Məşhur ABŞ senatorundan Merkel və Ollanda şok Ukrayna ittihamı
11:11 24-02-2015
İQTİSADİYYAT
Məşhur ABŞ senatorundan Merkel və Ollanda şok Ukrayna ittihamı
Con Makkeyn: "Onlar bu ölkənin Ukraynanın bölünməsini qanuniləşdirdilər"
Amerikalı senator Con Makkeyn Donbas hövzəsində Rusiya qoşunları və separatçılarla qarşıdurmada Ukraynaya dəstək məsələsində qərarsızlıq nümayiş etdirən Ağ Ev administrasiyasını kəskin tənqid edib. Senator CBS telekanalında "Face the Nation" proqramında Ukraynaya dəstək göstərilməsinin vacib olduğunu dilə gətirib.
"Mənə öz ölkəm üçün ayıbdır, mənə öz prezidentim üçün ayıbdır, mənə özüm üçün ayıbdır. Çünki bu insanlara kömək etmək üçün heç nə etmədik", - senator Vaşinqtonun Ukrayna ilə bağlı siyasətindən danışarkən deyib.
Makkeynin sözlərinə görə, Avropanın Fransa və Almaniya kimi güclü ölkələri Rusiya prezidenti Vladimir Putini dayandıra bilmədi: "Hesab edirəm ki, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland Ukraynanın bölünməsini qanuniləşdirdilər. Bu biabırçılıqdır. Putin bunun üçün heç nə ödəmədi. Rusiya döyüşçüləri və separatçılarla mübarizədə kömək üçün Ukraynanı silahlandırmaq lazımdır. Ukraynalılar Vaşinqtondan Amerika qoşunlarının Ukraynaya göndərilməsini xahiş etmirlər, Rusiyaya qarşı durmaq üçün yalnız silah istəyirlər. Vladimir Putin istəyir ki, Ukrayna Avropanın bir hissəsi olmasın və bu hədəfində müvəffəqiyyət qazanır".
Kremlin yeni taktikası: keçmiş rəhbərlər
niyə ortaya çıxdı?
Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və sabiq baş nazir Nikolay Azarovun qəfildən ortaya çıxması Rusiyanın Ukraynaya qarşı müharibədə yeni taktikasıdır. Bu barədə ukraynalı ekspertlər Vadim Karasev və Vladimir Fesenko, Viktor Yanukoviç və Nikolay Azarovun son açıqlamalarını şərh edərkən deyib.
Ekspertlər hesab edir ki, Rusiyanın siyasi texnoloqları Maydan qələbəsinin ildönümü ərəfəsində Ukraynadakı hazırkı vəziyyəti xalqın diqqətinə sabiq prezident və baş nazirin vasitəsilə çatdırmaq istəyib. Onların fikrincə, atəşkəsə riayət olunacağı halda müharibə ikinci plana çəkiləcək və pisləşən sosial vəziyyət aktuallıq qazanacaq. "Yanukoviç və Azarov vasitəsilə ziddiyyətləri göstərirlər ki, keçmiş hakimiyyət dövründə bir dollar 8 qrivna ilə dəyişdirilirdi, sabit maaşlar və sülh var idi. İndiki hakimiyyət dövründə isə bir dollar 29 qrivna ilə dəyişdirilir, əhalinin gəlirləri aşağı düşüb və insanlar müharibədə həlak olur. Rusiyanın yeni taktikası hərbi amillərin işləmədiyi bir vaxtda işləyə bilər. Sabiq baş nazir Azarov təsadüfən danışmadı ki, indiki hakimiyyət əvvəlki hakimiyyətdən çox zəif görünür", - Karasev qeyd edib.
Vladimir Fesenko hesab edir ki, keçmiş hakimiyyətin hər iki lideri ölkədəki yeni siyasi reallıqları anlamırlar: "Reallıq ondan ibarətdir ki, nə Yanukoviç, nə də Azarov nə Kiyevdə, nə də Donbas hövzəsində lazım deyil".
Xatırladaq ki, Ukraynanın keçmiş prezidenti iki gün əvvəl Rusiyanın "Birinci kanalı"na verdiyi müsahibəsində imkan yaranan kimi "insanların həyatını yüngülləşdirmək üçün" Ukraynaya qayıdacağına söz verib. Yanukoviç etiraf edib ki, Ukraynadan kənarda yaşasa da, prosesləri diqqətdən qaçırmır və vəziyyəti öyrənmək üçün adamlarını vaxtaşırı Ukraynaya göndərir. Keçmiş prezident vurğulayıb ki, Ukraynaya qayıtmaq və etiraz hərəkatına başçılıq etmək, insanların müdafiəsində hansısa bir formada iştirak etmək fikrindən daşınmayıb: "Amma fikirləşirəm ki, bizim opponentlərimiz, bizim düşmənlərimiz məni məhv etmək üçün hər şeyi edəcəklər. Mənim bütün silahdaşlarım da Ukraynaya qayıtmağıma qəti şəkildə qarşı çıxırlar".
