Azərbaycandakı
Azərbaycandakı "saxta diplom biznesi"nin sensasion gizlinləri

Onları hansı xarici ölkələrdə hazırlayıb gətirirlər?

Azərbaycanda bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də insanlar "ömrü uzun olmayan məqsədə" çatmaq, çirkin işlərini həyata keçirmək, pul, iş, karyera qazanmaq, ali məktəbə qəbul olmaq üçün saxta sənədlərdən, diplomlardan istifadə edirlər. Amma əksər hallarda buna nail olmaq asan olmur, bu cür əməllərin üstü açılır, nəticədə belə istifadəçilər cinayət əməli törədiyinə görə məsuliyyətə cəlb edilirlər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bir neçə gün əvvəl açıqladı ki, bu tədris ili üzrə magistraturaya və rezidenturaya qəbul olmaq üçün sənəd verənlərdən 27 nəfərin saxta diplom təqdim etdiyi məlum olub. Bununla da saxta diplom məsələsi yenidən gündəmə gəlib.
Təhsil Nazirliyi ölkədə saxta diplomların olması faktını inkar etmir və belə sənədlərin aşkarlanması istiqamətində mütəmadi tədbirlərin görüldüyünü açıqlayır. Nazirlikdən bildirilib ki, saxta diplomların aşkarlanması, buna qarşı tədbir görülməsi məsələsi nazirliyin qarşısında duran prioritet məsələlərdəndir. Yəni bu işə meyl göstərərək saxta doplomları olanların aşkarlanması və cəzalandırılması üçün ciddi mübarizə aparılır. İndi saxta diplomla işə, ali məktəbə qəbul olmaq mümkün deyil. Çünki təqdim olunan diplomlar nazirlikdə yaradılmış bazada yoxlanılır, onun dövlət qeydiyyat nömrəsi, forması, yazı məzmunu dövlət tərəfindən verilən diplomlarla tutuşdurulur.
Bu məsələdə adı ən çox hallanan ali təhsil müəssisələrinə qarşı sərt tədbirlər görülür. Misal kimi, saxta diplom məsələsində adı ən çox hallanan Müəllimlər İnstitutunun Gəncə filialını tamamilə ləğv olunduğunu, digər ali təhsil müəssisələrinin qəbul planının azaldıldığını və ya ümumiyyətlə, dayandırıldığını göstərmək olar.
Təbii ki, əsl sənədlərin saxta yollarla vətəndaşlara verilməsi, həmçinin saxta diplomların təqdim edilməsi cəmiyyətdə birmənalı qarşılanmır.
Ekspertlərin sözlərinə görə, işəgötürən təşkilat kimi Təhsil Nazirliyi bu məsələdə qəti mövqe sərgiləməlidir. Ölkədə saxta diplomların aşkarlanması üçün nazirlik hüquq-mühafizə orqanları ilə birgə mütəmadi olaraq tədbirlərini davam etdirməlidir. Heç kimə sirr deyil ki, qanunu pozmaqla təhsil sisteminə gələn və gəlmək istəyən şəxslər var. Saxtakarlığa yol verən insanlar işə götürülməməlidir. Saxta sənəd ümumilikdə təhsilin dəyərinin süni şəkildə aşağı düşməsinə, onun əsaslarını aşılanmasına gətirib çıxarır.
Onların fikrincə, təhsil nazirinin açıqladığı kimi, hazırda orta məktəblərdə 2 minə yaxın saxta yollarla diplom almış müəllim çalışır. Bunlar əsasən də Azərbaycanın rayonlarındakı orta məktəblərdə dərs deyirlər. Təbii ki, buna qarşı tədbirlər görülməlidir.
Təhsil naziri Mikayıl Cabbarov mətbuata verdiyi müsahibələrdə dəfələrlə bildirib ki, təhsil sistemində çalışanların sənədlərini yoxlayarkən qeyri-qanuni və yaxud saxta diplomun olduğu aşkarlanır. Nazirlikdə diplomların məlumat bazası var, həmin diplomları vermiş təhsil müəssisələri də tabeliyimizdə fəaliyyət göstərir. Ona görə də biz bu faktı görərək buna biganə qala bilmərik.
Nazirlikdən bildirilib ki, saxta yollarla diplom almış müəllimlərin hamısı adbaad bilinir. Əldə etdiyimiz bütün məlumatlar, o cümlədən onlara saxta diplom verənlərin adları Baş Prokurorluğa verilib. Digər tərəfdən, onların hamısının birdən işdən çıxarılması, onların yerinin doldurulması o qədər də asan deyil.
Ümumiyyətlə, saxta sənədlərin, diplomların çoxu Azərbaycandan kənarda hazırlanıb gətirilir. Ən çox Rusiya, Ukrayna, Gürcüstan və Türkiyə universitetlərinə aid saxta diplomlar var. Sənədlərin yoxlanması prosesi zamanı aydın olur ki, belə diplomlar Təhsil Nazirliyi tərəfindən verilmir. Bəzən də Təhsil Nazirliyinin hər il hansı seriyalarla diplom verəcəyini bilən rektorlar saxta diplomlar çap etdirir və istədiyi kəsə satır.
Yada salmaq yerinə düşər ki, ötən il Müəllimlər İnstitutunun Gəncə filialında 207 belə fakt aşkarlanıb. Nazirlik 207 müəllimin saxta diplom daşıdığını ortaya çıxarıb. Ekspertlər isə bu diplomların sayının 1000-dən çox olduğunu düşünürlər. Gəncə filialının 2000-ci ildən ötən ilə qədər 2500 məzunu olub ki, onlardan da 1000-nin diplomu şübhə altına alınıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə də bir müddət əvvəl bu tədris ili üzrə magistraturaya və rezidenturaya qəbul olmaq üçün sənəd verənlərdən 27 nəfərin saxta diplom təqdim etdiyini, həmin diplomların Təhsil Nazirliyi tərəfindən verilmədiyini açıqlayıb.
Xatırladaq ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bu işlə bağlı bir neçə ildir araşdırma aparan zamanı Gəncə Dövlət Universitetinin kütləvi şəkildə saxta diplomlar satdığı barədə faktlar üzə çıxıb.

Çingiz Rüstəmov