Cahangir Əsgərov bahalaşma qərarına görə hədəfdə
12:00 26-02-2015
İQTİSADİYYAT
Cahangir Əsgərov bahalaşma qərarına görə hədəfdə
AZAL-ın daxili reyslərdəki qiymət artımı tənqid edilir
Məlum olduğu kimi, "Azərbaycan Hava Yolları" ("AZAL") QSC manatın ucuzlaşmasından sonra təyyarə biletlərinin qiymətini bahalaşdırıb. Cahangir Əsgərovun rəhbərlik etdiyi qurum bu qərarına maraqlı izah verib.
Belə ki, qurumun mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bütün istiqamətlərdə aviabiletlərin bahalaşdığını təsdiqləyərək deyib: "Biletlərin bahalaşması manatın devalvasiyası ilə bağlı deyil. Avronun kursu qalxdığına görə, qiymətlərdə bahalaşma olub. Artıq uzun müddətdir ki, biz İKA-nın tələbi ilə biletləri avro ilə satırıq. Avronun kursu qalxdığına görə, AZAL da biletlərin qiymətini bahalaşdırıb".
Qeyd edək ki, dollar və avronun manata nisbətdə bahalaşmasından sonra təyyarə biletlərinin qiyməti 30 faiz civarında qalxıb. Amma bu məzənnə dəyişikliyinin ölkədə qiymət artımı ilə müşaiyət olunmayacağına dair rəsmilər arxayınlaşdırıcı açıqlamalar verirdilər.
Belə açıqlamalar fonunda AZAL-ın qiymət artımına getməsi maraq doğurur. Müstəqil ekspertlər Cahangir Əsgərovun rəhbəri olduğu qurumun dolların bahalaşmasından dərhal sonra uçuşların qiymətini qaldırmasını müsbət qarşılamır və adıçəkilən QSC-nin tələskən davrandığını düşünürlər.
Qeyd edək ki, AZAL-a qarşı əsas tənqidlərdən biri ölkədaxili uçuş reyslərinin də bahalaşdırılmasıdır. Ekspertlərin mətbuata açıqlamaları belə deməyə əsas verir ki, Cahangir Əsgərov ən azı belə bir qiymət artımına getməyə bilərdi. Məsələn, tanınmış iqtisadçı Qubad İbadoğlu bildirib ki, beynəlxalq aviasiyada qiymət siyasəti həmin ölkənin yerli valyutasına ekvivalent olaraq, avro ilə hesablanır və bu metod yalnız AZAL-a məxsus deyil: "Digər beynəlxalq şirkətlər də eyni qaydada öz biletlərinin qiymətini avronun yerli valyutaya olan ekvivalenti ilə hesablayırlar. Bu baxımdan, hazırki məzənnə dəyişiklikləri qiymətlərə birbaşa təsir edir. AZAL-ın qiymətləri dəyişməmək kimi bir alternativi yox idi. Çünki aviaşirkətlərin həyata keçirdiyi bütün beynəlxalq ödənişlər avro ilə reallaşdırılır. Xarici ölkələrin aeroportlarına edilən ödənişlər, orada yanacaq alışı və sair avro ilə həyata keçirilir".
Ekspert onu da vurğulayıb ki, AZAL ölkədaxili uçuşları yerli valyuta ilə həyata keçirə bilər: "Daxili uçuşlarda bütün ödənişlər yerli valyuta ilə həyata keçirilir. Bu baxımdan, AZAL daxili uçuşların qiymətini dəyişməyə də bilər. Düzdür, orada ümumi tarif siyasətindən irəli gələrək, qiymətləri dəyişirlər. Ancaq daxili uçuşlar yerli valyuta ilə hesablana və əvvəlki qiymətində saxlana bilər".
Adının çəkilməsini istəməyən ekspertin "Unikal"a bildirdiyinə görə, AZAL-ın bahalaşmaya meylliliyi təəssüf doğurur: "Ölkənin nəqliyyat sistemində qiymət artımına ən meylli qurum məhz AZAL-dır. Bu QSC-nin uçuş reyslərində qiymət artımına getməsinə rastlanır. Bunun səbəbləri heç də həmişə obyektiv olmur və şübhəsiz ki, maraq doğurur. İndiki situasiyada heç olmasa, daxili reyslərdə qiymət artımına getməmək olardı. Onsuz da valyuta bazarındakı dəyişikliklər vətəndaşları çətin vəziyyətdə qoyub. Buna baxmayaraq, bir çox qurumların, o cümlədən AZAL-ın dərhal bahalaşdırmaya start verməsi xoşagələn deyil. Hökumət nümayəndələri də bildirirlər ki, manatın ucuzlaşması ölkədə qiymət artımına gətirib çıxarmayacaq. Elə isə AZAL-ın hətta ölkədaxili uçuş reyslərini də bahalaşdırması anlaşılan deyil".
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53