanı ölkələr və Polşa federasiyaya qarşı müdafiə planını işə saldılar. Bu azmış kimi NATO Qara dənizdəki qüvvələrinin sayını artırdı. NATO-nun addımı Kreml tərəfindən müharibə mesajı kimi qəbul edilir və eyni rekasiya ilə qarşılıq verilir. Üçüncü mühüm amil isə, bu vaxta qədər Qərbə yaxınlığı ilə seçilən Yaponiya, Misir və Səudiyyə Ərəbistanının Rusiya ilə yaxınlaşmalarıdır. İkinci Dünya Müharibəsindən sonra Qərbin sanksiyalarından xilas ola bilməyən Yaponiya üçün Rusiya ilə əlaqələri qaydasına salmaq gündəm məsələsinə çevrilib. Baş nazir Şinzo Abe Rusiya ilə əlaqələrin bərpası üçün istənilən qərara getməyə hazır olduqlarını bildirib. Hazırki neft böhranından milyardlarla dollar itirən Səudiyyə Ərəbistanı kral Abdullahın ölümündən sonra Rusiyaya üz tutub. Son günlərdə neftin gözlənilmədən bahalaşasını bu yaxınlaşmaya bağlayanlar da var. Müharibəni körükləyən dördüncü amil isə ABŞ-ın Ukrayna üçün hazırladığı 3 milyard dollarlıq hərbi yardım paketidir. Bu baş verərsə, ekspertlərin qənaətinə görə, Şərqi Avropada geniş miqyaslı silahlı qarşıdurma baş verəcək. Belə bir məqamda Lukaşenkonun Kremlə qarşı aqressivləşməsi məsələnin beşinci tərəfini təşkil edir. Bu vaxta qədər Rusiya ilə heç bir problem yaşamayan Minsk Moskvanln xoşuna gəlməyən addımlar atır. Belorusiyada orta məktəblərdə rus dilinin ləğv edilməsi, Rusiya ilə sərhəddə gömrük sisteminin gücləndirilmiş iş rejiminə keçilməsi, Krımın ilhaqının tanınmaması, Yeni il gecəsində Putinin ənənəvi çıxışılarınən telekanalların efirindən ləğv edilməsi bu qəbildəndir. Altıncı, bu günədək bir dəfə də olsun heç bir ölkəyə səfər etməyən Şimali Koreya lideri Kim Çen İnin Moskvaya planlaşdırdığı səfər birmənalı qarşılanmır. Düzdür, bu faşist Almaniyası üzərində qələbənin 90 illiyiyilə əlaqədar olsa da ekspertlər bunu tamam başqa amillərə bağlayırlar. İddiaya görə, Qərbin ağır sanksiyaları ilə dünyadan təcrid vəziyyətinə və NATO təhlükəsiylə üz-üzə qalmış Rusiya Şimali Koreya, Braziliya, Hindistan və s. kimi ölkələri tərəfinə çəkməklə güclənmək niyyətindədir. Kim Çen İnin başlatdığı nüvə silahlarının sınaq planı da bu ssenarinin tərkibi kimi qiymətləndirilir. Ən maraqlı məsələ isə Çinin bitərəfliliyidir. Çox güman ki, Pekin baş verənlərin böyük qarşıdurma səviyyəsinə yükələcəyini əvvəlcədən gördüyündən, belə qərar gedir. Məqsəd başlayacaq müharibəni sərmayəyə çevirmək və ondan zərərsiz çıxmaqdır. Əgər bu baş versə, Çin siyasi proseslərin axarına lehinə çevirib qlobal gücə çevrilə bilər. Bu və digər prosesləri də nəzər alsaq, Okaranın iddia etdiyi kimi Obamanın Krım planı Üçüncü Dünya Müharibəsi üçün hazırlanmış ssenari ola bilər. Hər halda cərəyan edən edən proseslər buna doğru gedir.
Mənsur Rəğbətoğlu
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53