Bəzi oliqarxların milyonluq biznesinin təhlükəli pərdəarxası
10:20 25-02-2015
İQTİSADİYYAT
Bəzi oliqarxların milyonluq biznesinin təhlükəli pərdəarxası
Azərbaycanlılara geni dəyişdirilmiş məhsulların hücumuna hazırlıqla bağlı sensasion xəbərdarlıq!
Azərbaycanda gen mühəndisliyi üzrə cəmi 3 nəfər mütəxəssis var və onlar da Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin laboratoriyasında çalışırlar. Komitədən verilən məlumata görə, laboratoriyada işləmək üçün bu 3 mütəxəssisin yetişdirilməsinə illərlə vaxt sərf edilib.
"Onlar xaricdə oxumağa göndərilib, lazımi avadanlıqlarla işləyərək təcrübə keçiblər. Bu elə də asan iş deyil. Məhsuldan DNT ekstradisiya edilir, əkilir və sonra analiz edilir", - deyə Komitənin mətbuat xidmətindən bildiriblər.
Hazırda laboratoriyanın mütəxəssisləri istehlak bazarında mütəmadi yoxlamalar apararaq əhaliyə satılan ərzaq məhsullarının geni dəyişdirilmiş (GMO) olub-olmaması yoxlanılır. Qanuna görə, Azərbaycanda GMO məhsullarının istehsalı, istehlakı və istifadəsi qadağandır. İndiyə kimi bir dəfə iri partiya GMO qarğıdalı yağı aşkar edilib. Komitənin məlumatına görə, həm də ölkəyə gətirilən yemçilik məhsulları da mütəmadi yoxlanılır.
Amma istənilən halda 3 nəfər mütəxəssis ölkəyə daxil olan məhsul axınına tam nəzarət etmək iqtidarında deyil. Məsələ bundadır ki, çağdaş dünyada geni dəyişdirilmiş məhsulların istehsalı getdikcə kütləviləşir. ans press-in məlumatına görə, GMO istehsalına 1990-cı illərdə başlanılsa da, hazırda Azərbaycanın ticarət əlaqəsi saxladığı ölkələrin bir çoxunda geni dəyişdirilmiş məhsulların yetişdirilməsinə rəsmi icazə verilib. Hazırda dünya əkinlərinin 11%-də (175 milyon hektar sahədə) geni dəyişdirilmiş məhsullar əkilir. Geni dəyişdirilmiş məhsulların istehsalına 40-dan çox ölkə icazə verib.
Onların içində ABŞ, Braziliya, Argentina, Kanada, Hindistan və Çin liderlik edir. GMO yetişdirən kiçik fermer təsərrüfatların 90%-i inkişaf etməkdə olan ölkələrin payına düşür. Becərilməsinə icazə vermiş geni dəyişdirilmiş bitkilərin sırasına soya, qarğıdalı, pambıq, raps, kartof və s. var. Bu məhsullar sırasında balqabaq, şəkər çuğunduru, düyü, pomidor, buğda, araxis, gül kələmi, bibər və s. də daxildir.
Dünyada GMO istehsalının belə genişlənməsi onların becərilməsinin daha ucuz başa gəlməsi ilə bağlıdır. Çünki bu sortlar adətən viruslara, soyuğa və quraqlığa davamlı olurlar. Buna görə də, kultivasiyaya, gübrələrə və zəhərli kimyəvi maddələrə daha az xərc çəkilir. Bəzi ekspertlər hətta geni dəyişdirilmiş məhsulların tərkibində daha az kimyəvi qatışıq, toksik maddələr olmasını nəzərə alaraq onları daha təhlükəsiz sayırlar. Yəqin elə bu səbəbdəndir ki, Azərbaycanın yaxın qonşuları və ticarət tərəfdaşları olan Gürcüstanda, Rusiyada və Qazaxıstanda GMO məhsulların istehsalı üçün laboratoriyalar açılır. Belarus artıq gen mühəndisliyi üzrə böyük mərkəzə çevrilib. Yaxın illərdə bu ölkələrdə kartof və buğda istehsalında GMO məhsulların dominant olacağı güman edilir. Bu ölkələr Azərbaycanın əsas ticarət ortağıdır və yaxın illərdə Qazaxıstandan alacağımız buğdanın geni dəyişdirilmiş ola biləcəyi istisna edilmir.
