Biz deyən oldu. Avropalılarla türkmənlər Bakıya minnətçi düşdülər
10:35 27-02-2015
İQTİSADİYYAT
Biz deyən oldu. Avropalılarla türkmənlər Bakıya minnətçi düşdülər
Bakının aylar əvvəl dediyi, amma Avropa Birliyi ilə yanaşı, Aşqabad və Ankaranın etiraf etmək istəmədikləri olay yaşanır. Türkmənistanın təbii qazının "Cənub Qaz Dəhlizi" (CQD) vasitəsilə Avropa Birliyinə nəql olunması ilə bağlı Ankara və Aşqabad arasındakı kuluar müzakirələrin ilkin mərhələsi başa çatıb.
Türkmənistan rəhbərliyi hələlik gözləmə mövqeyi tutaraq, Türkiyənin "səfir və nümayəndə" qismində danışıqlar aparmasına razılıq verib.
Türkiyənin Xarici İşlər Nazirliyinin rəhbəri Mövlut Çavuşoğlunun Azhərbaycana səfəri, Bakıda apardığı danışıqlar da məhz türkmən qazının CQD vasitəsilə Avropaya çıxarılması ilə bağlıdır.
İkigünlük səfər əsnasında "ikitərəfli münasibətlər və regiondakı proseslər, habelə Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar yolu ilə nizamlanması problemi"nin müzakirə ediləcəyi vurğulansa da, əsas məsələ, gündəmdəki məqam məhz təbii qazdır.
Aşqabad illərdən bəri tutduğu inadkar və tərs, hətta irrasional mövqeyindən əl çəkərək Bakı ilə münasibətləri tam normallaşdırmaq niyyətindədir. Türkmənistan buna məcburdur, çünki dünya bazarında enerjidaşıyıcılarının qiymətinin kəskin ucuzlaşması Aşqabadın "mavi yanacaq" satışlarından əldə etdiyi gəlirləri kəskin şəkildə azaldıb. Türkmənlərin dövlət büdcəsinin gəlir hissəsinin təqribən 87,4 faizini məhz təbii qaz satışlarından əldə olunan vəsait təşkil etdiyindən Aşqabad satışları artırmaq, bu minvalla da ölkədə yaşanan iqtisadi çətinlikləri aradan qaldırmaq niyyətindədir.
Neft və qazın qlobal miqyasda ucuzlaşmağa başlamasından sonra Türkmənistanda milli valyuta manatın zahiri stabilliyini qorumağa çalışan ölkə rəhbərliyi valyuta ehtiyatlarını manatın ABŞ dollarına olan kursunun qismən dayanıqlı olmasının təminatına xərcləməyə başlayıb.
Belə proses uzun müddət davam edə bilməz və Türkmənistan qızıl-valyuta ehtiyatlarının əhəmiyyətli qismini türkmən manatının kursunun çökməsinin qarşısını almağa yönəldərsə, ölkədə hiperinflyasiya, çox sürətli bahalaşma ilə yanaşı, iqtisadiyyatda kollaps başlana bilər.
Çünki Orta Asiya ölkələri arasında sənaye istehsalı, ümumdaxili məhsul və texnoloji potensial baxımından yalnız Tacikistanı qabaqlayan Türkmənistan texnogen imkanlar baxımından hətta iki dövlət çevrilişi yaşayaraq iqtisadiyyatını 40 il əvvəlki səviyyəyə gerilətmiş, sənaye istehsalı rüşeym halındakı Qırğızıstanla müqayisədə belə, güclü təsir bağışlamır.
Türkmənistanda sosial təminat sahəsində "əhaliyə ucuz qaz, kommunal xidmətləri və gündəlik tələbat malları" şüarı ilə populist siyasət yürüdüldüyündən Aşqabad heç bir halda manatın kursunun bundan sonra da geriləməsinə duruş gətirə bilməz.
Bu, məsələnin iqtisadi və maliyyə yönləridir.
