Ölkədə ciddi qiymət artımı təhlükəsi yaranıb
11:12 24-02-2015
CƏMİYYƏT
Ölkədə ciddi qiymət artımı təhlükəsi yaranıb
Mərkəzi Bankı manatın məzənnəsi ilə bağlı verdiyi qərardan sonra ölkədə ciddi ajiotaj yaranıb. Artıq bəzi məhsulların qimətində artım olub və əksər malların bahalaşacağı proqnozlaşdırılır.
Hətta iş o yerə çatıb ki, Bakı və ətraf rayonlarda böyük marketlərin bir qismi müvəqqəti qapadılıb, bəziləri isə qiymət artımına hazırlıq görür. Manatın məzənnəsinin düşməsi ilə bağlı qərardan sonr İqtisadi İnkişaf Nazirliyi qiymət artımına qarşı tədbirlər görüləcəyini bəyan etdi. Amma bu gün real mənzərə naziriliyin xəbərdarlığına məhəl qoyulmadığını göstərir. Çünki bir çox satış məntəqələrində məhsulların qiymətində artım olub və bu bahalaşmanın davam edəcəyi gözlənilir.
Amma İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti süni qiymət artımı ilə bağlı yoxlama tədbirlərini daha da gücləndirdiyini növbəti dəfə bəyan edib. Nazirlikdən "Unikal"a verilən məlumatda qeyd olunur ki, Mərkəzi Bank manatın məzənnəsində dəyişikliklə bağlı açıqlama yayıb. Xidmət tərəfindən manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirlərini daha da gücləndirib və yoxlamalar davam etdirilir. İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi təşkilatının apardığı araşdırmaların nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcək.
Nazirlik ard-arda iki xəbərdarlıq etsə də, bəzi ticarət obyektlərində süni qiymət artımına rast gəlinir. Yəni, nazirliyin səylərinin nəticəsiz olacağı göz önündədir.
Bu barədə "Unikal"a açıqlama verən Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov manatın məzənnəsinin aşağı salınması ilə bağlı qərardan sonra ölkədə iqtisadi təlatümlərin olacağını istisna etmir. Onun sözlərinə görə, sözsüz ki, qiymət artımı olacaq: "Diqqət edirsinizsə, artıq bu istiqamətdə ilkin addımlar atılıb. Bəzi məhsulların qiyməti bahalaşıb,hələ qiymət artımı davam edəcək. İqtisadi İnkişaf Nazirliyinin və Vergilər Nazirliyinin qiymət artımının qarşısının alınması üçün həyata keçirdiyi tədbirlərin nəticəsi olmayacaq. Çünki burada həm obyektiv və subyektiv səbəblər var. Amma bütün bunlara baxmayaraq, İqtisadi İnkişaf Nazirliyinin anti-inhisar departamenti və digər qurumlar gücləndirilmiş iş rejimində işləməlidirlər. Elə etməlidirlər ki, qiymətlər həddindən artıq qalxmasın. Nə qədər çətin də olsa, bunun qarşısını müəyyən qədər almaq olar. Əgər aidiyyatı qurumlar üzərilərinə düşən vəzifəni layiqincə yerinə yetirsələr, qiymətlər gözləniləndən çox artmaz".
V.Əhmədov onu da nəzərə çatdırıb ki, bu prosesin nəticəsində Azərbaycanda qiymət artımı 30-35 faiz səviyyəsində olacaq. "Özü də bu artım ərzaq məhsullarında da, qeyri ərzaq məhsullarında da olacaq. Ona görə də insanların da narahat olması başadüşüləndir. Bu mənada, hökumət bu istiqamətdə səyləri artırmalıdır ki, hansısa işbazlar vəziyyətdən istifadə etməsinlər", - deyə millət vəkili bildirib.
Müsahibimiz Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun Milli Məclis qarşısında hesabat verməli olduğunu da vurğulayıb. Onun sözlərinə görə, Elman Rüstəmov gəlib hesabat verməlidir ki, nəyə görə bu qədər insanı aldadıb və gözlənilmədən belə bir qərar verib.
Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu bizimlə söhbətində deyib ki, Mərkəzi Bankın bu qərarı Azərbaycan iqtisadiyyatında, xüsusilə də maliyyə-bank sistemində vəziyyətin lap pis olduğunu göstərdi. Onun sözlərinə görə, hazırkı şəraitdə iqtisadiyyatın idarə edilməsi xeyli mürəkkəbləşib. Eyni zamanda, iqtisadiyyatı xarici təsirlərdən asılı olan ölkədə baş verəcək bu tip hadisələrdən heç kəs sığortalana bilməyəcək: "Hansı fəsadların gözləntisinə gəlincə, iqtisadçı dedi ki, manatın ucuzlaşması fonunda dolların bahalaşması ilk növbədə idxal olunan əsas yeyinti məhsullarının (bitki və heyvan mənşəli piylər və yağların, süd məhsullarının, ətin, şəkərin), dərman və digər əzcacılıq mallarının, eləcə də tütün və tütün məmulatlarının, spirtli içkilərin, avtomobillərin, məişət texnikası, mebelin və onun hissələrinin, sonrakı mərhələdə isə çörəyin və digər un məmulatlarının qiymətində 1,5 - dən 2 dəfəyədək bahalaşma gözlənilir. Bu isə il ərzində inflyasiyanın Mərkəz Bankın hədəflədiyindən 2-3 dəfə yüksək olacağını proqnozlaşdırmağa imkan verir. Bu proseslərin nəticəsində yaşayış standartları aşağı düşəcək, sosial göstəricilər pisləşəcək, əhali və hökümət arasında sosial münasibətlər gərginləşəcək. İkincisi, manatın ucuzlaşması milli valyutaya və banklara olan inamı azaltdığından iqtisadiyyatda dollarlaşma səviyyəsini yüksəldəcək, iri alış və satışların dollarla aparılmasını və nağd şəkildə ödənişini şərtləndirəcək. Bu isə gizli iqtisadiyyatın miqyaslarını genişləndirəcək və hökümətin qəbul etdiyi qərarların milli iqtisadiyyata təsirlərini zəiflədəcək".
Q.İbadoğlu onu da nəzərə çatdırıb ki, hadisədən ən çox zərər çəkən manatla depoziti olan və dollarla kredit götürənlər oldu. Bunu nəzərə almaq hələ də gec deyil.
Onu da nəzərə çatdıraq ki, siyasi düşərgədə qiymət artımına və yaranmış vəziyyətlə bağlı narahatlıq var. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. BAXCP İdarə Heyəti son günlər Azərbaycan manatının məzənnəsinin aşağı düşməsi ilə əlaqədar bəzi dairələrin vəziyyətin daha da gərginləşdirilməsi üçün əhalidə vahimə yaratmaq cəhdlərini qətiyyətlə pisləyib və qeyd edib ki, bu kimi hərəkətlər sadə insanların rifah halının yüksəldilməsinə xidmət etmir, əksinə onların vəziyyətinin ağırlaşmasına xidmət edir.
BAXCP İdarə Heyətinin qənaətinə görə, manatın ucuzlaşması nəticəsində ölkəyə idxal olunan ərzaq məhsullarının qiymətinin 30% bahalaşması aztəminatlı ailələrin yaşayış səviyyəsinə ciddi mənfi təsir göstərir. Qeyd olunanları nəzərə alan BXCP İdarə Heyəti hesab edir ki, əhalinin aztəminatlı təbəqəsinin mənafeyinin qorunması üçün təqaüdlərin və ünvanlı sosial yardıma ehtiyacı olan şəxslərə ayrılan müavinətlərin miqdarı, eləcə də orta məktəb müəllimlərinin və hərbçilərin əmək haqları cari il martın 1-dən gec olmayaraq 35% artırılımalıdır. BAXCP İdarə Heyəti son vaxtlar kiçik və orta bizneslə məşğul olan sahibkarların fəaliyyətinə kənar müdaxilələrin ciddi şəkildə artması ilə bağlı yaranmış vəziyyətə də münasibətini açıqlayıb. İdarə Heyətinin açıqlamasında qeyd olunur ki, bu cür müdaxilələr kiçik və orta sahibkarlıqla məşğul olan şəxslərin fəaliyyətinə ciddi problemlər yaradır: "BAXCP İdarə Heyəti hesab edir ki, kiçik və orta biznes sahiblərinin fəaliyyətinə kənar müdaxilələrin qarşısı dövlət başçısı tərəfindən qətiyyətlə alınmalıdır".
BAXCP İdarə Heyəti bir daha bəyan edib ki, ölkədə aparılan siyasi və iqtisadi islahatlar sürətləndirilməli, iqtisadiyyatın liberallaşdırılması istiqamətində ciddi qərarlar qəbul edilməlidir.
Z.MƏMMƏDLİ
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27