Etibar Pirverdiyevə şok üstünə şok!
10:19 25-02-2015
İQTİSADİYYAT
Etibar Pirverdiyevə şok üstünə şok!
"Azərenerji" rəhbərinin təftişi başlayır
"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Etibar Pirverdiyev növbəti çətin vəziyyətlə üzləşib. Belə ki, Pirverdiyevin rəhbərlik etdiyi qurumda geniş miqyaslı yoxlamaların başlanılması planlaşdırılıb.
Xatırladaq ki, iki həftə öncə "Bakıelektrikşəbəkə" ASC-nin adı dəyişdirilərək "Azərişıq" ASC adlandırılması ilə bağlı ölkə başçısı sərəncam imzalayıb. Sərəncama əsasən, "Azərişıq" ASC Azərbaycan ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirir, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.
Sənəddə qeyd olunub ki, iki ay ərzində "Azərenerji" ASC tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyəti "Azərişıq" ASC-yə ötürülməli, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və "Azərenerji" ASC-nin balansındakı əmlak və digər avadanlıqların "Azərişıq" ASC-nin balansına verilməsi üçün tədbirlər görülməlidir.
Etibar Pirverdiyev üçün bu qərar gözlənilməz olub. İndi isə səlahiyyətlərinin kəskin azaldılmasının şokundan ayrıla bilməyən "Azərenerji" prezidenti yeni problemlə üzləşib. Yaxın vaxtlarda Hesablama Palatasının Pirverdiyevin rəhbərlik etdiyi ASC-də geniş miqyaslı auditə hazırlaşdığı bildirilir. İddialara görə, bu qurumda külli miqdarda yeyinti faktları ilə bağlı hökumət daxilində kifayət qədər məlumatlıdırlar və elə bu səbəbdən "Azəreneji"nin fəaliyyətinin ciddi şəkildə təftiş edilməsinə ehtiyac duyulub.
Xatırladaq ki, təkcə 2004-2012-ci illərdə Azərbaycan dövləti üst-üstə 9 milyard 545,9 milyon dollar borclanıb, alınan xarici kreditlərdə ən böyük pay sahiblərindən biri isə məhz "Azərenerji" olub: 24,09%. Yəni nə az, nə çox düz 2,3 milyard dollar! Bunun üzərinə dövlət investisiya layihələrini gəldikdə ortada külli miqdarda məbləğ yaranır. Bununla belə, ölkənin enerji sektorunda çoxsaylı problemlər qalmaqdadır. Bölgələr bir yana, hətta Bakıətrafı kənd və qəsəbələrdə, Abşeron rayonunun əksər hissələrində, Sumqayıtda və s. payız aylarından başlayaraq fasiləsiz işıq məsələsində ciddi problemlər yaranır.
Belə iddialar mövcuddur ki, bu, yuxarıda haqqında danışılan fantastik məbləğdə vəsaitlərin əhəmiyyətli hissəsinin qeyri-şəffaf, təyinatsız xərcləmələrin "qurbanına" çevrilməsi ilə bağlıdır. Hətta belə fikirlər də səslənir ki, Etibar Pirverdiyev şəxsi biznesini gücləndirdiyi halda, enerji sektorunda köklü müsbət dəyişikliklərin baş verməməsi haqqında danışılan vəsaitlərin taleyi ilə bağlı şübhələri daha da qüvvətləndirir.
Belə şübhələr hökumət çevrələrində də kifayət qədər güclü olduğundan, ən əsası isə, "Azərenerji"nin ölkənin enerji sektorunun müasir standartlara uyğunlaşdırılması istiqamətində qarşıya qoyulan məqsədlərə çatmaması ucbatından Pirverdiyevin rəhbəri olduğu qurumun yoxlanılması qaçılmaz reallığa çevrilib. İstisna edilmir ki, həmin yoxlamalar nəticəsində ortaya çıxarılacaq korrupsiya faktları "Azərenerji" rəhbərinə baha başa gəlsin. Yəni iki həftə əvvəl olduqca önəmli səlahiyyətlərini itirən Etibar Pirverdiyevin adıçəkilən ASC-də aparılacaq təftişdən və həmin təftişin nəticəsində aşkarlanacaq ciddi maliyyə pozuntularından sonra vəzifəsini itirməsi ehtimalı kifayət qədər yüksək qiymətləndirilir.
Bundan başqa, bir çox mənbələrin verdiyi məlumatlardan belə aydın olur ki, yarım ay öncə səlahiyyətlərinin önəmli hissəsini itirən və qarşıda ciddi təftişlə üzləşməsi gözlənilən "Azərenerji" rəhbərinin biznesinin əksər hissəsinə əl qoyulacağı da ehtimal edilir. Onsuz da son vaxtlar dövlət investisiya layihələrindən böyük ölçüdə kənarda qalmağa başlamış "Azinko" şirkətinin, Sumqayıt Texnologiyalar Parkı və digər biznes qurumlarının Pirverdiyevin əlindən alınacağı tamamilə gözləniləndir.
Ümumiyyətlə isə hazırda aydın görünən reallıq ondan ibarətdir ki, artıq Etibar Pirverdiyev önəmli səlahiyyətlərindən məhrum edilib, onun vəzifəsi əvvəlki çəkisini, təsir imkanlarını itirib. Bir neçə il əvvələdək adı ölkənin əsas oliqarxları arasında çəkilən "Azərenerji" rəhbəri bu gün faktiki olaraq zəiflədilmiş durumdadır.Onun nə hökumət daxilindəki təsir imkanları, nə də şəxsi biznesinin vəziyyəti bir neçə il əvvəllə müqayisədə qətiyyən ürəkaçan deyil.
Hər halda Etibar Pirverdiyevlə bağlı sürpriz gəlişmələr bundan sonra da davam edə bilər. Odur ki, hadisələri qabaqlamayaq və proseslərin necə inkişaf edəcəyini gözləyək.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05