Ədliyyə generalı Xanlar Zeynalov hədəfdə
Ədliyyə generalı Xanlar Zeynalov hədəfdə

Məhkəmə icraçılarından şikayətlər sürətlə artır

Azərbaycanda məhkəmə sisteminin təkmilləşməsinə, həmin strukturun fəaliyyətinə ciddi əngəl törədən səbəblər barədə dəfələrlə danışılıb və yazılıb. Hazırda bu sahədə ən əsas problem məhkəmə qərarlarının icra olunmaması ilə bağlıdır. Müşahidələr belə deməyə əsas verir ki, məhkəmə icraçılarının fəaliyyəti (daha doğrusu, fəaliyyətsizliyi!) ictimaiyyətdə ciddi narazılıq doğurur.

Qeyd edək ki, əksər hallarda iddiaçılar rayon məhkəmələrinin onların xeyrinə çıxardığı qərar, qərardad və ya qətnamənin daha etibarlı icrası üçün yuxarı məhkəmə instansiyalarına da müraciət edirlər. Sonuncular da məlum hökmü təsdiqləyərək qüvvəsində saxlayır. Amma zərərçəkmişlərin üzləşdikləri ən əsas problem hökmün icra olunmaması üzündən onların maddi və mənəvi zərərə düşməsi və buna görə hər hansı bir kompensasiyanın ödənilməməsidir.
Onu da deyək ki, Azərbaycanda məhkəmə qərarlarının icrası Ədliyyə Nazirliyinin tərkibindəki aidiyyatı qurum - İcra baş idarəsi tərəfindən tənzimlənir. Bu idarənin rəisi baş məhkəmə məmuru, ədliyyə generalı Xanlar Zeynalovdur. Ədliyyə generalı Zeynalov bu posta polis sistemindən gətirilib. O adıçəkilən idarəyə rəis təyin edilənədək Səbayel rayon polis idarəsinin rəisi postunu tutub və deyilənə görə bu vəzifədə xüsusi olaraq "seçilib".
Hazırda isə Xanlar Zeynalovun rəisi olduğu İcra baş idarəsinin işçiləri ilə bağlı mətbuatda davamlı şəkildə şikayətlər oxumaq mümkündür. Görünən odur ki, xüsusilə rayonlarda məhkəmə qərarlarının icrası ilə bağlı ciddi problemlər var və bu da vətəndaşlarda haqlı narazılıqların yaranmasına yol açıb.
Əksər vəkillər də mətbuata açıqlamalarında bildirirlər ki, bölgələrdə məhkəmə qərarlarının icrası sözün həqiqi mənasında müşkül məsələyə çevrilib. Ölkənin məhkəmə sistemində islahatların aparılmasına baxmayaraq bəzi yerlərdə hələ də icra məmurları vətəndaşları süründürməçiliyə salır, məhkəmə qərarlarının icrasını yubadır və ya icra etmir. Nəticədə əlində qanuni məhkəmə qərarı olan vətəndaş hüquqlarını bərpa edə bilmir. Məhkəmə icraçıları insanlarla sanki oyun oynayır. Vətəndaşın xeyrinə məhkəmə qərarının çıxarılmasına baxmayaraq icra məmurları bu qərarın icrasını müəyyən maraqlarına görə istifadə edir. İcra məmurları Azərbaycan dövlətinin adından çıxarılan məhkəmə qərarlarını icra etmək istəmir.
Qəzetimizə daxil olan məlumatlar və ictimai müşahidələr belə deməyə əsas verir ki, bölgələrdə süründürməçilik, rüşvət müqabilində məhkəmə qərarlarının icrasına etinasızlıq artıq məhkəmə icraçıları üçün adi hala çevrilib. Bunu bir çox rayonlarda məhkəmə icraçılarının komfortlu həyat tərzi ilə maaşları arasındakı dərin uçurum da əyani olaraq təsdiqləyir.
Ən acınacaqlısı odur ki, rayonlarda hətta icrası bir neçə ildir yubadılan və yaxud zərərçəkmiş şəxsin razılığı, xəbəri olmadan dayandırılan çoxsaylı məhkəmə qərarlarına rast gəlmək olar. Hesab edilir ki, bu cür hallar məhz əleyhinə məhkəmə qərarı olan şəxslərlə məhkəmə icraçıları arasında hansısa qanunsuz sövdələşmənin nəticəsidir.
Bildirildiyinə görə, əyalətdə məhkəmə icraçılarının öz işini düzgün, zamanın tələblərinə uyğun qura bilməməsi və qeyri-qanuni fəaliyyəti ilə bağlı Baş icra idarəsində də məlumatlıdırlar. Amma Xanlar Zeynalovun belə hallara qarşı lazımi tədbirlər görməməsi də göz önündədir. Nəticədə isə məhkəmə icraçıları faktiki olaraq vətəndaşları incitməklə, onları hökumətdən narazı salmaqla məşğuldurlar.
Elə bu səbəbdən də son vaxtlar Xanlar Zeynalovun hakimiyyət daxilində mövqelərinin zəiflədilməsinə başlandığı bildirilir. Qeyd olunur ki, ölkədə məhkəmə qərarlarının icrası sahəsində yaranan xoşagəlməz mənzərəni dəyişdirmək, vətəndaşları narazı salan nöqsanları aradan qaldırmaq, məhkəmə icraçılarının fəaliyyətini müasir dövrün tələblərinə uyğun qurmaq üçün İcra baş idarəsinin rəisinin əvəzlənməsi tamamilə real görünür.
Elvin Rüstəmov