Qiymət artımına parlamentdən reaksiya
10:18 25-02-2015
İQTİSADİYYAT
Qiymət artımına parlamentdən reaksiya
Milli Məclisdə Xocalı qurbanlarının xatirəsi anıldı
Milli Məclisin keçirilən iclasında Xocalı soyqırımı zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Milli Məclisin spikeri Oqtay Əsədov Xocalı soyqırımı ilə bağlı məlumat verib. O bildirib ki, son illər Xocalı soyqırımının tanınması istiqamətində ciddi işlər aparılır. Oqtay Əsədov deyib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan "Xocalıya ədalət" kampaniyası uğurla aparılır.
Onun sözlərinə görə, Xocalı soyqırımı dünyanın bir çox ölkələrinin parlamentləri tərəfindən tanınıb. Spikerin fikrincə, Xocalı soyqırımı cavabsız qalmayacaq və günahkarlar cəzalandırılacaq.Milli Məclisin sədr müavini Bahar Muradova ATƏT Parlament Assambleyasının Vyanada keçirilən qış sessiyası barədə danışıb.Həmin sessiyada Ermənistanın nümayəndə heyəti Azərbaycana qarşı təxribatlara əl atıb. Onun sözlərinə görə, Ermənistan nümayəndələri ATƏT PA-nın qış sessiyasında Xocalı soyqırımı barədə danışarkən Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovu ittiham ediblər: "Onlar iddia edirdi ki, Xocalı soyqırımının günahkarı guya Azərbaycan xalqıdır. Bilirsiniz, bunun səbəbi nədir? Bizim bəzi siyasətçilər nə danışdıqlarına fikir vermirlər. Ermənilər də bundan bizim özümüzə qarşı istifadə edir".Vitse-spiker deyib ki, deputatlar, siyasətçilər xüsusilə Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı açıqlamalar verməlidirlər: "Biz Ermənistanın işğalçı olduğunu, torpaqlarımızı işğal etdiyini dünyaya tanıtmalıyıq. Başqa daxili məsələləri özümüz burda da müzakirə edirik".
Ziyafət Əsgərov:
"Qorbaçov kimi
şəxsiyyətsiz, ləyaqətsiz, alçaq insanlar..."
Milli Məclisin keçirilən plenar iclasında deputat Yevda Abramov maraqlı təkliflə çıxış edib.Deputat Böyük Vətən Müharibəsində göstərdiyi şücaətə görə Bakıya qəhrəman şəhər statusunun verilməsini təklif edib.Deputatın bu təklifini yüksək qiymətləndirən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qeyd edib ki, müharibənin qalibiyyətlə başa çatmasında Bakı neftçilərinin rolu böyük olub: "Təəssüf ki, Mixail Qorbaçov kimi şəxsiyyətsiz, ləyaqətsiz, alçaq insanlar Bakıya bu adı verməkdənsə, bizə Dağlıq Qarabağ, qanlı 20 yanvar, Xocalı soyqırımı kimi böyük problemlər qoyub getdi. Bir faktı da qeyd edim ki, uzun müddət əvvəl spiker Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri Narişkinin qarşısında bu məsələni qaldırmışdı. Hər halda, bu məsələnin həlli Rusiyadan asılıdır".
"Qiymətlərlə bağlı
nazirlə danışdım"
Milli Məclisin plenar iclasında Mərkəzi Bankın manatın devalvasiyası ilə bağlı verdiyi qərara münasibət bildirilib. Millət vəkili Fərəc Quliyev bildirib ki, bu qərardan bəzi qüvvələr istifadə edirlər: "Manatın daha da dəyərdən düşməsinə çalışırlar. Ona görə də bu istiqamətdə ciddi addımlar atılmalıdır. Hökumət antiböhran proqramı işləməlidir. Bazarda qiymət artımının qarşısını almaq hələlik mümkün deyil. Amma süni qiymət artımının qarşısı bu və ya digər şəkildə alınmalıdır. Bununla bağlı İqtisadi siyasət komitəsi tərəfindən dinləmələr keçirilməsi yaxşı olardı".
