Bu gün Elman Rüstəmovu istefa şoku gözləyir
11:08 24-02-2015
İQTİSADİYYAT
Bu gün Elman Rüstəmovu istefa şoku gözləyir
Milli Məclisdə ölkənin baş bankiri hədəfə çevrilə bilər
Milli Məclisin bu gün keçiriləcək iclasında bəzi millət vəkillərinin əsas tənqid hədəfi Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov ola bilər. Ölkənin valyuta bazarındakı qəfil və kəskin dəyişikliklər - manatın ucuzlaşdırılması, əvəzində isə dollar və avronun ciddi şəkildə bahalaşdırılması AMB sədri barədə parlamentdə ciddi tənqidlərin səsləndiriləcəyi gözləniləndir.
Xatırladaq ki, artıq deputatlardan biri - Vahid Əhmədov bunun anonsunu verib. O, bir neçə gün əvvəl mətbuata açıqlamasında AMB sədri haqqında sərt ittihamlar səsləndirib, Elman Rüstəmovun məlum qərarla bankların əksəriyyətinin ciddi zərərə düşdüyünü, ən əsas isə Azərbaycan əhalisinə ağır zərbə vurduğunu deyərək əlavə edib: "Mərkəzi Bank rəhbərliyi bizi, deputatları və bütün Azərbaycan xalqını aldatdı. Bundan sonra mən tam əminliklə deyə bilərəm ki, Elman Rüstəmov öz yerində deyil". O daha sonra əlavə edib ki, Milli Məclisin növbəti (yəni bugünki - red.) iclasında məsələni qaldıracaq: "Qoy Elman Rüstəmov parlamentin və xalqın qarşısına çıxsın, bu cür kritik qərar qəbul etməsinin səbəbini əsaslandırsın".
Əldə etdiyimiz məlumata görə, bir neçə millət vəkili də Elman Rüstəmovun rəhbərlik etdiyi AMB-nın kəskin devalvasiya qərarından ciddi şəkildə narazıdırlar və onların ali qanunverici orqanın bugünki iclasında ölkənin baş bankirini istefaya çağıracaqları ehtimalı xeyli yüksəkdir.
Ümumiyyətlə, əksəriyyət hazırda bu fikirdədir ki, Elman Rüstəmov valyuta bazarında baş verənlərlə bağlı sürəci ən pis necə mümkün idisə, elə də yönəltdi: əvvəl xarici mətbuata müsahibə verməklə panika yaratdı, sonra AZTV-yə çıxıb, güya insanları sakitləşdirdi, amma elə orada da dedi ki, idxal mallarının qiyməti qalxacaq, bu isə məzənnənin qalxacağı demək idi. İnsanlarımız Mərkəzi Banka inanmadığından, əllərində olan vəsaiti dollara çevirməyə başladılar, həm əmanətlər dollara keçdi, həm də "yastıq altında" olan vəsaitlər. Onlar deyirlər ki, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov iki dəfə xalqı aldatdığına görə, ən azı istefa verməlidir. Hətta baş bankirin məsuliyyətə cəlb edilməsini istəyənlər də var.
Bütün bunları ümumiləşdirdikdə isə bu gün parlamentdə Elman Rüstəmova qarşı sərt tənqidlərin səsləndirilməsi və onun istefasının istənilməsi kifayət qədər real görünür.
Bu arada isə məlum olub ki, AMB sədrinin səlahiyyət müddəti başa çatır. Belə ki, Elman Rüstəmov ilk dəfə 1995-ci ilin yanvarında Milli Bankın (Mərkəzi Bankın) İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Manatın məzənnəsindəki son və kəskin dəyişiklik nəticəsində ölkə ictimaiyyətinin və medianın əsas qınaq obyektinə çevrilmiş Elman Rüstəmov artıq dördüncü beşillikdir ki, bu strateji dövlət qurumuna rəhbərlik edir. Amma onun Mərkəzi Bankın sədri kimi səlahiyyət müddəti artıq başa çatmaq üzrədir.
Belə ki, bu ilin aprelində Elman Rüstəmovun səlahiyyət müddəti başa çatacaq.
Qeyd edək ki, 63 yaşlı Elman Rüstəmov ilk dəfə 1995-ci ilin yanvarında Milli Bankın (Mərkəzi Bankın) İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. Daha sonra o, 2000 və 2005-ci illərdə yenidən 5 il müddətinə Milli Bankın İdarə Heyətinin sədri vəzifəsinə təsdiqlənib.
Sonuncu təyinat 2010-cu ilin aprelində baş tutub. 2010-cu il aprelin 6-da prezident İlham Əliyevin sərəncamı ilə Elman Rüstəmov daha 5 illiyə Mərkəzi Bankın İdarə Heyətinin sədri təyin edilib.
İqtisadiyyat elmləri üzrə doktor E.Rüstəmov 2012-cı ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
Beləliklə, hazırda fəaliyyəti müzakirə olunan ölkənin baş bankiri təxminən bir ay yarımdan sonra salahiyyətini bitirəcək. Amma 20 ildir Mərkəzi Banka rəhbərlik edən Elman Rüstəmova daha 5 il səlahiyyət verilə bilər.
Bununla belə, istisna edilmir ki, son vaxtlar sərt qınaqların hədəfinə çevrilməsi və parlament səviyyəsində istefasının istənilməsi baş bankirin apreldə yenidən indiki posta təyin edilməsini əngəlləsin.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05