Siyasi nüanslar da ağırdır. Rusiya ötən ilin ortalarında postsovet məkanında təsir imkanlarını artırmaq, Cənubi Qafqazla yanaşı, Orta Asiyanın da geosiyasi təşviqlər orbitindən çıxmasına imkan verməmək məqsədilə əvvəlcə Gömrük İttifaqı, sonra da Avrasiya İqtisadi Birliyi idefikslərini ortaya atmışdı. Həmin proyektlərə hələlik Qazaxıstan, Belarus və Ermənistan qoşulsa da, Moskva Türkmənistan rəhbərliyinə çox "incə dəvət"lər yollayıb.
Mərhum prezident Saparmurat Türkmənbaşının hakimiyyəti illərində "tam neytrallıq" doktrinasını bəyan edən Türkmənistan təbii qazın bahalı olduğu və ölkə büdcəsinə pulların sel kimi axmasına rəvac verdiyi dönəmlərdən fərqli olaraq indi "dəvət"lərə birmənalı rədd cavabı verə bilmir.
Aşqabadın diplomatik ötkəmliyi də ötən illərlə müqayisədə zəifləyib.
Sadaladığımız səbəblərdən Türkmənistan rəhbərliyi həm iqtisadi problemlərini qismən də olsa, həll etmək, həm də gəlirləri artırmaqla yanaşı, Avropa Birliyi ilə daha intensiv əlaqələr qurmaq vasitəsilə Rusiyanın pressinqinə müqavimət göstərmək məqsədilə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən CQD-yə qatılmaq qərarına gəlib.
Əldə etdiyimiz məlumatlara görə, Türkmənistan "mavi yanacağı"nı "Cənub Qaz Dəhlizi" və TANAP vasitəsilə Avropa Birliyinə çıxarmaqda qərarlıdır.
Azərbaycan, Türkiyə və Türkmənistanın XİN başçılarının Aşqabadda keçirilmiş üçtərəfli görüşündə müzakirə edilmiş əsas məsələlərdən biri də məhz bu idi.
CQD-nin strateji layihə olduğunu nəhayət ki, Avropa Birliyinə anlada bilmiş rəsmi Bakı tərəfdaşı Ankara ilə birlikdə boru kəmərinin inşasını 2018-2019-cu illərdə başa vurmaq niyyətindədir.
CQD layihəsi Avropaya təbii qaz təminatı marşrutları və ən mühüm - mənbələrinin sayını artıraraq "mavi yanacaq" alışları müstəvisində Rusiyadan asılılığı azaltmağa, Azərbaycana isə avropalıların qismində yeni satış bazarı əldə etməyə imkan verəcək.
Azərbaycanın Xəzərdəki "Şahdəniz" qaz-kondensat yatağının istismar layihəsinin ikinci mərhələsi barədə 2013-cü ilin dekabrın 17-də rəsmi açıqlama verəndə, xatırladım ki, Türkmənistan rəhbərliyi susmağa, laqeyd müşahidəçi mövqeyi tutmağa üstünlük vermişdi. Halbuki hələ o zaman rəsmi Bakı bildirirdi ki, "Şahdəniz" yatağında hasil edilən təbii qazın ümumi həcmindən hər il 10 milyard kubmetri Avropa Birliyinə satmaq niyyətindədir.
Daha sonra "Transanadolu Qaz Boru Kəməri" (TANAP) və "Transadriatika Qaz Boru Kəməri" (TAP) layihələri hazırlandı, müvafiq sənədlər imzalandı - Türkmənistan yenə kənarda qaldı.
İndisə Aşqabad uduzmamaq üçün "son an qərarı"nı verib.
Avropa Birliyi əvvəlki səhvlərini təkrarlamamaq üçün fəaliyyətini intensivləşdirib.
Avropa Türkmənistan qazının Azərbaycan ərazisi ilə tədarükü üçün texniki və hüquqi baza tapmaq niyyətindədir.
Trend-in "Financial Times"a istinadən verdiyi məlumata görə, bunu Avropa Komissiyasının enerji birliyi üzrə sədr müavini Maroş Şefçoviç deyib.
Onun sözlərinə görə, Türkmənistanda qaz tədarüklərinin reallaşdırılmasında problem Rusiyanın mövqeyidir: "Rusiya təkid edir ki, Xəzər regionu sahillərindən qaz tədarükü yalnız qonşu ölkələrin razılığı ilə həyata keçirilə bilər. Bu, o cümlədən Transxəzər qaz kəmərinin çəkilməsi perspektivinə də aiddir".