Qeyd edək ki, Viktor Yanukoviç 22 fevral 2014-cü ildə Ukraynadan qaçıb. Rusiya prezidenti Vladimir Putin sonradan etiraf etdi ki, Yanukoviçin qaçışını Rusiya təşkil edib.
Nikolay Azarov isə fevralın əvvəlində Rusiyada "Ukrayna iki yol ayrıcında" kitabının təqdimat mərasimində Kiyevdəki hazırkı hakimiyyəti tənqid edib. O, qeyd edib ki, hakimiyyət dəyişikliyi həyata keçirən siyasi güclər Ukraynada "Liviya ssenarisi" reallaşdırmağa hazırlaşırdılar. Sabiq nazir Ukrayna xalqının diqqətini müharibədə axan qanlara və ağır iqtisadi vəziyyətə çəkib: "Ukraynada böhrandan yeganə çıxış yolu yeni konstitusiyanın qəbul edilməsidir: "Yeni konstitusiyada regionlara iqtisadi və maliyyə azadlığını vermək, başqa cür düşünənlərin təqibini dayandırmaq, işgəncələrə və insanların qorxudulmasına son qoymaq lazımdır. Vətəndaş müharibəsi ölkəmizə dağıntılar və qətllər gətirir. Mən anlamıram ki, belə bir vəziyyətə səfərbərlik haqqında fərmanı imzalamaq necə mümkün idi? Ukrayna hakimiyyəti 100 min insanı ətçəkənə göndərdi və onların qəbirlərini əvvəlcədən qazdı".
Amerikalı politoloq və publisist Mayk Uitninin bu günlərdə səsləndirdiyi iddia da deməyə əsas verir ki, Moskva müharibədə məğlubiyyət və ağır iqtisadi vəziyyətdən Pyotr Poroşenko hakimiyyətini devirmək üçün yararlanacaq. Onun fikrincə, Ukrayna ordusunun Debaltsevoda məğlubiyyəti bir il ərzində ölkədə ikinci dövlət çevrilişi üçün əsas yaradacaq və prezident Pyotr Poroşenkonun siyasi karyerasının sonu olacaq. Amerikalı politoloq Ukrayna oliqarxlarının Poroşenkonu devirmək üçün siyasi mərkəz yaradacağını iddia edib.
Rusiya Dünya
müharibəsinə hazırlaşır
"Rusiya faktiki olaraq dünya müharibəsinə hazırlaşır". axar.az xəbər verir ki, bu iddia ilə rusiyalı hərbi ekspert Pavel Felqenqauer çıxış edib.
Felqenqauer Rusiya ilə NATO ölkələri arasında 2020-ci ildən sonra hərbi toqquşmanın ola biləcəyini istisna etməyib. Rusiyanın təkcə Donetskə təsir etməklə, bütün Ukraynaya təsir etdiyini qeyd edən Felqenqauer NATO ilə müharibəyə hazırlaşdıqlarını bildirib.
"Rusiya ordunun yenidən silahlandırılması proqramını həyata keçirir. Baş Qərargah rəhbəri Valeri Gerasimov açıq şəkildə deyirdi ki, bizim silahlı qüvvələrimiz dünya müharibəsinə hazırlanır. Bu, praktiki olaraq qaçılmazdır. Mən düşünürəm ki, dünya müharibəsi 2025-ci ildə başlayacaq. 2020-ci ildən sonra böyük regional münaqişələr start götürəcək. Bizim böyük ərazimizdə və Arktikadakı təbii resursları bizdən almaq üçün bütün dünya bizə qarşı hücum edə bilər. Əsas rəqibimiz ABŞ və Çindir. İstənilən yolla Ukraynanı tutmaq lazımdır", - Felqenqauer vurğulayıb.
Ukraynada ağır
texnika təmas xəttindən uzaqlaşdırılır
Dünən o da məlum olub ki, Ukrayna ordusu və rusiyameylli separatcılar atəşkəs razılaşmasına uyğun olaraq, ağır hərbi texnikanı cəbhə xəttindən geri cəkməklə bağlı razılığa gəliblər.
Atəşkəsə Birgə Nəzarət və Koordinasiya Mərkəzinin sözçüsü Petro Kanonik bildirib ki, proses fevralın 22-dən başlayaraq iki həftə davam edəcək.
Qeyd edək ki, Almaniya və Fransanın vasitəciliyi ilə əldə olunmuş və fevralın 15-dən qüvvəyə minmiş son razılaşmaya əsasən, ağır texnikanın geri cəkilməsi prosesi fevralın 17-də başlamalı, martın 3-dək başa catmalı idi.
Lakin strateji Debaltsevo şəhərindəki döyüşlər ucbatından proses ləngiyib.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05