Millət vəkili İqbal Ağazadə isə qeyd edib ki, "Mərkəzi Bank haqqında" qanunun 28.1 və 28.2 maddələrində qeyd olunur ki, Mərkəzi Bank dekabrın 31-də gələn ilin dekabrın 31- nə qədər əhalini manatın durumu ilə məlumatlandırmalıdır, yəni maarifləndirilməlidir:" Ötən il dekabrın 31-də Mərkəzi Bank press reliz yaydı ki, növbəti ilin 31 dekabrına qədər manatın məzənnəsi ilə bağlı ciddi dəyişiklik olmayacaq. Ancaq Mərkəzi Bankın gələn il verdiyi proqnozu cəmi 50 gündən sonra bu qərarı qəbul etdi, əhalini aldadıb. Əhaliyə ciddi ziyan vurub. Süni şəkildə qiymətləri qaldırırlar deyə, İqtisadiyyat və Sənaye Nazirliyi hansısa mağazanın, supermarketin üzərinə gedir. Bir gündə manatı 34 faiz ucuzlaşdıran Mərkəzi Bank kimin üzərinə gedə bilər ki? Necə ola bilər ki, vətəndaşın bu şəkildə cibinə girilə bilər Bu gün ölkə əhalisini narahat edən ən ciddi problemlərdən biri budur. Banklardan qoyduğu 7 milyard pulun 3 milyardına ziyan vurulub. Bunun kompenasasiyası ödənilimir, maaşlar indeksasiya olunmur. İdxal məhsullarının böyük əksəriyyəti xaricdən gəlir. Bahalaşamağa görə 34 faiz ziyana düşmüş vətəndaşa kompensasiya ödənilməlidir".
Spiker Oqtay Əsədov millət vəkilərinin fikirlərini əsassız adlandırıb: " Əhalinin banklardakı 7 milyard vəsaitinə ziyan dəyməsi ilə bağlı deyilənlər tamamilə yalandır. Elə son bir iki ay ərzində banklar tərəfindən vətəndaşların həmin pulları dəyişdirilib. Mərkəzi Bank manatın devalvasiyasının qarşısının alınması üçün addımlar atıb, bundan sonra da atacaq. Həm də ki dünyada çoxlu proseslər gedir. Bilmək olmur ki sabah nə olacaq. Həmçinin nəzərə alaq ki, Azərbaycan müharibə vəziyyətindədir. Ona görə də bu məsələdə xüsusi ajiotaj yaratmağa ehtiyac yoxdur. Amma o düzdür ki, bəzi mağaza supermarket sahibləri süni qiymət artımı yaratmağa çalışırlar. Hesab edirəm ki, bu yol verilməzdir. Çünki ölkədə satılan məhsulların 70 faizi öz daxilimizdə istehsal olunur. Həm də mağazalarda satılan mallar manatın devalyasiyasından öncə alınıb, indi niyə qiymətləri qaldırırlar?"
YAP-dan olan millət vəkili Siyavuş Novruzov da spikerin müdafiəsi mövqeyindən çıxış edib. Deputat həmkarını populizmlə məşğul olmaqda ittiham edib:"Bu məsələdə populizmə ehtyac yoxdur. Hökumət özü də mart ayının hesabatında bu məsələyə bir daha aydınlıq gətirəcək".
"Bəzi adamlar ağıllarına gələni danışır"
"Bəzi adamlar iqtisadi prosesləri bilmədən ağıllarına gələni danışır. Çox təəssüf edirəm".
Bunu Milli Məclisin keçirilən iclasında deputat Vahid Əhmədov deyib. Onun sözlərinə görə, manatın məzənnəsinin düşməsi gözlənilən idi: "Amma yumşaq devalvasiya olmalı idi. Devalvasiyanı da etməyin yolları var. Birdən-birə manatın bu qədər ucuzlaşması normal deyil. Tez-tez Mərkəzi Bankla əlaqə saxlayırdım və mənə deyirdilər ki, 1 dolların məzənnəsi 85-90 qəpik arasında olacaq. Mərkəzi Bank öz sözünün üstündə durmadı".
Vahid Əhmədov bildirib ki, Mərkəzi Bankın fevralın 21-də manatla bağlı verdiyi qərar əhaliyə mənfi təsir edir. Deputat deyib ki, artıq bölgələrdə və paytaxtda bahalaşma başlayıb: "Un, şəkər və digər məhsulların qiymətində artım müşahidə edilir".
O bildirib ki, Vergilər Nazirliyi və İqtisadiyyat və Sənaye Nazirliyi birgə reydlər keçirməli və süni qiymət artımının qarşısını almalıdır.
Vahid Əhmədovun fikrincə, digər bir problem də banklardan dollarla kredit götürənlərlə bağlıdır: "Bir çox iş adamı dollarla götürdükləri kreditləri ödəməkdə çətinlik çəkəcək. Hökumət bu məsələni həll etməlidir. Anti-böhran mexanizmləri hazırlanıb tətbiq edilməlidir. Manatın ucuzlaşması ilə bağlı verilən qərar birbaşa Mərkəzi Bankın səhvidir".
"Bu vəziyyət ilin
sonuna kimi davam edərsə, hökumətin
itkisi 5-6 milyard
manat olacaq"
"Dünya bazarında neftin qiymətinin sürətlə düşməsi prosesi gedir. 2015-ci il dövlət büdcəsində neftin 1 bareli 90 dollardan hesablanıb. Amma indi 60 dollar civarındadır. Bu vəziyyət ilin sonuna kimi davam edərsə, Azərbaycan hökumətinin itkisi 5-6 milyard manat olacaq". Bunu Milli Məclisin keçirilən iclasında İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib.