M.Şefçoviç qeyd edib ki, Aİ Transadriatik qaz kəmərini dəstəkləmək üçün bütün siyasi səyləri göstərəcək ki, onun üzərində iş 2019-cu ilin sonuna başa çatsın. Brüssel artıq boru kəmərini "ümumi marağa xidmət edən layihə" kimi qiymətləndirib ki, bu da Aİ-də rəqabət üzrə məhdudiyyətlərdən yan keçməyə imkan verir.
O qeyd edib ki, sərmayədarlar üçün bu layihənin Aİ-nin əsas prioritet layihəsi olacağına və Brüsselin istənilən siyasi dəstək təklif etməyə hazır olduğuna dair siyasi əminlik çox vacibdir: "Bu, Aİ-nin daxilində də ediləcək. Bu, məsələn, TAP qaz kəmərinin İtaliyaya çıxış yeri ilə də bağlıdır".
Avropa komissarının dediyi kimi, Aİ Avropanın siyasi dəstəyinin olmaması səbəbindən baş tutmayan "Nabucco" layihəsindən dərslər çıxarıb.
Fəqət, Avropa Birliyinin sadəcə, niyyəti və məramı layihənin reallaşdırılması üçün yetərli deyil.
Səbəblər çoxdur.
Əvvəla, Avropa Birliyi hər il Rusiyadan qaz asılılığından qurtulmağın yollarını müzakirə edir, amma sonucda heç bir nəticə hasil olmur. Dünyanın ən böyük iqtisadiyyatının 21-ci əsrdə belə müzakirələr aparması ən azı gülünc təsir bağışlayır.
Eyni zamanda, şist qazının hasilatı ilə bağlı layihələrin puç olması və bu istiqamətdəki perspektivlərin dumanlı təsir bağışlaması Avropa Birliyinin Rusiyadan asılılığını daha da artırıb.
M.Şefçoviçin acı etirafı diqqətəlayiqdir: "Avropa Birliyi ölkələrinin şist qazı yataqlarının istismarı vasitələ enerjidaşıyıcıları ilə təminatı sahəsində ABŞ və Kanadanın vədlərinin sadəcə, quru sözlər olduğunu anlamağa başlayırıq. Dünya bazarlarında xam neftin qiymətinin ucuzlaşması şist nefti ilə şist qazı yataqlarında hasilatı maya dəyəri və təhlükəsizlik məsələləri baxımından sərfəsiz edib".
Dünya bazarlarındakı laübəli durumu, habelə böyük neft-qaz şirkətlərinin gəlirlərinin azaldığı bir zamanda Avropa Birliyinin təbii qaz təminatı mənbələrinin sayını artırmaq istəyini reallaşdırmaq üçün on milyardlarla dolların xərclənəcəyini düşünmək sadəlövhlük olardı.
Üstəlik, Türkmənistandakı hakimiyyəti "diktatura" adlandıran Avropa Birliyi sırf siyasi baxımdan Aşqabadla tərəfdaş olmağa, birgə layihəyə milyardlarla avro ayırmağa əsla razılıq verməzdi.
Bir şərtlə ki, ortada Azərbaycanın qərarı və mövqeyi olmasaydı. Rəsmi Bakı TANAP və CQD layihələrinin reallaşdırılmasına böyük məbləğdə vəsait ayıracağını vəd edəndən sonra Avropa Birliyi sakitləşib və "təhlükəsizlik təminatı" aldığını yəqin edib. Ən azı, ona görə ki, Bakı ilə tərəfdaşlıq Aşqabadla əməkdaşlıq deyil.
Ən nəhayət, Avropa Birliyi onu da bilir ki, Türkmənistan rəhbərliyi ölkə ərazisində olmayan boru kəmərlərinin inşasına pul ayırmaq niyyətində deyil.
Belə durumda Bakının mövqeləri daha da güclənir və yaşananlar bizə perspektivdə maliyyə preferensiyaları ilə yanaşı, çox ciddi siyasi dividendlər vəd edir.
Elçin Alıoğlu
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05