Ukrayna ordusu "cəhənnəmdən" çıxır
10:39 19-02-2015
İQTİSADİYYAT
Ukrayna ordusu "cəhənnəmdən" çıxır
Putin və Poroşenko bir-birini söyübmüş!
Ukrayna qoşunlarını Debaltsevodan çıxarmağa başlayıb. "unian.net" saytı xəbər verir ki, bu barədə xalq deputatı, "Donbas" batalyonunun komandiri Semyon Semençenko "Facebook" səhifəsində bildirib.
"Loqvinovoya nəzarət haqqında bütün deyilənlər nağıl oldu, balqabaq karetə çevrilmədi. Debaltsevo-Artemovsk yoluna da məhz Loqvinovoya görə nəzarət etmirik. Rəqib digər yolları da kəsməyə və qruplaşmaların çıxışına mane olmağa çalışır", - Semençenko əlavə edib.
Poroşenkoya qarşı
"cinayət işi" qaldırıldı
"Donetsk Xalq Respublikası" ("DXR") separatçı qurumun "baş prokurorluğu" Ukrayna prezidenti Pyotr Poroşenko, baş nazir Arseniy Yasenyuk və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinova qarşı "cinayət işi" qaldırıb. "lenta.ru" saytı xəbər verir ki, bu barədə "Donetsk" agentliyi bildirib.
"Baş prokurorluq"da bildirirlər ki, "DXR" və "LXR"in əhalisinin iradəsi ilə razılaşmayan Ukraynanın rəhbərliyi "respublikalar"ın ərazisinə qanunsuz quldur dəstələri və cəza batalyonlarının müdaxiləsini təşkil edib.
Qeyd edək ki, Ukrayna hakimiyyəti 2014-cü ilin aprelində Donbas hövzəsində anti-terror əməliyyatlarına başlayıb. BMT-nin məlumatına görə, hərbi əməliyyatların gedişatında indiyə kimi 5358 nəfər ölüb, 12235-dən çox insan yaralanıb. Amma Almaniya kəşfiyyatındakı mənbəyə istinadən bu ölkənin KİV-i münaqişədə ölənlərin sayının 50 min olduğunu bildirib.
Kiyev "digər ssenarilərə qayıdış" xəbərdarlığı etdi
"Rusiya Federasiyası və onun tərəfindən dəstəklənən "LXR" ilə "DXR"in quldur dəstələləri atəşin dayandırılması haqqında Minsk razılaşmalarını yerinə yetirmirlər. Buna görə də sülhə ümid getdikcə azalır". "unian.net" saytı xəbər verir ki, bu barədə Ukraynanın prezident administrasiyasının başçısının müavini Valeri Çalıy bildirib.
Ukrayna rəsmisi hadisələrin digər ssenarilərə qayıdışını da istisna etməyib: "Biz Minsk danışıqlarının iştirakçılarına - Almaniya, Fransa, Rusiya, həmçinin Avropa Birliyi və NATO ölkələrinə müraciət edirik. Vəziyyətin gərginləşməsi yalnız Ukraynanın ərazi bütövlüyü və müstəqilliyini deyil, həm də Avropanın təhlükəsizliyini hədələyir. Biz BMT Təhlükəsizlik Şurasının daimi üzvlərini Minsk razılaşmalarının pozulmasına imkan verməməyə çağırırıq".
Qeyd edək ki, fevralın 12-də "Normandiya dördlüyü"nün (Rusiya, Ukrayna, Fransa və Almaniya) Minskdə keçirilən toplantısında fevralın 15-dən atəşkəs rejiminin tətbiq olunması barədə razılıq əldə olunub. Lakin cəbhənin digər istiqamətlərindən fərqli olaraq, Donetsk vilayətinin Debaltasevo rayonunda döyüşlərə fasilə verilməyib. Tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.
Ukrayna və Rusiya
prezidentlərinin görüşü haqqında şok iddia!
Ukrayna münaqişəsi üzrə Minskdə "Normand dördlüyü" formatında keçirilən görüşün bəzi təfərrüatları məlum olub. Bu barədə Almaniyanın nüfuzlu "Der Spiegel" jurnalı yazıb.
Bildirilir ki, fevralın 11-də və 12-nə keçən gecə səhərə qədər davam edən atəşkəs danışıqları zamanı Ukrayna prezidenti Pyotr Poroşenko rusiyalı həmkarına qarşı nəzakətsiz davranaraq "sən" deyə müraciət edib.
Münaqişəni müzakirə edərkən prezidentlər bir-birlərinin üstünə qışqırıblar: "Prezidentlər bir-birlərinə "sən" deyə müraciət ediblər. Putin və Poroşenko mübahisə edərkən Fransua Olland, Angela Merkel sakit durublar. Amma mübahisənin böyüdüyünü görən tərəflər onları sakitləşdirməyə çalışıb".
Kanada Rusiyanı
hədələdi: "Bunun
əvəzini pis ödəyəcək"
Ukrayna mətbuatı Kanadanın Rusiyaya qarşı növbəti sanksiya paketi qəbul etməsi barədə məlumat yayıb. Sanksiyaya səbəb kimi Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazilərini işğalda saxlaması göstərilib. Kanadanın Baş naziri Stefan Jozef Harper paketin Rusiyanın 37 vətəndaşı və 17 şirkətinə şamil edildiyini açıqlayıb.
O, Rusiyanın işğalı davam etdirdikcə, ABŞ və Avropa İttifaqı ilə birlikdə sanksiya siyasətini koordinasiyalı şəkildə gücləndiriləcəyini bildirib. Harper fevralın 12-də Minskdə imzalanmış anlaşmanı pozacağı təqdirdə Rusiyaya qarşı əlavə tədbirlərin görüləcəyini də istisna etməyib. Buna hazır olduqlarını qeyd edib. "Rusiya regionda yaranmış gərginliyi bir az da artırsa, bunun əvəzini ən pis şəkildə ödəyəcək" - deyə kanadalı nazir vurğulayıb.
Poroşenko ABŞ-dan
silah istəyir
Amerika Birləşmiş Ştatlarının (ABŞ) vitse-prezidenti ilə Ukrayna prezidenti arasında telefon danışığı olub.
ABŞ vitse-prezidenti Co Baydenlə telefon söhbəti həyata keçirən Pyotr Poroşenkonun silah yardımı istədiyi bildirilir. Bu barədə Ukrayna dövlət başçısının mətbuat xidməti xəbər yayıb.
"Prezident Poroşenko Minsk müqaviləsinə əməl olunmadığını, razılığın pozulduğunu və təcili tədbir görülməsinin vacibliyini qeyd edib. O, həmçinin ABŞ-ın Ukraynanın müdafiəsini gücləndirməsi üçün nəzərdə tutduğu silah yardımı bəyanatlarını da reallaşdırmağa çağırıb" - deyə xəbərdə bildirilir.
Bayden isə öz növbəsində ölkəsinin Ukraynaya dəstəyini davam etdirəcəyini söyləyib.
Qeyd edək ki, Ukraynada münaqişə başlayandan bəri ABŞ Kiyevə 320 milyon dollar yardım edib.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53