Aqrar ekspert Vahid Məhərrəmov məhz bu səbəbdən ölkəyə gətirilən bütün məhsulların genetik araşdırmadan keçirilməsinin vacib olduğunu vurğulayır. "İndi biz kor kimiyik. Ölkədə GMO-nun nə olduğunu bilən normal mütəxəssislər yoxdur. GMO-nun tam zərərsiz olması barədə deyilənlərə də inanmaq olmaz. Gen dəyişikliyi təhlükəli məsələdir. Elə dəyişiklik ola bilər ki, insanların kütləvi xəstəliklərdən qırılmasına səbəb ola bilər. GMO-nun zərərli və zərərsiz olmasını müəyyən edən mütəxəssislər olmalıdır. Bu sahədə çox pis vəziyyətdəyik. Bizdə, ümumiyyətlə, bu sahəni bilən mütəxəssis yoxdur. GMO-dan danışanların əksəriyəti sarı mətbuat səviyyəsində danışan hay-küyçülərdir", - deyə Vahid Məhərrəmov bildirib.
İqtisadçı ekspert bu məsələdə haqlıdır. Müasir dünyada gen mühəndisliyi ixtisası əksər universitetlərin trendidir. Qonşu Rusiya da son bir-iki ildə bu sahədə müşahidə edilən geriliyi aradan qaldırmağa çalışır. Yəni Azərbaycanın da çağdaş dünyanın bu trendindən geri qalması yolverilməzdir. Ən azından ölkəyə gətirilən düyünün, şəkərin və buğdanın GMO olmadığını öyrənmək üçün bu addım atılmalıdır.
Ekspert geni dəyişdirilmiş bəzi məhsulların Azərbaycanın iqtisadi dirçəlməsinə səbəb ola biləcəyini bildirir: "Götürək pambığı. Geni dəyişdirilmiş pambıq hektardan 7 tona qədər məhsul götürməyə imkan verir. Bu, Azərbaycanın əkilməyən 400 min hektara yaxın ərazisinə can verər. Hazırda ölkədə pambığın məhsuldarlığı hektar üzrə 2 tondan artıq deyil. GMO pambıq fermer ailəsinin gəlirini 3-4 dəfə artıraraq hektar üzrə 1500 dollara qədər artıra bilər. Elə kənd ailəsi var ki, 10 hektara qədər torpağı əkilmir. Belə ailələr ildə sahədən 10-15 min dollara yaxın pul götürə bilər. Artıq Amerikada əkilən pambığın 50 faizindən çoxu GMO-dur. Yəni kor-koranə GMO istehsalını qadağan etmək doğru olmaz. Ölkəyə ən sərfəli variantlara üstünlük vermək lazımdır".
"Unikal" olaraq qeyd edək ki, KİV geni dəyişdirilmiş məhsulların böyük hissəsinin ölkəmizə ayrı-ayrı oliqarxların nəzarəti altında gətirildiyi barədə mütəmadi olaraq yazır. Məhz bu səbəbdən də hökumət GMO-lara qarşı müəyyən sərt addımlar atmağa çalışsa da, bu, əksər hallarda praktikada reallaşmır. Səbəb də məhz bəzi iri məmurların əllərindəki təsir rıçaqlarından istifadə edərək milyonlarla manat gəlir əldə etdikləri bu cür məhsulların Azərbaycana gətirilməsinə və onların satışına qarşı qanuni əngəllərə saymazyanalıq nümayiş etdirməsi ilə bağlıdır.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05