Qalmaqallı icra başçısına "qara xəbər"
Qalmaqallı icra başçısına "qara xəbər"

Hesablama Palatası Razim Məmmədovu təftiş etməyə qərar verdi

Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. Kollegiya iclasında bir sıra nəzarət tədbirləri üzrə proqramlar təsdiq olunub.
Palatadan verilən məlumata görə, qurum dövlət büdcəsinin dövlət xidmətləri, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair; dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Xızı rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair; Naxçıvan MR büdcəsindən Naxçıvan şəhər MR Mədəniyyət və Turizm Nazirliyinin aparatının və Nazirliyin mərkəzləşdirilmiş hesabatlığından maliyyələşən təşkilatların saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinin və büdcədənkənar vəsaitlərin icrasına dair nəzarət tədbirlərini həyata keçirəcək.
Xəbərdə diqqət çəkən məqam adı davamlı şəkildə mətbuatda müxtəlif tənqidlərin hədəfi kimi səslənən Razim Məmmədovun rəhbərlik etdiyi Xətai rayon İcra Hakimiyyətinə ayrılan dövlət vəsaitlərinin auditinə qərar verilməsidir. Hesablama Palatasının bu yoxlamasının R. Məmmədov üçün başağrısı yarada biləcəyi istisna olunmur.
Məsələ burasındadır ki, hələ ötən ilin sonlarında KİV-də Xətai rayonunun icra başçısının hədsiz varlanmasının hakimiyyət dairələrində qıcıq yaratdığına dair məlumatlar yayılmışdı. Həmin məlumatlarda qeyd olunurdu ki, özü hündürmərtəbəli bina tikintisi ilə məşğul olduğundan tikdirdiyi hər binada min kvadrat metrlərlə ölçüdə olan mənzili özü üçün saxlayır və yüzminlərlə manat xərc qoyaraq ağılasığmaz zövqlə təmir etdirir. Bizi bilgiləndirən şəxsin sözlərinə görə, hazırda yaxın adamlarının adlarına olmaq şərti ilə Razim Məmmədovun yalnız Bakının mərkəz hissəsində 75 mənzili var ki, ən ucuz mənzilin qiyməti 350 min manatdır (gunpress.az). Razim Məmmədov həmçinin Novxanı da başda olmaqla, istirahət zonalarında mərkəzlərə sahiblənib. Amma onun əsas marağı mənzillərədir. İddialara görə, icra başçısının ən sevimli mənzili keçmiş "Muğan" otelinin yerində tikilən hündürmətəbəli binadadır. Həmin binada 4 mərtəbəni alan Razim Məmmədov mərtəbələrin arasını açmaqla ağılasığmaz gözəllikdə bir saray yaradıb. Hündürmərtəbəli binadakı bu sarayında hovuz, böyük akvariumlar, bir sözlə ən böyük villalarda belə olacaq imkanları yaradıb.
KİV-in iddialarına görə, Razim Məmmədovun bu günə qədər diqqəti çox cəlb etməməsinin başlıca səbəblərindən biri də budur ki, o hansı bizneslə məşğul olursa-olsun mütləq bu işi şəriklə görür və şərikləri özündən qat-qat yüksək vəzifədə olanlardır. Buna görə də Razim Məmmədov bu məmurların kölgəsinə çəkilməklə diqqətdən yayına bilir. Amma deyəsən, icra başçısının bu fəndi artıq hamıya məlum olub və hazırda onun sərvətinin yüz milyonlarla manat olduğu söylənilir.
"Unikal" olaraq, keçən ilin axırlarında biz də yazmışdıq ki, Razim Məmmədovun son illər həddindən artıq varlanması və bunu ictimaiyyətə nümayiş etdirməsi hiddət yaradıb. Bundan əlavə, onun rəhbərlik etdiyi Xətai rayonunda narazılıqların artması və bunun kütləvi hal alması da vəziyyəti daha da kritikləşdirib. Belə ki, yaxın günlərdə onun karyerasını bitirəcək qərarın verilməsi istisna olunmur.
İstisna deyil ki, Hesablama Palatasının adıçəkilən icra başçısının fəaliyyətini təftiş etmək barədə qərar verməsi onun "vurulmasını" sürətləndirsin. Çünki həmin yoxlamalarda dövlət vəsaitlərinin xərclənməsində yol verilən nöqsanların üzə çıxarılması ehtimalı kifayət qədər yüksəkdir. Belə fikirlər səslənir ki, bir çox məmurlar məhz rəhbərlik etdikləri qurumlar üçün ayrılan büdcə vəsaitlərini təyinatsız xərcləməklə fantastik sərvət sahibinə çevrilirlər.
Razim Məmmədovun da belə məmurlardan biri ola biləcəyinə şübhə edilmir. Əks təqdirdə, onun geniş biznes imkanlarını və şəxsi mülkləri hansı qaynaqlar hesabına əldə etdiyi barədə sual meydana çıxır.
Hesablama Palatasının Xətai rayon İcra Hakimiyyətində aparacağı yoxlamalar nəticəsində ortaya ciddi maliyyə pozuntularının ortaya çıxması yuxarıda səslənən versiyanı təsdiqləyəcək. Bunun isə Razim Məmmədovun "vurulmasını" sürətləndirə biləcəyi ehtimalı yetərincə böyükdür.
Seçki ilində - qarşıdan gələn parlament seçkiləri ərəfəsində bir çox rayon icra başçılarının vəzifəsindən kənarlaşdırılacağına dair xəbərlər xeyli intensivləşib. Hesablama Palatasının gözlənilən yoxlamaları belə icra başçılarından birinin məhz Razim Məmmədov olacağına heç bir şübhə yeri qoymur.
Elvin Rüstəmov