O, manatın dollara nisbətən məzənnəsinin aşağı düşməsinə münasibət bildirərkən söyləyib ki, manatın sabit qalması üçün Mərkəzi Bank hər il 2-2,5 milyard investisiyadan istifadə edirdi: "Ekspertlər bildirirdi ki, bu proses uzun müddət davam edə bilməz. Belə prosesin uzun müddət davam etməsi bankın rezervlərinin tükənməsinə gətirib çıxarar. Azərbaycan Mərkəzi Bankının intervensiya etdiyi valyutanın miqdarı Ermənistanın büdcəsi qədərdir. Azərbaycan iqtisadiyyatı ciddi problemlə üzləşib. Son 10 ildə ölkəmiz böyük inkişaf yolu keçib. Bu inkişafı təmin edən amillərdən biri də pul-kredit siyasəti olub. Mən istəməzdim ki, biz həmin siyasətə kölgə salaq".
O qeyd edib ki, Mərkəzi Bankının intervensiyası ölkənin iqtisadi gücünü artırıb. Ziyad Səmədzadənin fikrincə, intervensiya siyasəti sayəsində ölkədə stabil şərait yaradılıb:
"Manat dünyada ən güclü valyutalardan biridir. Manatın dollara nisbətdə yüksəlməsi bizə ixrac potensialını artırmağa imkan vermirdi. Ancaq indi ölkədə yaxın vaxtlarda kiçik-orta iri sahibkarlıq sənaye sahələri yaradılacaq. Bu müəssisələrin ixrac potensialının genişləndirilməsi üçün məzənnədə dəyişikliyə ehtiyac var idi". Komitə sədri onu da vurğulayıb ki, Azərbaycan hökuməti manatın ucuzlaşmasından sonra yaranan vəziyyətlə bağlı sosial tədbirlər görməlidir: "Qiymətlərinin bahalaşmasına qarşı ciddi mübarizə üsulları müzakirə olunmalıdır. Bu addımlar böhran əleyhinə tədbirlər deyil. Sadəcə olaraq manatın devalvasiyası nəticəsində yaranmış problemlərin həlli istiqamətində görülən işlərdir. Azərbaycan hökuməti və xalqı bu çətin vəziyyətdən də üzü ağ çıxacaq".
"Milli Teleradio Şurası
öz işinin öhdəsindən gələ bilmir"
Milli Məclisin keçirilən iclasında "Televiziya və radio yayımı haqqında" qanunda dəyişikliklər müzakirə olunub.L ayihə barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov məlumat verib. O qeyd edib ki, qanuna edilən dəyişiklikdən sonra yayımçıların məsuliyyəti artacaq.
Deputat Elmira Axundova isə deyib ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) səlahiyyətlərinin artırılması olduqca önəmlidir: "Amma diqqəti bir məsələyə yönəltmək istəyirəm. Milli, mənəvi dəyərlərin qorunması da Televiziya və Radio Şurasının üzərinə düşür. Lakin Milli Televiziya və Radio Şurası öz işinin öhdəsindən gələ bilmir. Ölkə telekanallarında şou xarakterli verilişlər çoxalıb. Az.TV, İTV-ni və ANS-i çıxmaq şərti ilə digər televiziyalarda daha çox şit, ucuz, bayağı verilişlər verilir. Cəmiyyət də bundan narazıdır".
Elmira Axundova onu da deyib ki, telekanallarda sosial reklamlar yoxdur. Deputat bildirib ki, yerli serialların çəkilməsi üçün ayrılan pullar təyinatı üzrə xərclənmir: "Milli, vətənpərvər ruhda seriallar, filmlər çəkilmir".
Onun fikrincə, ölkə kanallarında şadlıq saraylarının reklamları qadağan edilməlidir. Deputatın sözlərinə görə, MTRŞ üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməlidir.
Nizami Cəfərov MTRŞ-lə bağlı iradlarla razılaşmayıb: "Televiziyalar üçün proqram siyasəti müəyyən etmək Televiziya və Radio Şurasının səlahiyyətlərinə aid deyil. Onu demək doğru deyil ki, bu şura heç bir şey etmir. Verilişlər əslində cəmiyyətin səviyyəsindən asılıdır. Tələbat nədirsə, televiziyalar da onu göstərir".
Deputat Yaqub Mahmudov da MTRŞ-ın tənqidinə etiraz edib: "Televiziya və Radio Şurasında kifayət qədər ziyalı var və iş görülür".Layihə qəbul edilib.
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05