Ermənistanın ərköyünlüyünün yeni məqamları
Ermənistanın ərköyünlüyünün yeni məqamları

Bu ölkə nədən dünya birliyini ələ salır?

Ermənistan Dağlıq Qarabağ danışıqlarında daha sərt mövqe nümayiş etdirməytə başladı. Dünənə qədər bu ölkə Dağlıq Qarabağ danışıqlarında imitasiyanı diqqəti cəlb etmədən həyata keçirirdisə, indi açıq şəkildə ortada olan bütün real təklifləri rədd etməklə sözün açıq mənasında bölgəyə meydan oxuyur. Gəlin hadisələrə ardıcıllıqla baxaq. Hələ bir neçə ay öncə Fransa prezidenti Fransua Olland Azərbaycan və Ermənistan prezidentləri ilə görüş keçirərək yeni təkliflərlə çıxış etdi.

İlk təklif və uğursuzluq

Təklifə əsasən hərbi gərginliyi azaltmaq, Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə itkin düşənlərin siyahısını hazırlamaq və Böyük Sülh sazişinin hazırlanmasına başlamaq nəzərdə tutulmuşdu. F.Ollandın təklifləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin bünövrəsini qoya bilərdi. İlk məqamda Ermənistan Azərbaycan kimi mövqe sərgilədi və şərtləri qəbul etdi. Amma bu görüşdən tam bir ay sonra Ermənistan tərəfi açıq şəkildə şərtlərin icrasından imtina etdi. Bununla bağlı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovda açıqlama verərək qeyd etdi ki, Ermənistan bir dəfəlik işçi qrupunun yaradılmasından imtina edib. Bu isə o deməkdir ki, Fransa danışıqları arxivə çevrildi.Bun unla həm də Ermənistan açıq şəkildə Avropaya mesaj verdi ki, Ermənistan heç də ərköyünlüyündən imtina etmək niyyətində deyil və başqa tərəfdən Ermənistanın açarı öz əlində deyil. Ekspertlər isə hesab edir ki, artıq son iki ildə Ermənistan Dağlıq Qarabağ probleminin həlli zamanı Avropa ilə Rusiya arasında oyun oynayır. Məsələn, ABŞ-in dəstəyi ilə hansısa layihənin reallaşmasına start verilir və Ermənistan anındaca geri çəkilir və iddia səslənir ki, Rusiya buna imkan vermədi. Elə Fransa prezidenti ilə görüş və görüşdən sonra ortaya qoyulmuş şərtlərdən Ermənistanın imtina etməsidə Rusiya ilə əlaqələndirildi. Amma başqa tərəfdən baxanda aydın olur ki, Ermənistan Rusiyanında addımlarına eyni reaksiyanı verir və bu dəfə Avropanın adından istifadə olunur. Bunu elə ikinci maraqlı bir təklif ortaya çıxan zaman gördük.

İkinci təklif və
nəticəsizlik

Rusiya prezidenti Vladimir Putin hakimiyyətə gələndən sonra görəcəyi işləri elan edən zaman bunların sırasında Dağlıq Qarabağ məsələsidə əsas yerlərdə durmuşdu. Buna görə Rusiya rəsmiləri mütəmadi şəkildə regiona səfərlər etdilər və belə rəy yarandı ki, artıq Dağlıq Qarabağ probleminin həlli an məsələsidir. Hətta belə fikirdə səsləndirildi ki, öncəliklə Dağlıq Qarabağ ətrafında 7 rayon ermənilər tərəfindən azad ediləcək və bundan sonra Dağlıq Qarabağın özünün statusu müzakirə mövzusuna çevriləcək. Nəhayət Rusiyanın apardığı danışıqlar pik həddə çatdı və ötən ilin avqustunda Soçidə Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin mənşəyini və tarixini nəzərə alaraq Dağlıq Qarabağ tənzimlənməsində Rusiyanın xüsusi statusa malik olmasını təklif etdi. Azərbaycan prezidentı bu təklifi qəbul etdi. Çünki Rusiya prezidentinin bu təklifi Dağlıq Qarabağ münaqişəsini tənzimləyə bilərdi. Amma təpədən-dırnağa qədər Rusiyanın təsir dairəsində olan Ermənistan gözlənilmədən Rusiyaya dirsək göstərdi. Beləliklə bu təklifdə qüvvəsini itirdi. Məhz bundan sonra Rusiyanın Ermənistana münasibətində bir aqressiya yarandı. Hər zaman Ermənistanın təhlükəsizliyini qoruyacaqlarını bəyan edən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının rəhbərliyi 180 dərəcə fərqli açıqlama ilə çıxış etdilər. Məlum oldu ki, sabah Dağlıq Qarabağ savaşı başlayarsa Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı konfliktə müdaxilə etməyəcək. Bu isə faktiki Ermənistanın məğlubiyyəti deməkdir. Digər tərəfdən siə Gömürük İttifaqı yaranan zaman Ermənistan sözün həqiqi mənasında aşağılanmış duruma salındı və bu Rusiyanın bir başa iştirakı ilə baş verdi.

