Məleykə Abbaszadə narazılıq yaratdı
12:01 21-02-2015
İQTİSADİYYAT
Məleykə Abbaszadə narazılıq yaratdı
TQDK sədrinin son açıqlamaları hökumət daxilində xoş qarşılanmayıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin iki həftə əvvəlki açıqlamaları hökumət çevrələrində müsbət qarşılanmayıb. Hesab edilir ki, Dövlət Komissiyasının sədrinin açıqlamaları daha çox təhsil sahəsində vəziyyətin hədsiz acınacaqlı olduğu təəssüratının möhkəmlənməsinə xidmət edib.
Xatırladaq ki, TQDK sədri Məleykə Abbaszadə "Abituriyent" jurnalının 12-ci sayının təqdimatında bildirib ki, 2014-cü ilin qəbul imtahanlarında abituriyentlərin 64.7 %-i qəbul imtahanlarında 200-dən az bal toplayıb. O qeyd edib ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin 64.7 %-i imtahandan "2", 13.6 %-i "3", 15.7%-i "4", 6 %-i isə "5" qiymət alıb. Komissiya sədri onu da vurğulayıb ki, qəbul olanların 29.9 %-ni "3", 40.2 %-ni "4", 15.5 %-ni isə "5" qiymət alanlar təşkil edib. M. Abbaszadə təəssüflə vurğulayıb ki, bu il Daşkəsən, Ağsu, Xaçmaz, Astara, Samux, Ucar, Qusar, Ağdaş, Qobustan, Sabirabad, Zərdab, Goranboy, Lerik, Şabran, Quba, İmişli və Yardımlı rayonları, eləcə də Naxçıvan MR-in Kəngərli, Sədərək və Babək rayonlarının cari ildəki məzunlarını təmsil edən abituriyentlərin 40 %-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub.
"Çox acınacaqlı haldır ki, 9-cu və 11-ci siniflərin şagirdləri arasında nəinki minimal tədris proqramını mənimsəməyənlər, hətta oxumağı və yazmağı bacarmayanlar da aşkar olunub. Onun sözlərinə görə, belələri 11-ci sinif şagirdləri arasında 2 nəfər, 9-cu sinif şagirdləri arasında isə 64 nəfər olub. Bu statistika imtahan rəhbərlərinin protokolları əsasında ortaya çıxıb" - deyə Məleykə Abbaszadə bildirib.
Bir sözlə, Dövlət Komissiyasının sədri ölkənin təhsil sektorunda real mənzərəni rəsmilərin dediklərinin əksinə olaraq, həddən artıq qara boyalarla təsvir edib, elə bu da hökumət çevrələrində Məleykə Abbaszadədən ciddi narazılıq yaranmasına səbəb olub.
Hesab edilir ki, Təhsil Nazirliyinin cəmi bir gün sonra TQDK rəhbərinin açıqlamalarına şərh verməsi və bu zaman daha çox müsbət tendensiyalara diqqət ayrılması da xanım Abbaszadənin səsləndirdiyi rəqəmlərdən rəsmi dairələrin xoşhal olmadığını, bu səbəbdən də təhsil sektoru ilə bağlı daha çox müsbət rəqəmləri ön plana çıxarmağa çalışdığını göstərir.
Qeyd edək ki, Təhsil Nazirliyindən verilən məlumata görə, son 3 ildə ölkədəki ümumtəhsil məktəblərindəki ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarında müvəffəqiyyət qazanmış şagirdlərin sayında artım olub. Məlumatda bildirilir ki, 2012-ci ildə 9-cu sinfi bitirərək müvəffəqiyyət qazanmış məzunların sayı 50,27% idi isə, 2013-cü ildə bu rəqəm 58,41%-ə, 2014-cü ildə 62,04%-ə yüksəlib. Həmçinin, 2012-ci ildə 11-ci sinfi bitirərək müvəffəqiyyət qazanmış məzunların sayı 68,9% idi isə, 2013-cü ildə onların sayı 72,14%-ə, 2014-cü ildə isə 74,11%-ə qədər artıb. "Beləliklə, TQDK-nın verdiyi rəqəmlər ümumi təhsildə dinamikanın müsbətə doğru dəyişdiyini təsdiqləyir" - deyə Məleykə Abbaszadənin açıqlamalarında müsbət çalar axtarmağa çalışan nazirlik qeyd edib. Eyni zamanda nazirlik, Dövlət Komissiyası sədrinin açıqlamalarının hökumət daxilində narazılıqla qarşılandığını açıq ortaya qoyan iradlar da səsləndirib, belə ki, qəbul imtahanlarında toplanan balların ümumtəhsil məktəblərində tətbiq edilən 5 ballıq sistemə (0 - 200 bal bərabərdir "2"-ə, 200 - 300 bal - "3"-ə, 300 - 500 bal - "4"-ə, 500 - 700 bal - "5"-ə) uyğunlaşdırılması əmsalının yanlış olduğunu qeyd edərək belə bir yanaşmanın elmi əsaslarının olmadığını açıq tekstlə dilə gətirib. "Bu cür müqayisənin hansı meyarlar əsasında aparılması da aydın deyil" - deyə məlumatda bildirilib.
Xatırladaq ki, bir müddətdir mətbuatda TQDK sədri postunda dəyişikliyin ola biləcəyinə dair iddialar intensivləşib. Hətta ötən ayın əvvəllərində ölkənin internet resurslarında Məleykə Abbaszadənin səhhətində ciddi problemin yaranması haqda ilginc məlumatlar yayılmışdı, həmin məlumatlara görə, qurum rəhbəri Abbaszadə son vaxtlar ciddi qan xəstəliyindən əziyyət çəkdiyi bildirilirdi. Hətta onun müalicə üçün tez-tez İsveçrəyə üz tutduğu deyilirdi. O vaxt bu iddia rəsmi qaydada dərhal təkzib edilmiş, bəzi KİV-lər isə belə yalan xəbərin məhz TQDK sədrinin əvəzlənməsini istəyən dairələrin maraqları çərçivəsində dövriyyəyə buraxıldığını yazmışdılar.
İndi isə Abbaszadənin son açıqlamalarının onun "vurulmasında" maraqlı olan çevrələrin işinə yarayacağı vurğulanır. İddia edilir ki, həmin açıqlamalara görə TQDK sədrindən inciklik və narazılığın ortaya çıxması sonda onun postundan uzaqlaşdırılmasına gətirib çıxara bilər.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05