Natiq Əliyevin səlahiyyəti əlindən alındı
11:36 20-02-2015
İQTİSADİYYAT
Natiq Əliyevin səlahiyyəti əlindən alındı
Energetika Nazirliyi ilə bağlı iddiaların reallaşma ehtimalı bir az da gücləndi
Natiq Əliyevin rəhbərlik etdiyi Energetika Nazirliyinin səlahiyyətlərindən biri alınıb. Belə ki, Nazirlər Kabineti "Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları"nda dəyişiklik edib.
Dəyişiklik hidrotexniki qurğunun təhlükəsizliyinə dövlət nəzarəti ilə bağlıdır.
Dəyişikliyə əsasən, Energetika Nazirliyinin hidrotexniki qurğunun təhlükəsizliyinə dövlət nəzarəti sahəsində səlahiyyəti ləğv edilib.
Qeyd edək ki, hidrotexniki qurğuların dövlət reyestrinə daxil edilməsi və dövlət reyestrinin aparılması Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən həyata keçirilir. Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, habelə Nəqliyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Tikinti və Arxitektura Komitəsi dövlət reyestrinin formalaşması və aparılmasında iştirak edir, öz səlahiyyətləri daxilində reyestrin sahə bölmələrini formalaşdırır və müvafiq məlumatları qeydiyyatdan keçirdikdən sonra 15 gün müddətində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə təqdim edirlər. İstismara qəbul edilən yeni hidrotexniki qurğular onların istismara verildiyi gündən ən geci 1 ay müddətində dövlət reyestrinə daxil edilir.
Maraqlıdır ki, Energetika Nazirliyinin haqqında danışılan səlahiyyətinin alınması Natiq Əliyevin rəhbəri olduğu qurumla bağlı son vaxtlar ortaya maraqlı bir iddianın atıldığı dövrə təsadüf edir. Belə ki, son vaxtlar bəzi qurumların ləğvi və yeni səlahiyyət bölgüsü istiqamətində atılan islahat xarakterli addımlar, xüsusilə Dövlət Torpaq və Xərtəçəkmə Komitəsinin ləğv edilməsi ilə bağlı imzalanan sərəncam geniş müzakirə olunur. Bunlar cəmiyyətdə müsbət addımlar olaraq dəyərləndirilir. Bununla bağlı açıqlama verən bir çox ekspertlər eyni funksiyalı nazirliklərin birləşdirilməsi məsələsini qaldırıblar. Onların fikrincə, Azərbaycanın korrupsiyaya qarşı mübarizə strategiyası hazırlanıb. Sənəddə 8 istiqamət üzrə islahatların aparılması təklif olunur. Bunlardan biri də struktur islahatlarıdır. Bu islahatlar birmənalı şəkildə dövlət qurumlarının idarəetmədə çevikliyinin artırılması, bir neçə qurumun birləşdirilməsi, hətta yeni qurumların, agentliklərin yaradılmasını ehtiva edir.
Haqqında danışdığımız iddia isə ondan ibarətdir ki, yaxın vaxtlarda Natiq Əliyevin rəhbərlik etdiyi Energetika Nazirliyinin də ləğvi nəzərdə tutulub. İddia edilir ki, bu nazirliyin funksiyalarının bir qisminin Şahin Mustafayevin rəhbərlik etdiyi İqtisadiyyat və Sənaye nazirliyinə, digər səlahiyyətlərinin isə Rövnəq Abdullayevin rəhbəri olduğu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) verilməsi gözləniləndir. O da maraqlıdır ki, Natiq Əliyevin nazirliyinin ləğv edildikdən sonra səlahiyyətlərinin veriləcəyi qurumların rəhbərləri ilə energetika naziri arasında soyuq münasibət var. Xüsusilə N. Əliyevin ARDNŞ prezidenti Rövnəq Abdullayevlə ixtilaf yaşadığına dair informasiyalar mövcuddur. Bu ixtilaf Abdullayev bir müddət əvvəl ARDNŞ-ə məxsus torpaqların N. Əliyev bu quruma rəhbərlik edərkən satıldığı yönündə açıqlama verərkən, energetika naziri də həmin açıqlamanı sərt dillə yalanlayarkən bütün çılpaqlığı ilə ortaya qoymuşdu.
Xatırladaq ki, ötən ilin oktyabrında Natiq Əliyevin nazirliyinin səlahiyyətlərinin önəmli bir hissəsi Şahin Mustafayevin nazirliyinə verilmiş, nəticədə o vaxtadək Sənaye və Energetika Nazirliyi adlanan qurum yalnız energetika sahəsinə məsul olan dövlət orqanı funksiyasını yerinə yetirməyə başlamışdır.
Bundan cəmi bir ay sonra isə Natiq Əliyevin postuna təhlükə yarandığına dair ehtimallar ortaya çıxmışdı. Belə ki, o vaxt (18 noyabr, 2015) parlamentin iclasında 2015-ci ilin dövlət büdcəsi layihəsi ilə bağlı müzakirələr zamanı deputat Əli Məsimli Azərbaycanda qazlaşmanın zəif getdiyini demiş və Energetika Nazirliyini suçlamışdı.
O vaxt KİV yazırdı ki, parlamentdə iqtidara yaxınlığı ilə bilinən millət vəkilinin dilindən Natiq Əliyevin nazirliyinin belə sərt şəkildə tənqid olunması təsadüfi sayılmır. Hesab edilirdi ki, bu, energetika nazirinin "vurulması" yönündə ilk xəbərdarlıq kimi də qəbul oluna bilər.
İndi isə əvvəlcə Energetika Nazirliyinin ləğv ediləcəyi barədə iddiaların ortaya atılması, ardınca da bu nazirliyin əlindən səlahiyyətlərindən birinin alınması deyilənlərdə həqiqət payının yüksək olduğunu göstərir. Görünən odur ki, proseslər Natiq Əliyevin nazirliyinin həqiqətən də ləğv olunması istiqamətində cərəyan etməkdədir.
Bu ehtimalın doğrulub-doğrulmayacağını isə zaman göstərəcək. Odur ki, gözləyək.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05