Avropaya
qısamüddətli meyl

Hadisələrin bu şəkildə inkişafını görən Ermənistan yenidən erməni lobbisinin imkanlarından yararlanaraq Avropa ilə münasibətləri dərinləşdirməyə çalışdılar və belə rəy yaradıldı ki, Ermənistanın demokratik inkişafını əngəlləyən bir qüvvə varsa buda Rusiyadır. Elə Gömrü olaylarından maksimum dərəcədə yararlanma da bununla bağlı idi. Bununla myanaşı Ermənistan Rusiya-Avropa, Türkiyə-Avropa arasında yaranmış gərginlikdən də istifadə etməyə cəhd etməyə başladı.Unutmaq lazım deyil ki, Ukrayna olaylarına görə Avropa Rusiyaya embarqo tətbiq etdiyi kimi, Rusiya da Avropanı enerji ilə təhdid etməyə başaldı və Rusiya sonunda Avropanı yeni ideyası ilə zor ahala saldı. Belə ki, Rusiya Türkiyə ilə diplomatik münasibətləri dərinləşdirdi,yeni qaz xətti ilə bağlı danışıqlara start verildi və sonunda ayydın oldu ki, Rusiya-Türkiyə-Avropa kəməri reallaşmağın astanasındadır. Bu Avropa üçün gözlənilməz olduğu kimi, Ermənistan üçündə öldürücü məqam idi. Çünki Rusiyanın Türkiyə ilə mütəfiqə çevrilməsi Ermənistanın faktiki çökməsi deməkdir. Bütün bunları görən Ermənistan bir an belə gözlənilmədən Avropa ilə münasibətlərə yenidən baxmağa çalışdı və Ruysiya ilə süni gərginlik yaradıldı. Amma Ermənistanın bu manevri yenə fakt qarşısında çıxılmaz duruma düşdü.

Yeni təklif və
yenə tərslik

Proseslərin bu şəkildə inkişafı zamanı başqa maraqlı detal ortaya çıxdı. Belə ki, ABŞ dövlət katibinin müavini Bakıya və Yerevana səfər etdi və yeni təkliflər paketi ortaya çıxdı. "Biz təmas xəttində zorakılıqdan çox narahatıq. Mən bu barədə səfərim zamanı danışmışam. İstəyirik ki, hər şey sakit olsun, bilavasitə danışıqlar aparılsın.ATƏT-in Minsk qrupunun həmsədrləri də bu barədə danışıblar. Mən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarqsyanla heç kimə fayda gətirməyən qan tökülməsinin dayandırılması haqqında danışdım".Bunu ABŞ Dövlət katibinin Avropa və Asiya məsələləri üzrə müavini Viktoriya Nuland bildirib.Hər iki paytaxtda bu səfər çərçivəsində irəliləyiş qeydə alınıb, deyə, o, davam edib."Və biz ümid edirik ki, yaxın günlərdə, yaxın aylarda bütün hərbçilər, onların valideynlərinin xeyrinə, regionda sülh və sabitlik naminə sülh olacaq", - deyə, Viktoriya Nuland bildirib.Nuland həmçinin azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılmasından da danışıb və Ermənistanın səlahiyyətli orqanlarını müvafiq humanitar jest göstərməyə çağırıb. Bundan dərhal sonra ATƏT-in Minsk qrupunun həmsədrləri də belə bir bəyanatla çıxış etdilər və azərbaycanlı girovların azadlığa buraxılması tələb edildi. Ekspertlər hesab edirdi ki, Ermçənistan ən azından girovlarla bağlı məsələdə insani reaksiya verərək onları azadlığa buraxacaqdı. Amma bu günlərdə Ermənistanın xarici işlər nazirinin açıqlaması bütün proqnozları alt-üst etdi. O parlamentdə çıxış edərək bildirdi ki, Ermənistan öz mövqeyindən geri çəkilmək niyyətində deyil və girovlara gəldikdə onların azadlığa buraxılması ümumiyyətlə müzakirə mövzusu ola bilməz. Bununla Ermənistan ABŞ-in təkliflərinidə nəzərə almadı və belə bir rəy yarandı ki, Ermənistan dünya ilə hesablaşmaq niyyətində deyil. Bəs əslində nə baş verir?

Ukrayna
olaylarından istifadə

Bu gün Ermənistanın bütün təkliflərə "yox" deməsi və annormal siyasət yürütməsinin kökündə dayanan əsas məsələlərdən biri Ukraynada baş verən proseslərdir. Ermənistanda yaxşı bilir ki, bu gün dünyanın baxışları Ukraynaya zillənib və belə bir məqamda Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzusuna çevrilə bilinməz. Çünki bu gün Avropa və Rusiya Ukraynada üz-üzə durubsa, Dağlıq Qarabağda bu qüvvələ əl-ələ verib Ermənistana təzyiq edəsi deyillər. Digər tərəfdən Ermənistan tərəfi hesab edir ki, indiki məqamda heç bir qüvvə istəməz ki, possovet məkanında Ukrayna müharibəsi kimi və ya ondan daha dəhşətli bir savaş olsun. Məhz buna görə danışıqlar prosesini pozmağa,gərginliyi artırmağa çalışır. Başqa ciddi bir məsələ isə budur ki, indiyə qədər heç bir beynəlxalq təşkilat Ermənistana qarşı nə bir sanksiya tətbiq edib, nə də hansısa şərt tələb kimi səsləndirilməyib. Bu isə o deməkdir ki, ya beynəlxalq təşkilatlar problemin həllində dişsizdirlər, ya da problemin həllinə o qədər həvəs göstərmirlər. Belə olan halda ümid Azərbaycanın özünə qalır. Azərbaycan isə göründüyü kimi get-gedə bəyanatları sərtləşdirir və bununla dünyaya bir daha mesaj verir ki, mövcuds durumla razılaşmaq niyyətində deyil. Azərbaycan XİN-in son bəyanatıda məhz bu notlarla tamamlanır:" Ermənistan işğal edilmiş Azərbaycan ərazilərini ilhaq etməyə müyəssər ola bilməz. Davamlı və uzunmüddətli nizamlanmaya nail olunmasının yeganə yolu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları üçün ayrılmaz hüquqlarının təmin edilməsi və bir-birinin suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin qurulmasıdır.
Azərbaycan Respublikası bir daha Ermənistan tərəfini əbəs yerə vaxt itirmək və öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq əvəzinətəcavüz və etnik təmizləmə siyasətinə son qoymağa və münaqişənin nizamlanması prosesinə konstruktiv şəkildə iştirak etməyə vəbeynəlxalq öhdəliklərinə əməl etməyə çağırır".Beləliklə hesab etmək olar ki, dünya birliyi Ermənistanın ərköyünlüyünə göz yummaqda davam etsədə, Azərbaycan Olimpiada yarışlarından sonra bu ərköyünlüyə son qoyacaq.